Vladimir Putin COP29-a "gəlməyəcək": eksklüziv

20-10-2024, 12:17           
Vladimir Putin COP29-a "gəlməyəcək": eksklüziv
Vladimir Putin COP29 tədbirində iştirak etmək üçün Bakıya gəlməyəcək, Azərbaycan hökumətindəki mənbə BBC Azərbaycancaya bildirib.

Rusiya tədbirdə "Baş nazir səviyyəsində təmsil olunacaq", mənbə deyib.

BBC Azərbaycanca belə başa düşür ki, Azərbaycan hökuməti digər ölkə liderləri ilə, yanaşı, Vladimir Putinə də dəvət göndərib.

Bu, BMT tədbiridir və hökumət dəvət edərkən ayrı-seçkilik etmir, mənbə BBC Azərbaycancaya deyib.
Ukrayna: “Putin Azərbaycanda COP29-a gələrsə, tədbiri boykot edin”
Ukrayna deyir ki, əgər Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın ev sahibliyi etdiyi COP-29 tədbirinə gedərsə, Qərb ölkələri bu tədbirdə iştirakdan imtina etməlidir.

Ukraynanın Avropa İttifaqındakı səfiri Vsevolod Çentsov Politico nəşrinə müsahibəsində Kiyevin bununla bağlı öz müttəfiqlərinə təzyiq göstərdiyini bildirib.

“Bu təzyiqi artırmağa ehtiyacımız var. Gərək tərəfdaş ölkələr öz fikirlərini açıq şəkildə Azərbaycana bildirsin ki, əgər Putin orada olacaqsa, onlar gəlməyəcəklər", səfir Çentsov deyib.

Çentsov bu çağırışı Moskvanın Putinin Bakıda keçiriləcək iqlim dəyişikliyi tədbirində "iştirakını gözdən keçirir" deməsindən sonra edib.

Kremlin sözçüsü Dmitri Peskov Ria Novosti agentliyinə müsahibəsində Putinin iştirakı ilə bağlı “qərarın hələ verilmədiyini” bildirib.

BMT-nin iqlim dəyişikliyi ilə bağlı sayca 29-cu COP tədbiri noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək.

Putin bu il artıq Azərbaycana səfər edib - o yayda prezident İlham Əliyevin evində qonaq da olub.

Vladimir Putin keçən il Birləşmiş Ərəb Əmirliyində keçirilən COP28 tədbirində də iştirak etməyib. Ondan öncəki illərdə də, o Cop tədbirlərinə getməməyə qərar verib.

Putin və Qərb
Vladimir Putinin Ukraynaya qarşı 2022-ci ilin fevralında başlatdığı müharibədən sonra Qərb dövlətləri ilə Rusiya arasında münasibətlər hər il daha da kəskinləşməyə doğru gedir.

Əslində Rusiya ilə Qərb arasında soyuqluq 2014-cü ildə Rusiya beynəlxalq səviyyədə Ukrayna ərazisi kimi tanınan Krımı ilhaq etdikdən sonra başlayıb.

Lakin Qərbin məhz 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Moskvaya qarşı mübarizəsinin daha kəskin və vahid forma aldığı görünür.

Belə ki, 2022-ci ildə Avropa ölkələri Rusiyanın “işğalçı və aqressiv” siyasətini əsas gətirərək, 2025-ci ilədək Rusiya qazından tamamilə imtina etməyə qərar verib. Elə həmin il Rusiyanın Avropaya qaz satışını nəzərdə tutan Şimal Axını 2 layihəsinə sanksiya tətbiq edilib və onun icrası dayandırılıb.

Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada “müharibə cinayətləri” törətməkdə günahlandırılan Rusiya Prezidenti barəsində 2023-cü il martin 17-də həbs qərarı verib. Bu isə o deməkdir ki, Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü olan ölkələrə səfər edərsə, həmin dövlət onu həbs etməlidir.

Lakin Putini Qərbin hədəfinə çevirən sadəcə onun Ukraynaya qarşı həmləsi deyildi. Rusiya liderinin ölkədə insan haqlarını boğmasına və ona müxalif olan insanlara qarşı şantaj, həbs və hətta sui-qəsd kimi vasitələrdən istifadə etməsinə dair hesabatlar da, ABŞ və Avropa İttifaqını Rusiya rəhbərliyinə qarşı daha sərt addımlar atmağa vadar edib.

Putin və Azərbaycan
Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Rusiyanın Cənubi Qafqaz siyasətində, xüsusilə Azərbaycana qarşı münasibətində dəyişiklik müşahidə olunur.

Bu dəyişiklik əslində rəsmi Bakı və Moskva arasında Ukrayna müharibəsi başlamazdan bir neçə gün əvvəl imzalanan müttəfiqlik haqqında Bəyannamə ilə rəsmiləşmişdi.

İki ölkə arasında münasibətlər həm də ölkə rəhbərləri – Vladimir Putin və İlham Əliyev arasında münasibətlərin səmimi olduğunu göstərən görüntülər fonunda təqdim olunur. Belə ki, bu ilin iyulunda Bakıya səfər edən Putini İlham Əliyev öz evində qarşıladı.

Azərbaycan Rusiyaya həm də, Qərbin sanksiyalarından yayınmaq üçün lazım ola bilər. Carnegie Fondunun yazdığına görə, təkcə 2023-cü ildə Azərbaycan Rusiyadan neft alışını 4 dəfəyədək artırıb. Lakin bu qazın sonradan Avropaya satıldığı və ya Azərbaycanda yerli istehlak üçün istifadə edildiyi məlum deyil.

Prezident Əliyev sentyabr 6-da deyib ki, həm Kiyev, həm də Moskva Rusiya qazının tranziti müqaviləsinin uzadılması və Azərbaycan qazının Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli ilə bağlı müzakirələri Azərbaycan vasitəsilə aparır.

O, həmçinin Azərbaycan qazının Rusiyanın Ukraynadan keçən boru kəməri vasitəsilə Avropaya çatdırılmasının mümkünlüyünü və bu istiqamətdə bütün tərəflərlə danışıqlarda "nikbinlik olduğunu" qeyd edib.

"Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, - bu isə dekabr ayına təsadüf edəcək, - bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır," - Əliyev deyib.

Azərbaycan MDB ölkələri arasında ölkədə rus dilinin tədrisinə xüsusi önəm verən ölkədir. Təsadüfi deyil ki, Putin hər dəfə Azərbaycanla olan münasibətlərdən danışarkən, bu məqamı xüsusilə qeyd edir.

Azərbaycan və Rusiya arasında münasibətlər yaxşı olsa da, rəsmi Bakı Ukrayna müharibəsində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib. Hətta Bakı Ukraynaya qeyri-hərbi yardımlar da göndərir və bu, Moskvanı qıcıqlandırmır.

Təhlilçilər hesab edir ki, Azərbaycan xarici siyasətdə Rusiyanın xoşuna gəlməyən istənilən addımı Moskva ilə razılaşdırdıqdan sonra atır.

Bu manevr Bakını həm də Qərbin hədəfinə gəlməkdən qorumuş olur.
COP29 nədir?
COP BMT-nin təşəbbüsü ilə hər il fərqli ölkədə keçirilən “Conference of the Parties”, yəni Tərəflərin Konfransıdır. Buradakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.

Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.

COP tədbirləri dünyada iqlim dəyişiklikləri və ətraf mühitin mühafizəsi üçün görülən işləri müzakirə etmək, karbon emissiyasının azaldılması ilə bağlı götürülən öhdəliklərə nə qədər əməl edildiyini və atılmalı olan növbəti addımları müəyyənləşdirmək üçün platforma rolunu oynayır.

COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.