İranın narkotrafiklər uğrunda savaşı - TƏHLİL

10-09-2024, 12:58           
İranın narkotrafiklər uğrunda savaşı - TƏHLİL
Molla rejimi narkotik marşrutlarını əldən verməmək üçün bölgədə yeni münaqişə ocaqları yaratmaqda israrlıdır

İran hazırda bölgədə gedən regional siyasi proseslərdə daha sərt çıxış etməkdədir. Xüsusilə də Türkiyə və Rusiyaya qarşı. Əlbəttə, Tehranın ölkəmizə qarşı indiyədək olan münasibətini də heç vaxt səmimi, dostyana adlandırmaq olmaz. Bu tərz hələ də qüvvədədir və dəyişməyib. Hətta etnik cəhətdən azərbaycanlı olduğu iddia olunan yeni prezidentin də bu trendin dəyişilməsinə təsir imkanları məhduddur. Əslində, onun özünün bunu nə qədər istədiyi və buna nə qədər çalışmaq istəməsi də sual altındadır. Hər bir halda İranın istənilən prezidentinin başının üstündə Ayətullahın qılıncı və qələmi dayanır.

Maraqlısı budur ki, nəinki kiminləsə ölçülü davranmağa meyl göstərməyən İran, hətta zaman-zaman meydan oxumaqdan da çəkinmir və bunu ilk növbədə qonşularına qarşı edir. Halbuki, ABŞ-la pərdəarxası razılaşma, İsraillə isə piştaxta altından “dava-dava” oyunu quran molla rejiminin nə cəsarəti, nə icraatı məzhəkədən o tərəfə getmir.

İlk öncə ondan başlayaq ki, Zəngəzur dəhlizinə qarşı pis mövqeyi ənənəyə çevrilmiş rəsmi Tehran yenə də ölkəmizə söz atmaqdan qalmadı. Belə ki, İranın Ermənistandakı səfiri, “Bəzilərinin Ermənistanla bağlı müxtəlif adlar altında, o cümlədən “dəhliz”lə bağlı arzu və istəkləri reallaşmayacaq. Qonşularımızın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir”, sözləri ilə Tehranın bu mövqeyini bir daha təkrarladı. Bu açıqlamanın ardınca isə İran parlament sədrinin müavini Əli Nikzad bildirdi ki, “İran İslam Respublikasının sərhədlər, qonşular və dəhlizlərlə bağlı strateji siyasəti sabitdir və milli maraqlara əsaslanır. Parlamentlərin Bakıda keçirilən son iclasında vurğuladığım kimi, biz sərhəd dəyişikliklərini qəbul etmirik. Rusiya və Azərbaycana məsləhətim: sərhədlərə hörmət edin”.

Daha sonra isə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Fədahüseyn Məleki “Tasnim” agentliyinə müsahibəsində Rusiyanın “İrana qarşı ziddiyyətli siyasət yürütməsindən” və “Moskvanın Azərbaycan Respublikasını Naxçıvanla erməni keçid məntəqələri olmadan birləşdirməyə hesablanan Zəngəzur dəhlizinin yaradılmasını dəstəkləməsindən” qəzəblənib. Maleki həmçinin Rusiyanın hərəkətlərini İranın “kürəyindən vurulan bıçaq zərbəsi” adlandırıb. Məlumdur ki, Azərbaycanla Naxçıvan arasında dəhliz və ya nəqliyyat əlaqəsi mövzusu Putin, Əliyev və Paşinyanın Üçtərəfli Bəyanatında öz əksini tapıb. Ona görə də Tehranın İrəvanın bu nəqliyyat əlaqəsi üzrə öhdəlikləri ilə bağlı məsələlərə qarışmaq hüququ yoxdur.

“Arxadan bıçaq” məsələsinə gəlincə isə, Azərbaycanla Naxçıvanı birləşdirən marşrutlardan birinin İran ərazisindən çəkilməsindən söhbət gedəndə nədənsə Tehran bunu xatırlamır. Sonra isə bu, Rusiyanın İranın kürəyinə vurdğu zərbə olur. Ona qalsa, bütün dünya bilir ki, İran kağızdan düzəldilmiş şirdir. Yaxşı olar ki, İran diplomatlarının və rəsmilərinin açıqlamalarına ümumiyyətlə reaksiya verilməsin, çünki molla rejimi artıq dəfələrlə sübut edib ki, ancaq boş-boş guruldamağı bacarır.

Əslində, İran Ermənistandan Avropaya ixrac etdiyi narkotik marşrutunu itirmək istəmir, çünki o narkotiki ticarətindn daha çox milyardlar qazanır, nəinki neftdən. Bu səbəbdən, Tehran heç Rusiyanın da onun narkotrafik marşutunun üstündə durmasını, ona nəzarət etməsini, onun paxırlarını sənəd-sübutlu şəkildə ortaya tökməsini, yeri gələndə şantaj etməsini istəmir. Yoxsa İranın sərhədlərin dəyişilməməsi məsələsi heç bir prinsipə söykənmir, bu mövqe sadəcə narkoticarət - milyardlarla çirkli pullar prinsipinə söykənir.

İran bununla kifayətlənmir, üstəlik Mərkəzi Asiyada da təsirini artırır. SEPAH xüsusi təyinatlılarının dəstəyi ilə İraqdakı iranpərəst qrup Kataib Hizbullah Özbəkistan və Qazaxıstanda yəhudi hədəflərinə qarşı “terror cəhdləri”nə görə məsuliyyət daşıyır. Bu barədə İran hakimiyyətinə müxalif “İran İnternational” telekanalı məlumat yayıb. Qeyd olunur ki, “Kətaib Hizbullah” bu ölkələrdə Tacikistan vətəndaşı, Seyid Həmid əl-Taciki kimi tanınan Məhəmməd Əli Burxanov vasitəsilə fəaliyyət göstərib. Qonşularına ölüm gətirən İranın Mərkəzi Asiyanı qan ocağına sürükləməsi bəs etmirmiş kimi, İraqdakı iranyönümlü silahlı qrupun lideri bəyan edir ki, Türkiyə qoşunlarını İraqdan çıxarmalıdır. Bunu qruplaşmanın başçısı Asaib Əhli-Haq əl-Xəzali açıqlayıb. O, Bağdadda Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Günay və Türkiyənin bu ölkədəki yeni səfiri İnanla görüşüb. Əl-Xəzali Türkiyə hərbi qüvvələrinin İraqdan tamamilə çıxarılmasının vacibliyini vurğulayıb. Əl-Xəzali avqustun 15-də imzalanan İraq-Türkiyə memorandumuna qarşı olduğunu bəyan edib, çünki bu, “iki ölkə arasında açıq məsələlərə radikal həll yolu təqdim etmir”. “Biz etimad yaratmaq və İraqın suverenliyinə nail olmaq üçün mühüm addım kimi türk qoşunlarının çıxarılmasını müzakirə etmək üçün hərtərəfli yol xəritəsinin hazırlanmasına çağırırıq”,- deyə əl-Xəzali bildirib.

Bunula yanaşı, İran bütün qaçqın və qeyri-qanuni miqrantları tamamilə deportasiya edəcəyini açıqlayıb. Rəsmi açqlamaya görə, hakimiyyət ölkəni miqrantlardan tamamilə təmizləməyə hazırlaşır. Üstəlik, İran-Türkiyə sərhədi təmizlənib. Türkiyə hakimiyyəti iranlıların miqrantları onlara doğru aparacağından ehtiyat edir. İran sözsüz ki, bu qərarla Türkiyəni çətin duruma salmağa və daxili qarışıqlıq yaratmağa çalışır. Hansı ki, dəfələrlə Türkiyə vətəndaşları ilə Suriyalı miqrantların çaxnaşması mediada əsk olunub.

İran mediası həm də Rusiyaya qarşı silahlanıb, onu nankor və xain adlandırır. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Knaani bildirib ki, Tehran Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsi cəhdlərinə qəti şəkildə etiraz etməkdə davam edir. Onun sözlərinə görə, iqtisadi münasibətlərdə maneələrin aradan qaldırılması bütün ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmaqla həyata keçirilməlidir ki, buna yuxarıda toxunmuşduq. Söhbət İran-Ermənistan sərhədində Azərbaycanın iki hissəsini birləşdirməli olan eyni Zəngəzur dəhlizindən gedir. Və həqiqətən də qalmaqal yalnız böyüyür. İran mətbuatında bu mövzu, eyni zamanda Rusiya ilə münasibətlərlə bağlı qızğın müzakirələr davam edir. Tehranın Moskvadakı keçmiş səfiri Nimatullah İzadi bildirib ki, Rusiya Azərbaycanla yaxınlaşmağa doğru gedir və İranın maraqlarına tamamilə məhəl qoymur. O vurğulayıb ki, Rusiya Cənubi Qafqazda özünü Sovet İttifaqı kimi aparır, bütün regionu özünün təsir zonası hesab edir. Nimatullah İzadi Rusiyanı İranın yaxın dostu və strateji tərəfdaşı hesab etmədiyini bildirib. Onun fikrincə, Moskva İranın Rusiyanın dəstəyinə arxalanmaqdan başqa çarəsi olmadığına inanmağa öyrəşib və bu fikir təkzib edilməlidir. O, təklif edir ki, prezident Məsud Pezeşkian BMT-nin qarşıdan gələn sessiyasından Qərb ölkələri ilə məhsuldar təmaslar üçün istifadə etsin, sonra isə əlində yeni “kozır”larla Kazanda keçiriləcək BRİKS sammitinə gəlsin.

Digər bir diplomat, İranın Norveç və Macarıstandakı keçmiş səfiri Abdolreza Farji-Rod bildirib ki, Rusiya Pezeşkian hökumətinin Qərblə hər hansı kompromis razılaşması əldə etməsini və sanksiyaların ləğvinə nail olmasını istəmir, çünki bu, Rusiyanın beynəlxalq aləmdə mövqeyini zəiflədəcək. O, hökumətə ABŞ-la birbaşa danışıqlar aparmağı və altıtərəfli danışıqlar formatından imtina etməyi təklif edib.

“Cumhuriye Eslami” qəzeti öz növbəsində yazır ki, İran Türkmənçay müqaviləsi ilə əldən verilmiş torpaqlardan tutmuş, 1980-1988-ci illər müharibəsi zamanı SSRİ-nin İraqa verdiyi dəstəyə qədər bütün keçmiş inciklikləri unutmağa hazır idi, lakin Rusiya sadəcə olaraq İranın bütün qırmızı xətlərini pozdu. Birincisi, Moskva ərəblərin tərəfini tutdu (BƏƏ-nin İranın özünün hesab etdiyi Fars körfəzindəki üç adaya iddiasını dəstəkləyir), indi isə Azərbaycanı və onun Zəngəzur dəhlizi layihəsini dəstəkləyir. Qərb İranı boğazından tutub saxladığı halda, Rusiya qarşı tərəfdən təzyiqlər edir. Nəşr həmçinin Pezeşkianı milli maraqları qətiyyətlə və güzəştsiz müdafiə etməyə çağırır: “Rusiya bizim qırmızı xətlərimizi pozarsa, biz də onların qırmızı xətlərini poza bilərik”.

“Etemad” qəzeti isə yazır ki, Putin Ukrayna ordusunun Kursk bölgəsini işğal etdiyi, İranda yeni hökumətin hakimiyyətə gəldiyi, Qərblə dialoq aparmaq istədiyi bir vaxtda Azərbaycana dəstək vermək qərarına gəlib. Putin eyni zamanda həddən artıq qərbpərəstləşmiş Ermənistana təzyiq etmək və Azərbaycanı öz tərəfinə çəkmək qərarına gəldi. Eyni zamanda, Rusiya həmişə İranı zəif tərəfdaş hesab edib və onun maraqlarını nəzərə almayıb. Nəşr Pezeşkiana nəsihətlə müraciət edir ki, onun Rusiyanın simasında kiminlə “iş tutduğunu” xatırlasın və yalnız bir müttəfiqə arxalanaraq keçmişin səhvlərini təkrarlamasın.

Bu, ümumi təəssürat üçün kifayətdir ki, İranın ABŞ və İsraillə “dava-dava” oyununun yalnız gözdən pərdə asmaq üçün oynadığı ifşa olsun.

Bir nüansı da qeyd edək ki, ABŞ-ın “Stratfor” nəşri Rusiyaya raket tədarükünün Məsud Pezeşkianın nüvə sazişi üzrə danışıqları bərpa etmək niyyəti ilə bağlı seçki vədləri ilə ziddiyyət təşkil etdiyini bildirir. Təhlilçilər deyirlər ki, bu, yeni prezident hökumətinin İslam Respublikasının xarici siyasətinə məhdud təsirini nümayiş etdirir.

Qeyd etmək yerinə düşər ki, İran Rusiyanı beynəlxalq ictimaiyyətin qarşısında “baqaja qoymaqdan” da çəkinmir. Məsələn, “Iran International”da yayımlanan məqalə “İran raketləri Rusiya taxıl və buğdasına dəyişirmi?” yazısına əsasən, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü iddia edir ki, İslam Respublikası öz raket və pilotsuz təyyarələrini rus soya və buğdasına dəyişir. Bu açıqlamalar İran rəsmilərinin və Xarici İşlər Nazirliyinin son vaxtlar Rusiyaya ballistik raket göndərilməsi ilə bağlı xəbərləri təkzib etməsi fonunda səslənir.

Deputat Əhməd Baxşai Ərdəstani isə açıq şəkildə deyib: “Biz “Hizbullah”, HƏMAS və İraqın “Haşd əş-Şaabi” qruplaşmasına raketlər veririk, bəs niyə onları Rusiyaya tədarük etməyək?”.

Onun fikrincə, İran soya və buğda idxalı da daxil olmaqla ehtiyaclarını ödəmək üçün barterlə məşğul olmalıdır; bu barterin bir hissəsi raketlərin göndərilməsini, digər hissəsi isə Rusiyaya pilotsuz təyyarələrin göndərilməsini nəzərdə tutur.

Baxşai Ərdəstaninin Rusiya buğdası və soya üçün dron və raketlərin barter edilməsi ilə bağlı açıqlaması rəsmi gömrük statistikasına və İran Ticarət Palatasının İranın Rusiyadan soya idxal etmədiyinə dair məlumatlarına baxmayaraq mediada peyda olub. Yəqin ki, qisas üçün qəsdən sızdırılıb.

İran Ticarət Palatasının statistikası göstərir ki, İran keçən il Hollandiya, Böyük Britaniya, İsveçrə, Türkiyə, BƏƏ və Omandan təqribən 2 milyard dollar dəyərində soya idxal edib və Rusiyadan soya göndərilməyib.

Halbuki İran ötən il Rusiyadan 595 milyon dollarlıq buğda, həmçinin 260 milyon dollarlıq qarğıdalı və 150 ​​milyon dollarlıq arpa alıb.

Ticarət Palatasının məlumatları göstərir ki, Rusiya faktiki olaraq İrana kənd təsərrüfatı məhsullarını regional bazar qiymətlərindən xeyli yüksək qiymətlərlə ixrac edir. Məsələn, ötən il İran Qazaxıstan və Türkiyədən insan istehlakı üçün adi buğdanın kiloqramını 31-37 sent arasında qiymətə alıb, Rusiyadan idxal edilən analoji buğda isə kiloqramı 43-47 sent arasında dəyişir.

İran hökumətinin yerli buğdanın kiloqramını 30 sentdən aşağı qiymətə alması və yerli fermerlərə ödənişləri gecikdirməsi nəzərə alınmaqla Rusiya buğdasının bu baha qiyməti diqqət çəkir.

Bundan əvvəl İran Neft İxracatçıları Assosiasiyasının rəhbəri Əhməd Marufxani bildirmişdi ki, Rusiya benzini İrana dünya qiymətlərindən 20% baha qiymətə satır. Keçən il o, İranın Rusiyadan idxal etdiyi benzinin tonuna görə 150 ​​dollar ödədiyini açıqlamışdı ki, bu da dünya qiymətindən 20% yüksəkdir.

Rusiya benzininin İran üçün baha olması Avropa İttifaqı və yeddi sənaye ölkəsi tərəfindən Rusiya benzini və dizel yanacağı üçün müəyyən edilmiş qiymət limitlərini pozaraq, Rusiyanı öz neft məhsullarını dünya bazarlarında daha ucuz qiymətə satmağa məcbur edir.

İranın Rusiya mallarına daha çox pul ödəmək kimi davranışı sirr olaraq qalır, əgər bunların ikisi arasında gizli hərbi və təhlükəsizlik razılaşmaları ola biləcəyi iddia edilməsə...

Ticarət dövriyyəsi

İran gömrük statistikası göstərir ki, bu ölkə ötən il Rusiyadan 1,7 milyard dollar idxal edib, bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl, 2021-ci ilə nisbətən dəyişməyib. Lakin 2018-ci ildə ABŞ-ın İrana qarşı sanksiyaları dövrü ilə müqayisədə bu rəqəm 60% artım deməkdir. İranın Rusiyaya ixracı ABŞ-ın sanksiyaları səbəbindən 2021-ci ilə qədər artmasa da, 2022-ci ildən bu yana təxminən iki dəfə artaraq keçən il 950 milyon dollara çatıb. Bu statistikaya neft məhsulları və silah ticarəti daxil deyil.

İranın Rusiyaya ixracının əhəmiyyətli bir hissəsini meyvə-tərəvəz, idxalının əhəmiyyətli hissəsini isə taxıl, sənaye avadanlıqları, ağac və bitki yağı təşkil edir.

2022-ci ildən, Qərbin Rusiyaya qarşı Ukraynaya təcavüzünə görə sanksiyalarından sonra Rusiya gömrüyü xarici ölkələrlə ticarətə dair məlumatları dərc etməyi dayandırıb. Bununla belə, həm İran, həm də Rusiya rəsmiləri ikitərəfli ticarətin ümumi həcminin 5 milyard dollar olduğunu bildirirlər. Əgər bu rəqəm dəqiqdirsə, o zaman iki ölkə arasında ticarətin ya yarısı gömrükdə qeydə alınmır, ya da İran gömrük statistikasına daxil olmayan neft məhsulları və silahlar kimi mallar daxildir.

Göründüyü kimi, İran çoxtərəfli oynayır və ona qətiyyən etibar etmək olmaz.

Ülviyyə ŞÜKÜROVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.