Bakının “qara siyahısı”ndakı adam necə baş nazir oldu? - Bunun zatı binədən qırıqdır...

6-09-2024, 17:09           
Bakının “qara siyahısı”ndakı adam necə baş nazir oldu? - Bunun zatı binədən qırıqdır...
Fransanın yeni baş naziri bəlli oldu. Bu, Mişel Barnierdir. O şəxs ki, 2021-ci ildə (44 günlük müharibədən sonra!) Qarabağda qanunsuz peyda olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə meydan oxumuşdu.

O vaxt Barnier Fransada prezidentliyə namizəd Valeri Pekreslə işğal altındakı ərazilərimizdəki erməni separatçı ünsürlərlə bir araya gəlmişdi. Bu azmış kimi, o, Pekresin anti-Azərbaycan bəyanatlarına qoşularaq, Bakıdakı fransız səfirin geri çağırılmalı olduğunu söyləmiş, ölkəmizə qarşı sanksiyaların tətbiqinə çağırış etmişdi.

Azərbaycan XİN-in “qara siyahısı”nda olmuş, beynəlxalq hüququ hərləməyən belə birisinin baş nazir kürsüsündə ölkəmizə münasibətinin yaxşıya dəyişəcəyini düşünmək əlbəttə, sadəlövhlük olardı. Əksinə, onun yüksək posta gəlişi ilə iki dövlət arasında münasibətlərin daha da qəlizləşəcəyi istisna deyil...

Erməni lobbisinin əsiri olan Emmanuel Makrondan abırlı təyinat gözlənilmirdi də. “Axsaq atın kor nalbəndi” məsəli. Şübhə yox ki, bu adam Azərbaycana destruktiv yanaşmada Makrondan geri qalmayacaq. Ola bilsin, ondan “iki çömçə” artıq da olsun. Ancaq bununla kimə nə edəcəklər ki? Sirkə nə qədər tünd olsa, öz qabını sındırar.

Fransız fikir adamı və diplomatı Taleyrana görə, “düşmənlərin sayını artıran diplomatiya yaxşı diplomatiya deyil”. Görəsən Makron və komandası bunun fərqindəmi, heç olmasa, öz müdrik soydaşının qiymətli sözlərini nə vaxtsa ciddiyə alacaqmı? Bir ovuc erməniyə, özü də haqsız və sırtıq erməniyə görə Güney Qafqazın açar ölkəsinə, deməli, həm də Türkiyəyə düşmən kəsilmək Parisə nə gətirəcək ki, ziyandan və yeni geosiyasi uğursuzluqdan savayı...

Bir daha yada salaq: Şuşa azad ediləndən sonra Fransanın Bakıdakı səfiri bu şəhərə ayaq basmayan yeganə Qərb diplomatıdır. Həmçinin Azərbaycana qarşı son illər bitmək bilməyən digər təxribatlar – 2-ci Qarabağ savaşından dərhal sonra Fransa parlamentinin mifik “arsax”ı “dövlət” kimi tanıması, BMT TŞ-də ölkəmiz əleyhinə 3 dəfə qətnamə qəbuluna edilən cəhdlər, Avropa Parlamentində son dərəcə qərəzli anti-Azərbaycan qətnamələrinin qəbuluna moderatorluq və lobbiçilik etmək, habelə bölgədə permanent şəkildə sülhə yaradılan əngəllər, o sırada Ermənistanın durmadan silahlandırılması və sülh müqaviləsindən yayındırılması, X.Natəvanın heykəlinə qarşı vandallığa münasibətdə heyrətamiz susqunluq, nəhayət, Bakıya qarşı olimpiada təxribatları və s. Beləcə, Makron Fransasının Azərbaycana kin-hikkəsi bitmir.

Sentyabrın 21-də, Ermənistanın “müstəqillik günü”ndə isə (görəsən bu qondarma dövlət nə vaxt müstəqil olub?) E.Makronun İrəvana gələcəyi anons edilib. Məlum məsələdir ki, baş tutacağı təqdirdə səfər müstəsna olaraq kapitulyant ölkəni Azərbaycan və Türkiyəyə qarşı bir az da qızışdırmaq və daha aqressiv eləmək niyyəti güdəcək. Separatçı-revanşist elementlərə yeni stimul, qol-qanad verəcək.

Bu fonda Azərbaycanın İtaliya timsalında Avropa İttifaqının aparıcı dövlətlərindən biri ilə əlaqələri daha da sıxlaşdırması mühüm önəm daşıyır və rəsmi Parisin “köhnə qitə”də ölkəmizi təkləmək siyasətinə növbəti ciddi zərbədir. Erməni lobbisinə və Ermənistana da bu zərbədən pay düşəcək...

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.