Yeni dünya düzəninin kodları.

21-10-2024, 08:54           
Yeni dünya düzəninin kodları.
Bəşər tarixi həddən artıq məntiqlidir, bəli, məhz məntiqlidir, “keçmiş yoldan asılılıq”, prinsipini hər dövrdə görə, izləyə bilirik.
Dünyanın son 80 illik dövrünü götürsək (İkinci Dünya Müharibəsindən sonra) ilk 30-40 ilində Qərb ölkələri (ABŞ və Qərbi Avropa) intibah dövrünü yaşadılar, iqtisadi və sosial üstünlükləri, vətəndaşalar üçün təmin edilən siyasi və iqtisadi azadlıqlar sonda Qərbin üstünlüyünü elə bir həddə çatdırdılar ki, sovet-kommunist ideologiyası, ardınca da sistemi çökdü, SSRİ və orbitində olan ölkələr rəqabətə davam gətirə bilmədilər. Sovet rejimlərinin çökməsinin bir çox səbəbləri vardı, amma ən başlıca səbəbi insan ruhuna, düşüncəsinə, hırsına və hədəflərinə zidd quruluş olmaları idi – bəli, insan övladı bəşər tarixində həmişə bərabər deyil də, yaxşı yaşamaq üçün çalışırdı, bu yolu keçmişdi. Sovet sistemi bunu inkar etdi, bərabərlik prinsipinin ən iyrənc formasını tədbiq edib insanın təməl, tarixi düşüncələrinin əlehinə getdi.
SSRİ və sovet sisteminin çökməsinə ən çox məntiqsiz iqtisadi model səbəb oldu – Sovetlər hər yerdə “over-regulation”, yəni aşırı tənzimləmə və özəl mülkiyyətdən imtinaya getdilər, nəticədə iqtisadi rəqabəti, sosial rifah yarışını uduzdular.
1945-ci ildən sonra Yalta-Potsdam anlaşmaları işə düşdü və 1975-ci il Helsinki şəhərində bu proses yekunlaşdı. Cəmi 15 il sonra SSRİ, ardınca da dünyada bütün sovet sistemi çökdü. Amma, Qəbrin intibahına səbəb olan da məhz SSRİ-nin ucuz təbii resursları və Qərb Dövlətlərində olan iqtisadi-siyasi azadlıqlar idi. Doğrudur, bu haqq və hüquqlar asan qazanılmadı, cəmiyyət, vətəndaşlar mübarizə apardılar və SSRİ “nağılı” da (yəni, sosial haqqların, güya, ən yüksək səviyyədə olması) Qərb elitasını daha çox demokratiya və iqtisadi azadlıqları təmin etməyə məcbur etdi.
SSRİ-nin ucuz resursları Qərbi Avropanı və ABŞ-ı iqtisadi yüksəlişə keşirdi, “American Dream” bir pastulata, hədəfə, məqsədə çevrildi və ən əsası, bütün Qərb dünyasında işlək ideologiya kimi tanındı, SSRİ hekayəsini rəqabətdə uddu.
1991-ci ildən sonra Qərb (ABŞ-AB) ən böyük hədəfinə çatdı – SSRİ və orbitində olan dövlətlərdə sistem dağıldı, xəritələr dəyişdi, ən böyük, Qərbi həmişə yaxşı siyasi və iqtisadi formada saxlayan “sparring partner” yox oldu. Elə o zamandan da Qərb formadan düşdü, “məşq etməyə” dünyada başqa supper-güc qalmadı, artıq bütün problemlərini həll etdiyini düşündü, primitivləşməyə başladı. Amma ən təhlükəlisi odur ki, iqtisadiyyatda və bəzi siyasi məsələlərdə “over-regulation” yoluna girdilər. İqtisadiyyatda rəqbət gücünü Çinə uduzmağa başladılar, çünki aşırı tənzimləmə Qərb şirkətlərinə artıq yük və xərclər gətirdi. Elə eyni dövrdə “Çin modeli”, elə həmin Qərbin birbaşa iştirakı və yardımı ilə devrəyə girdi. Çində yeni heç nə icad etmədilər – 20-ci əsrdə Amerikanı güclü edən AZAD bazar və AZAD iqtisadiyyat sistemini tədbiq edib aşırı tənzimləmədən imtina etdilər. Nəticədə son 30 ildə Çin çox gücləndi, əsl kapitalizmə keçid etdi, sərbəst bazar qaydalarını tədbiq etməklə daha rahat qanunlar və qaydalar tədbiq etməyə, biznesə güc və dəstək olamağa başladılar. 2008-ci ildən sonra isə Qərbin “dişsiz” və hətta düşüncəsiz siyasəti ilə Rusiyanı Çinin qucağına itələdilər, 1945-2000-ci illərdə Qərbin “benzinkolonkası” olan SSRİ, indi Çinin güclənməsi üçün əsas xammal bazasına çevrildi. Bu günlərdə bu məsələ Qərb mətbuatında çox müzakirə olunur, amma gecikiblər, bəndəniz bu haqda 7-8 il qabaq məqalələr yazırdı, xarici konfranslarda danışırdı. ABŞ və AB ölkələri o qədər aşırı tənzimləmə qanunları qəbul etdilər ki, öz əlləri ilə biznesi boğdular – hələ ABŞ daha yaxşı durumdadır, çünki bəzi ştatlarda azad bazar hələ də öndədir. Amma AB ölkələri öz ayaqlarına “güllə” vurmaqdadırlar, rəqabəti uduzurlar.
İndi Çin də iqtisadi olaraq tükənir-tükənəcək, amma onlar daha ağıllı tərpənirlər, ixraca yönəlik iqtisadi böyümə modelindən, daxili istehlakı artıraraq böyümə modelinə keçirlər. Qərbdən fərqli olaraq bu yolla böyüyə bilərlər – 1,5 mlrd. nəfərli böyük bazarları var və keçmişdə Çin bu yollar gedib, hətta öz ticarət gəmilərini məhv edərək daxilə qapanaraq özünü qoruyub və böyüyüb (yenə “keçmiş yoldan asılılıq”, məsələsi).
Mənə elə gəlir ki, yaxın 30 ildə dünyanın yeni “Çini” Hindistan olacaq, eyni “Çin modelini” tədbiq etməyə başlayıblar, investorlar və transmilli korparasiyalar Hindistana “stavka” edirlər. Bunu yaxın gələcəkdə daha aydın görəcəyik, amma Hindistan da bir müddət sonra “daxili istehlak hesabına böyümə” modelinə keçəcək, onun yerini Afrika qitəsi tutacaq – bütün ölkələr eyni “oyun qaydaları” ilə bağlı razılığa gələ bilsələr növbəti “Çin” Afrika qitəsi olacaq.
Amma, bütün bunlardan başqa dəfələrlə dediyim kimi, Dünya yeni bir “Yalta-Podstam-Helsinki”-yə hazırlaşır, yeni “oyun qaydaları” gəlir-gələcək, bu oyunda ölkələrə deyil də, təklif etdikləri ideyalara fikir vermək lazımdır. ABŞ və Qərb öz yoluna dönməli, azad iqtisadiyyat, azad bazar, azad fikirlər, azad düşüncə - bir sözlə, Qərbi cəlbedici və rifah halı yüksək olan məmləkətlərə çevirən keçmiş yoluna geri dönməlidir. İndi Qərb elitalarının bir çoxu düşüncə olaraq “kommunist-bolşevik-sovet” yanaşmasına, “xəstəliyinə” tutulub. Əsasən də iqtisadiyyatda “etatizm”, aşırı tənzimləmə, sərt qaydalar – bütün bunlar “sovetizmdir”, bu yoldan çəkinməlidirlər.
Bu gün ABŞ-da seçki rəqabəti şəxslər arasında getmir, yol-iz arasında gedir, bir tərəf Qərbi Qərb edən yola dönməyi, digər tərəf isə “sovetləşməyi” təklif edir. İş o yerə çatdı ki, Kəmalə xanım hətta ABŞ-da ərzaq qiymətlərinin DÖVLƏT tərəfindən təyin edilməısini belə təklif etdi – 10-15 il qabaq belə təklif səsləndirmək mümkün deyildi. Uzun sözün qısası, 5 noyabrda tək ABŞ üçün deyil, bütün dünya üçün hansı yolla gedəcəyimiz müəyyənləşəcək, amma İNSAN ÖVLADI enində-sonunda mütləq onu rifaha, azadlıqlara gətirib-çıxaran yola, keçdiyi yola geri dönəcək...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.