Qumar oyunları təşkil edənlərin cəzası ağırlaşdı - Milyonluq əmlakları əllərindən alındı
5-09-2024, 16:35
Qanunsuz sahibkarlıq və qumar oyunlarının təşkilini həyata keçirən şəxslərin yüngül cəzalandırıldığı hökm ləğv edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar çıxarıb.
İttihamın mahiyyəti ondan ibarətdir ki, təqsirləndirilən şəxslər - Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov Bakı və Xırdalan şəhərlərində idman mərc oyunları kimi fəaliyyət göstərdikləri ünvanlarda qumarxana təşkil ediblər.
Oyuna qoşulmaq üçün isə vətəndaşın evdən çıxmasına ehtiyac yoxdur. Vatsap mobil tətbiqi vasitəsilə əlaqə saxlamaqla xarici mərc saytlarında oyuna qoşulmaq mümkün olub. Mühakimə edilən dəstə üzvləri bu əməlləri ilə qanunsuz sahibkarlıq və qumar oyunlarının təşkilini həyata keçiriblər. Onlar cinayətlə dövlətə 2 milyondan çox ziyan vurublar.
Cinayət işi əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, təqsirləndirilən şəxslərə qanunsuz sahibkarlıq maddəsi ilə verilmiş ittiham əsassız hesab edilib. Nüslətə şərti, digərlərinə isə 2 il 6 aydan 3 ilə kimi azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əlavə, dəymiş ziyanın əvəzi olaraq müttəhimlərə aid 1 milyon manatdan artıq qiymətləndirilən əmlaklar üzərindəki həbs qərarı ləğv edilib.
Hökmdən verilmiş protesti Apellyasiya Məhkəməsi əsaslı hesab edib. Prokuror təqsirləndirilən şəxslərə törətdikləri cinayətlərə münasibətdə yüngül cəza verildiyini hakim qarşısında bəyan edib.
Qərara əsasən, əvvəlki instansiyanın hökmü ittiham tərəfinin xeyrinə ləğv edilib. Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Sonuncu məhkəmə zalında həbs edilib. Həmçinin dövlətə dəymiş ziyanın əvəzi olaraq üzərinə həbs qoyulmuş 1 milyon 324 min manatlıq əmlaklar müsadirə edilib.