Bunsuz sülh sazişinin imzalanması mümkün olmayacaq.
8-10-2024, 09:54
Ermənistanın baş naziri Nikol Paşinyan elə bilirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvanla sülh sazişinin noyabrda Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirinə qədər imzalanmasında maraqlıdır. Bu səbəbdən Paşinyan Əliyevin istənilən, hətta yarımçıq sazişə imza atacağını zənn edirdi. Ancaq İlham Əliyev Ermənistanla yarımçıq sazişi nəinki noyabra qədər, hətta ilin sonuna qədər imzalanmasına maraq göstərmədi və bu mövzunu COP29 tədbirindən ayrı tutdu.
Paşinyan yanıldığını anladı. İndi o Bakı ilə mətni tam hazır olmayan sazişi noyabra qədər imzalamaq üçün tələsir, bunun iki ölkə arasında barışıq üçün şans olduğunu düşünür.
Bu baxımdan Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyanın “Bakıda keçiriləcək BMT-nin 29-cu İqlim Fəaliyyəti Sammitinə (COP29) qədər Azərbaycanı sülh müqaviləsini imzalamağa dəvət edirik” ifadəsi Paşinyanın diqtəsi ilə yazılıb. COP29 tədbirinə az qalıb. Paşinyan sazişin həmin tədbirə qədər imzalanmasında və özünün də Bakıya gəlib həmin tədbirdə iştirakında bu qədər maraqlıdırsa, Konstitusiya dəyişikliyinə getməlidir. Bunsuz sülh sazişinin imzalanması mümkün olmayacaq.
Elxan Şahinoğlu
TEREF