Paytaxt su altında: Bakı yenə yağışa “baş əydi” – Günah təbiətdədir?

23-10-2024, 09:23           
Paytaxt su altında: Bakı yenə yağışa “baş əydi” – Günah təbiətdədir?
Eldar Əzizov: “Ola bilsin ki, tikinti zamanı bəzi nöqsanlara yol verilib”

Ceyhun Musaoğlu: “Vəziyyətin bu həddə gəlib çatmasının ən əsas səbəbi yağışın normadan artıq yağmasıdır”

Vüqar Tofiqli: “Yağış sularının axıdılması üçün kanalizasiya sisteminin düzgün qurulmasına ehtiyac var”

Bakıya yağan güclü yağışlar paytaxtı sel sularına qərq etdi. Dünən axşam saatlarından başlayan yağmur şəhərin yollarında çətinliklər yaradıb, tunellər sudan keçilməz olub. Bununla yanaşı, Bakıdakı həyət evlərinə də su dolub. Köməksiz vəziyyətdə qalan insanlar Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən təxliyə ediliblər. Sabunçu tunelində isə iki nəfər bataraq ölüb.

Bir sözlə, yağış Bakıda həm nəqliyyatın, həm də piyadaların hərəkətini iflic vəziyyətə salıb, paytaxt yollarını keçilməz edib. Bu səbəbdən avtomobillər, avtobuslar saatlala tıxacda qalıb. Dövlət qurumları yağışın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər gördüklərini açıqlayıblar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda yağıntının yaratdığı fəsadlara münasibət bildirib. İcra başçısı jurnalislətlərə bildirib ki, normadan artıq yağıntı olub: “Təbii fəlakətin nəticəsi göz qabağındadır. İndi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin ki, tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda, birmənalı qiymət vermək hələ tezdir. Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edəcəyik və ondan sonra müəyyən tədbirlər görüləcək”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu isə deyib ki, bir neçə gündür respublikanın əksər ərazilərində, o cümlədən paytaxt Bakıda yağan yağış illik normadan dəfələrlə artıqdır: “Bu da tullantı sularının axıdılması, o cümlədən yağış sularının axıdılması üçün istifadə olunan kollektorlarda, borularda, təbii ki, problemlər yarada bilir. Əgər bu kollektorlar, borular məlum miqdar üçün nəzərdə tutulmuşdursa, ondan dəfələrlə çox su miqdarı şəhərimizin küçələrində yaranıbsa, belə hal baş verməli idi. Yeri gəlmişkən belə hal tək bu il deyil baş verir. Demək olar payız aylarında şəhərimizin küçələrində suların yığılması halları olub. Bu hallar Avropanın inkişaf etmiş əksər ölkələrində və şəhərlərində yaşanmaqdadır. Problemin kökünə nəzər saldıqda, vəziyyətin bu həddə gəlib çatmasında xeyli səbəblər aşkara çıxarıla bilər. Vəziyyətin bu həddə gəlib çatmasının ən əsas səbəbi yağışın normadan artıq yağmasıdır. Digər tərəfdən Bakı şəhərinin əksər ərazilərində fəaliyyət göstərən kollektorlar sovet dövründən qalan, bəziləri istismar müddətini bitirən borulardır. Təbii ki, bunlar zaman-zaman dəyişdirilir və dəyişdiriləcək. Digər tərəfdən yağış suları axıdan drenaj sistem və tullantı sularını axıdan sistem fərqli fəaliyyət göstərir. Amma bəzi yerlərdə drenaj sistemi ilə axıntı sularını aparan kollektorlar demək olar birləşib eyni funksiyanı yerinə yetirirlər. Bu da doğru deyil. Bunların da zaman-zaman bir-birindən ayrılması prosesi həyata keçiriləcək. Bununla yanaşı biz 15, 20, 30 il əvvələ baxanda görərik ki, Bakıda 2 milyon əhali olub. Bu qədər tikintilər, evlər də yox idi. Amma bu gün Bakı şəhərində 5 milyondan çox əhali var”.

“Tikintilərin də sayı yüz dəfələrlə artıb. Bunların içərisində həyət evlərinin sayı da artıb. Bu evlər də harada gəldi inşa olunub. Obyektlərin çoxu magistral xəttlərin, su xəttlərinin, kollektorların üzərində inşa olunublar. Əksər kollektorlarımız qapalı vəziyyətdədir. Onların üzərinə beton tökülüb. Bütün bunlar baş verib. Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ona görə yaradılıb ki, bu neqativ vəziyyəti aradan qaldırsın. Əvvəl təkcə "Azərsu" var idi. Bu gün isə ADSEA var. Bu agentliyin tərkibində 5 publik hüquqi şəxs, 1 xidmət fəaliyyət göstərir. Onlar İri Şəhərlərin Birləşmiş Su Təchizatına xidmət edir. Onlardan biri Regional Su Meliorasiya Publik Hüquqi Şəxsidir. Bunlar onu deməyə əsas verir ki, bu kimi neqativ vəziyyətlər mütləq aradan qaldırılacaq", - Musaoğlu əlavə edib.

Qurum rəsmisi bildirib ki, hər gün su-kanal idarələri drenaj sistemlərinin təmizlənməsi ilə bağlı hesabatlar verirlər: “Hər gün aparılan işlərlə bağlı foto və videolar təqdim edilir. Harada nə problem yaranırsa, tez zamanda aradan qaldırılır. Düzdür problemlər yaşayırıq, amma bizim qəza xidmətimizin əməkdaşları həmin problemin həlli üçün anında hərəkətə keçirlər. Bəzən isə işçi qüvvəsi, texnika çatdırmaq olmur. Qobuda, Lökbatanda qayalarda suyun axıdılması üçün nəzərdə tutulan cığırların üzərində evlər, restoranlar tikilib. Artıq su həmin cığırlardan axıb kanallara tökülə bilmir ki, sonda dənizə tökülsün”.

““Bakı şəhərinin Baş Planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək”, - C.Musaoğlu qeyd edib.

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli AYNA-ya deyib ki, paytaxtın yağış sularına belə asanlıqla “baş əyməsinin” səbəbi şəhər infrastrukturuna cavabdeh qurumların işinin öhdəsindən gələ bilməməsidir: “Burada təkcə Bakı Şəhər İcra Hakimiyyətini, yaxud hansısa rayonun icra hakimiyyətini günahlandırmaq düzgün olmazdı. Şəhər infrastrukturuna bir neçə qurum cavabdehdir. Məsələn, bir qurum yol çəkir, körpü tikir, digəri hardasa asfalt örtüyünü dəyişir və s. Bu yolların, körpülərin istismara yararlı halda olmasına da başqa bir qurum məsuliyyət daşıyır. Körpülərdə su axarları qoyulub. Bəs onların açıq qalmasını təmin etmək lazım deyil? Bu işi gərək kommunal təsərrüfatı birlikləri həyata keçirsin. Harda su axarları varsa, onların axıcılıq qabiliyyətini yoxlasınlar, gözü tutulanları açsınlar”.

“Digər tərəfdən yollar çəkilərkən, asfalt örtüyü təzələnərkən su-drenaj sisteminin düzgün qurulmasına diqqət edilməlidir. Yol elə çəkilməlidir ki, ortası hündür, kənarları isə alçaq olsun ki, su yolun ortasında yığılıb qalmasın, kənarlara doğru axsın, oradan da su axarları vasitəsilə ümumi kanalizasiya şəbəkəsinə ötürülsün. Yolun relyefindən asılı olaraq çökəkliklərdə kanalizasiya xətləri, yağış barmaqlıqları, su axarları quraşdırılmalıdır. Bir sıra hallarda bunlar düzgün quraşdırılmadığından yağış suları yolda və yol kənarlarında yığılıb qalır. Su hara axmalıdır? Əlbəttə, yığılıb qalacaq”, - deyə Tofiqli vurğulayıb.

Ekspert qeyd edib ki, kanalizasiya sistemi bir çox yerlərdə köhnədir və suyu ötürmə gücünə malik deyil: “Ona görə həm yağış suları, həm də qrunt suları məhəllələr arasında, həyətlərdə toplanır. Yağış sularının axıdılması üçün kanalizasiya sisteminin düzgün qurulmasına ehtiyac var”.
Müəllif: Banu Çiçək
ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.