Navalnı həbsxana nəzarətçisinin “axı Rusiyaya niyə qayıtdın?” sualına nə cavab verib?

Bu gün, 10:58           
Navalnı həbsxana nəzarətçisinin “axı Rusiyaya niyə qayıtdın?” sualına nə cavab verib?
Oktyabrın 22-də fevralda həbsxanada vəfat edən Rusiyanın müxalifət lideri Aleksey Navalnının memuarları satışa çıxarılacaq.

The New Yorker cümə günü Navalnının həbsxanada olduğu müddət və daha öncəki vaxtlarda gündəliyində yazılanlarla bərabər kitabdan bəzi hissələri dərc edib.

“Ömrümün qalan hissəsini həbsxanada keçirəcəm və burada öləcəyəm”, Navalnı 2022-ci ilin 22 mart tarixində yazıb: “Vidalaşacaq kimsə olmayacaq… Bütün yubileylər mənsiz qeyd olunacaq. Nəvələrimi heç vaxt görməyəcəm”.

Navalnı “ekstremizm” ittihamı ilə aldığı 19 il həbs cəzasını Arktikada cəzaçəkmə koloniyasında çəkirdi.

Onun fevralın 16-da, 47 yaşında ölməsindən sonra bir çoxları buna görə Putini təqsirləndirdi.

Navalnı 2021-ci ilin yanvarında Rusiyaya qayıdarkən həbs edilib. O, 2020-ci ildə zəhərləndikdən sonra ciddi sağlamlıq problemi səbəbilə xaricə aparılmışdı.

Navalnı 2022-ci il yanvarın 17-də yazıb: “Qorxmalı olduğumuz yeganə şey vətənimizin yalançı, oğru və ikiüzlü dəstə tərəfindən talan edilməsidir”.

Kitabdan çıxarışlar məhbəsin tənhalığını, eyni zamanda yumor təəssüratı yaradır.

Məsələn, 2022-ci il iyulun 1-də Navalnı tipik gününü təsvir etdi: “Səhər 6-da oyan, səhər 6:20-də səhər yeməyi və 6:40-da işə başla.”

“İşdə sən yeddi saat tikiş maşınının yanında diz hündürlüyündən aşağı taburedə oturursan” deyə o, yazıb.

“İşdən sonra bir neçə saat Putinin portreti altında taxta skamyada oturmağa davam edirsən. Buna “intizam fəaliyyəti” deyilir”.

“Patriot” adlı kitabı ABŞ-ın “Knopf” nəşriyyatı nəşr edəcək.

“Nyu Yorker”in redaktoru Devid Remnik yazıb: “Navalnının çəkdiyi əzabların faciəsindən və ölümündən qəzəblənmədən onun həbsxana gündəliyini oxumaq mümkün deyil”.

Jurnalda dərc olunan 17 yanvar 2024-cü il tarixli sonuncu hissədə Navalnı məhbus yoldaşları və həbsxana nəzarətçiləri tərəfindən ona verilən “Nə üçün Rusiyaya qayıtdın?” sualına belə cavab verir:

“Ölkəmdən əlimi üzmək və ya ona xəyanət etmək istəmirəm. Əgər əqidələriniz bir şey ifadə edirsə, siz onların müdafiəsinə qalxmağa və lazım gələrsə, qurbanlar verməyə hazır olmalısınız”. (Amerikanın Səsi)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.