ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir

23-10-2024, 16:26           
ABŞ liderinin məktubdakı mesaj:
Şahin Cəfərli: “Bayden səlahiyyət müddəti başa çatan tarixədək Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına çalışır”

ABŞ yenidən Azərbaycana Ermənistanla sülh sazişi imzalamağa çağırış edib. Belə ki, ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə oktyabrın 21-də göndərdiyi məktubunda qeyd edib ki, “iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam”.

“Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır. Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”, - deyə Bayden məktubunda qeyd edib.

Ağ Ev adminstrasiyasının rəhbəri onu da vurğulayıb ki, sülh prosesinə dəstək verməyə sadiqdir: “Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək. Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız".

ABŞ Prezidentinin Azərbaycan liderinə məktubunda toxunduğu nüanslarla bağlı AYNA-nın suallarını cavablandıran politoloq Şahin Cəfərli deyib ki, Baydenm məktubunda Qərbin mövqeyini təkrarlayıb:

- Görünən odur ki, Bayden səlahiyyət müddəti başa çatan tarixədək Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına çalışır. ABŞ Prezidentinin səlahiyyət müddəti gələn il yanvarın 20-də bitəcək. Bu tarixədək Bayden sülh sazişinin imzalanmasını və bunu özünün uğur hekayəsi kimi dünyaya təqdim etmək niyyətindədir. Əslində bu, sirr deyildi. Məlumd idi ki, Qərb, xüsusilə, ABŞ və Böyük Britaniya sülh sazişinin imzalanmasına çalışıblar. Aylar əvvəl Britaniyanın sabiq Baş naziri Rişi Sunak da Azərbaycan Prezidentinə məktub ünvanlamışdı. Sunak məktubunda tərəfləri noyabradək, COP29 tədbirinədək sülh sazişinin imzalamağa çağırırdı. Demək istəyirəm ki, bu mövqe yeni deyil. Baydenin İlham Əliyevə məktubunda da sülhə çağırış yer alır.

- Bayden bu çağırışına müsbət reaksiya alacaqmı?

- Onu deyə bilərəm ki, Azərbaycan hakimiyyəti ABŞ-da noyabrın 6-da keçiriləcək prezident seçkilərinin nəticələrini gözləyir. Rəsmi Bakı mövqeyini seçkilərin nəticələrinə uyğun müəyyənləşdirəcək. Aydındır ki, noyabrın 5-dək Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mümkün görünmür. Amma seçkilərdən sonra, Bayden postunu yeni ABŞ Prezidentinə təhvil verənədək sülh sazişinin imzalanması nə qədər mümkündür sualı aktualdır. Amma bu da seçkinin nəticələrindən asılıdır. Demokratlar Partiyası hakimiyyətdə qalsa, yəni demokratların namizədi Kamala harris seçilərsə, o zaman Azərbaycan tərəfi buna uyğun siyasətini müəyyənləşdirəcək,a ddımlar atacaq. Respublikaçılar Partiyası hakimiyyətə gələrsə, buna uyğun siyasət seçiləcək. Sirr deyil ki, Azərbaycan hakimiyyəti respublikaçıların namizədi Donald Trampın seçilməsində maraqlıdır. Çünki Tramp postsovet məkanına o qədər də önəm verən siyasətçi deyil. Tramp və ətrafındakı bir çox insanlar belə düşünür ki, postsovet məkanı Rusiyanın nüfuz dairəsindədir. Buna görə də hesab edirlər ki, postsovet məkanı ABŞ-ın maraqlarına uyğun deyil. Respublikaçıların xarici siyasətdə əsas diqqəti Hins-Sakit okean regionudur. Onlar üçün əsas xarici siyasət problemi Çin məsələsidir. Tramp ABŞ-ın bütün diqqətinin və resursunun Çinə yönəlməsinə tərəfdardırlar. Azərbaycan hakimiyyətinə də sərf edən odur ki, Ağ Ev adminstrasiyası bizim regiona daha çox diqqət göstərməsin. Başqa bir amil də odur ki, Amerikadakı erməni icması demokratlara daha çox yaxındır, nəinki respublikaçılara.

- Amma rəsmi Bakı sülhdən yayınma siyasəti aparmır...

- Azərbaycanın şərtləri var ki, onların yerinə yetiriləcəyi təqdirdə sülh sazişinin imzalanacağına hazır olduğunu bəyan edir. İndiki Ağ Ev adminstrasiyası isə hazırda əldə olunan razılaşmalar əsasında sülh sazişinin imzalanmasına çağırır. Bakının şərtlərindən biri budur ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilsin, Azərbaycana qarşı ərazi iddialarına son qoyulsun. Amma ABŞ-da da başa düşürlər ki, konstitusiya islahatı isə 5-10 günün, yaxud da 1-2 ayın məsələsi deyil. Bunu bildiyi halda Baydenin sülh sazişinin imzalanmasına çağırış etməsi o deməkdir ki, əldə olunan razılıqlar əsasında sülh müqaviləsi imzalansın. Azərbaycanın isə şərti ortadadır. Ona görə də güman etmirəm ki, Bayden postunu təhvil verənədək sülh sazişi imzalanacaq. Bu tezlikdə müqavilənin imzalanması inandırıcı görünmür.

Düşünürəm ki, Ermənistan o şərti yerinə yetirsə də, Azərbaycan tərəfi sülh sazişini imzalamağa tələsməyəcək. İstisna deyil ki, masaya rəsmi Bakı tərəfindən yeni şərtlər qoyulsun. Məsələn, Prezidentin köməkçisi Hikmət Hacıyev ötən günlərdə İtaliya mediasına müsahibəsində dedi ki, “Ermənistan neytrallıqla bağlı öhdəlik götürməlidir”. Deməli, bizim hakimiyyəin gözləntisi ondan ibarətdir ki, Ermənistan gələcəkdə hansısa hərbi blokda iştirak etməyəcəyi barədə Azərbaycan qarşısında öhdəlik götürsün. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Ermənistanın gələcəkdə NATO-ya üzv olmaq istəyəcəyi ehtimalını düşünür və bunda maraqlıdır. Ola bilsin ki, sonrakı mərhələdə Azərbaycan bunu bir şərt kimi irəli sürəcək. Düzdür, bu, hələlik sülh sazişinin imzalanması üçün Ermənistan qarşısında şərt kimi qoyulmur. Amma bu məsələnin sonradan aktuallaşacağı istisna deyil. Eləcə də, Ermənistanın işğal dövründə Azərbaycana vurduğu zərərlərin ödənməsi üçün təzminat ödənilməsi mövzusu da rəsmi Bakı tərəfindən qaldırıla bilər. Ermənistan hakimiyyəti bunu təxmin edir və Qərbin vasitəsilə Azərbaycana təzyiq etmək istəyir ki, əldə olunan razılaşmalar əsasında sülh sazişi imzalansın.

- Azərbaycan tərəfi ABŞ-ın bu çağırışına müsbət cavab verməyəcəyi təqdirdə bu, iki ölkə arasında münasibətlərə hansı təsirləri göstərə bilər?

- Aydın olan odur ki, Azərbaycan indiki şəraitdə sülh sazişi imzalamaq istəmir. Çünki yenə deyirəm, rəsmi Bakının konkret şərti var. O şərtin tez zamanda yerinə yetiriləcəyi də gözlənilən deyil. Buna Ağ Ev adminstrasiyasının reaksiyasına gəlincə, bu da ABŞ-dakı seçkilərin nəticəsindən asılıdır. Məlumdur ki, Azərbaycana qarşı sanksiyalar tələbi ilə Konqresə qətnamə daxil olub. Demokratlar hakimiyyətdə qalacaqsa, sanksiyalar məsələsi aktual olacaq və Azərbaycana təzyiqlər davam edəcək. Amma Tramp hakimiyyətə gələrsə, sanksiyalar məsələsinin aktuallığını qoruyacağını düşünmürəm. Yəni demək istədiyim odur ki, iki ölkə münasibətləri ABŞ-dakı prezident seçkilərinin nəticələrindən asılı olacaq.

- Bayden məktubunda qeyd edir ki, “sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək”. Bununla ABŞ lideri hansı mesajı verir?

- Əgər sülh sazişi imzalanırsa, o deməkdir ki, bölgədə təhlükəsizlik mühiti yaranır. Belə bir vəziyyətdə regiona xarici kapitalı cəlb etmək daha rahat olur. Aydındır ki, xarici sərmayə gərginliklərin, toqquşmaların, gərginlik ehtimalı olan bölgələrə yatırılmır. Əgər sülh sazişi imzalanarsa, bu, regiona sərmayələrin gəlməsi üçün daha əlverişli mühit olacaq.

İkincisi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinin aparılmasına ABŞ-ın nəzarətindəki beynəlxalq maliyyə qurumları vəsait ayıra bilər. Söhbət Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan və digər peyk banklardan gedir. Əlbəttə, sülh sazişi imzalanacağı təqdirdə bu imkanlar olacaq. Ola bilsin ki, Baydenin vermək istədiyi mesaj budur.

Müəllif: Anar Bayramoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.