Vergi toplamaq səlahiyyəti olmayan rayon/şəhərlər öz xərclərini necə ödəyəcək?

21-10-2024, 09:54           
Vergi toplamaq səlahiyyəti olmayan rayon/şəhərlər öz xərclərini necə ödəyəcək?
Maliyyə Nazirliyi 2025-ci ildə regionların, rayonların maliyyələşməsi ilə bağlı əndrabadi bir məlumat yayıb - gələn il Azərbaycanda 67 şəhər və rayondan cəmi 5-i öz xərclərini ödəyə bilməyəcək.
Maliyyə Nazirliyinin yanaşması, metadalogiyası, hesablama qaydaları necədir ki, belə bir nəticə əldə ediblər?! Çünki, tam məntiqsiz və ölkə qanunlarına zidd yanaşmadır – rayonların/şəhərlərin vergi toplamaq səlahiyyəti yoxdur, yaxşı, nəyə, hansı hesablamalara əsasən Maliyyə Nazirliyi deyir ki, 62 rayon/şəhər özünü dolandıracaq, öz xərclərini özü ödəyəcək?! Bu nə hikmətdir ki, nazirliyin dediyinə görə 62 rayon öz xərclərini ödəyir, amma o boyda Naxçıvan Muxtar Respublikası ödəyə bilmir – 2025-ci ildə Naxçıvanın dolanması üçün ölkə büdcəsindən verilən dotasiyanın miqdarı 320 milyon 529 min manat olacaq. Yəni, quru sərhədləri Naxçıvan qeydiyyatı olanlara açıq olan NMR özünü dolandıra bilmir, büdcəsinin 80%-ə yaxınını mərkəzdən alır, amma, işğaldan yeni azad olunan, hələ heç bir iqtisadi aktivliyi, iş yerləri olmayan, məsələn, Zəngilan rayonu, və ya, heç vaxt işğal altında olmayan, əhalisi imkan tapdıqca Bakıya, başqa ölkələrə köçən, məsələn, Zərdab rayonu öz xərclərini ödəyir?!
Maliyyə Nazirliyi sadəcə gözə kül üfürür, metadalogiya, hesablama qaydalarını elan etmədən, güya, regionalrın, rayonların özünü maliyyələşdirməsi görüntüsü yaratmağa çalışır, halbuki, bir daha – rayonların vergi toplamaq, öz xərclərini özlərinin təyin etmək kimi hüququ yoxdur, mərkəzləşdirilmiş sistem var. Yəni, qısa misal kimi deyim, məsələn, Ucarda körpü tikilir, bunun maliyyəsini kim verir – bəli, mərkəzi büdcə, yaxşı, bəs, “flan rayon öz xərcini ödəyir”, deyəndə Maliyyə nazirliyi nəyi nəzərdə tutur, nə demək istəyir?!
Azərbaycan hökuməti əgər doğrudan da kağız üzərində deyil də, reallıqda regionların pul qazanmasını, pul xərcləməsini istəyirsə bunun yolu-izi bəllidir – gələn həftə ilk gündən “ölü doğulmuş” Bələdiyyələrə seçki elan ediləcək, mənasız yerə yenə seçkiyə vəsait israf olunacaq, camaat da yenə seçkiyə gəlməyəcək. Bu məsələlər bir-biri ilə bağlıdır, rayon/şəhərləron maliyyə qazanması üçün İcra Hakimiyyətləri ləğv edilməli, seçilmiş Bələdiyyələrin səlahiyyəti artırılmalı, onların rüsum/vergi cəlb etmək mexanizmləri yaradılmalıdır. Bundan sonra hansısa rayonun/şəhərin özü-özünü dolandırmasından söhbət edə bilərik.
Azərbaycanın bütün Bələdiyyələrinin illik büdcəsi 50 mln. manat yaxındır – yəni, 29 mln. dollar civarındadır. Türkiyədə Aydın adlı şəhər var, əhali sayı 1 mln. nəfərdən bir az çoxdur, 2024-cü ildə Böyük Şəhər Bələdiyyəsinin büdcəsi 171 mln. dollar olub!
Bax büdcə belə olur, şəhər/rayon özünü dolandırmaq, öz xərclərini ödəmək üçün vergi-rüsumu belə toplayır, hesablama belə olur – indi bildinizmi hörmətli Maliyyə Nazirliyi?!
Papağınızı, ya da kalkulyatorunuzu qabağınıza qoyun, bir da düşünün, bir də hesablayın...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.