Rusların səfərbərlik qorxusu və Kreml məcburiyyət qarşısında
6-09-2024, 09:27
İtkiləri kompensasiya üçün 500 minə qədər insan lazım olacaq: səfərbərlikdən baş çarə qalmadı
Ukrayna ordusunun rus generalların vədlərinin əksinə olaraq dördüncü həftədir davam edən Kursk vilayətinə hücumu və ərazini nəzarətə götürməsi Rusiya vətəndaşlarının yeni səfərbərlik təhlükəsi ilə bağlı narahatlığını nəzərəçarpacaq dərəcədə artırıb. “Levada” Mərkəzinin məlumatına görə, avqust ayında rusların 46 faizi hakimiyyətin Ukraynada döyüşən ordunun sayını artırmaq üçün yenidən müharibəyə kütləvi çağırış elan edə biləcəyindən ehtiyat edir.
Yeni səfərbərliyi istisna etməyənlərin payı demək olar ki, belə qorxusu olmayan vətəndaşların payına bərabərdir (48%). Müqayisə üçün: hələ fevral ayında sonuncular əvvəlkindən təxminən iki dəfə çox idi - respondentlərin 34 faizi yeni səfərbərlikdən qorxurdu, 59 faizi isə bunu gözləmirdi.
“Levada”nın məlumatlarına görə, cəmiyyətdə səfərbərlik qorxusu ötən ilin sentyabrından maksimum həddə çatıb: o zaman rusların 59 faizi müharibəyə kütləvi çağırışların təkrarlanmasından qorxurdu. Müharibənin ilk günlərində, 2022-ci ilin fevralında rusların böyük əksəriyyəti – 66 faizi Kremlin nizami ordu ilə kifayətlənəcəyinə əmin idi. O zaman “Levada” tərəfindən sorğuda iştirak edənlərin yalnız 28 faizi səfərbərlik təhlükəsini ciddi qəbul edirdi.
Sosioloqlar 2024-cü ilin avqustunda gənclər arasında yeni səfərbərlik ehtimalı ilə bağlı ən yüksək qorxu səviyyəsini proqnozlaşdırıblar: 18-24 yaş qrupunda olan respondentlərin 55 faizi, 25-39 yaş arasında olanlar arasında 50 faizi səfərbərlikdən qorxurlar. Səfərbərlikdən ən az qorxanlar isə təqaüdçülərdir – 41 faiz. Eyni zamanda, onlar səfərbərliyi ən çox “lazımlı” hesab edirlər: gənclər (18-24 yaş) arasında 20 faizə qarşı 12 faiz.
Bundan əlavə, mümkün ümumi səfərbərlikdən ən çox qorxanlar ölkədə işlərin yanlış istiqamətdə getdiyinə inananlardır – 60 faiz. Vladimir Putinin Prezident kimi fəaliyyətini bəyənməyənlər 58 faizdir. “YouTube” kanallarının məlumatlarına inananlar 54 faiz, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətlərini dəstəkləməyənlər 55 faizdir. Bunu da “Levada” sosioloqlarının araşdırmaları üzə çıxarır.
Kremlə yaxın mənbələr avqust ayında “Bloomberg”ə bildiriblər ki, Qərb məlumatlarına Ukraynada itkiləri kompensasiya etmək üçün Rusiya ordusuna ayda təxminən 30 min adam lazımdır.
Səlahiyyətlilər milyonlarla rubl birdəfəlik ödənişlər təklif edən “könüllülər” və müqaviləli döyüşçülər üçün “işə götürmə maşınına” arxalanır. Hərbiyə qəbul olunanlar üçün federal mükafatın 195-dən 400 min rubla, regionalların isə orta hesabla 15 dəfə artmasına baxmayaraq, döyüşə getmək üçün insanların cəlb etmək planını yerinə yetirmək mümkün deyil: bölgələr kvotanın üçdə birini itirirlər. “Bloomberg” mənbəsi iddia edir ki, bu məlumat rəsmi dairələrdən alınıb.
Agentliyin həmsöhbətlərinin fikrincə, bu, Kremli bu ilin sonuna qədər yeni səfərbərliyə getməyə məcbur edə bilər. Mənbələr bildirir ki, bu, əvvəllər səfərbər edilmiş əsgərlərin rotasiyası kimi təqdim oluna bilər.
“Bloomberg Economics”in rusiyalı iqtisadçısı Aleksandr İsakov hesab edir ki, qarşıdan gələn il itkiləri kompensasiya etmək və rotasiyanı həyata keçirmək üçün orduya 500 minə qədər insan lazım olacaq. Ekspert hesab edir ki, indiki mexanizmlər bu qədər adamın orduya cəlb olunmasına imkan verməyəcək. Ona görə də, çox güman ki, Kreml yeni səfərbərlik qərarı verəcək.
Müəllif: Turan Abdulla
ayna.az