Ekspert: Azərbaycana xaricdən pul köçürmələrində lider ölkə Rusiyadır

Dünən, 15:34           
Ekspert: Azərbaycana xaricdən pul köçürmələrində lider ölkə Rusiyadır
Azərbaycan Mərkəzi Bankı doqquz ay ərzində ölkəyə və ölkədən pul köçürmələrinin statistikasını açıqlayıb.

Dekabrın 11-də Azərbaycan Mərkəzi Bankında tədiyyə balansı ilə bağlı media brifinqində adıçəkilən bankın statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, 2024-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 408 milyon ABŞ dolları təşkil edib.

Azərbaycana xaricdən isə 848,5 milyon ABŞ dollar köçürülüb.

Onun sözlərinə görə, bu il Azərbaycandan pul köçürmələri üzrə lider ölkə Türkiyədir.

"Yanvar-sentyabr aylarının nəticələrinə əsasən Azərbaycandan pul köçürmələri üzrə lider ölkələr sırasına Türkiyə - 118 milyon dollar, ABŞ - 45 milyon dollar, Rusiya - 44 milyon dollar, Gürcüstan - 36 milyon dollar və Böyük Britaniya - 22 milyon dollar daxildir", o vurğulayıb.

Samir Nəsirov qeyd edib ki, bu ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən Azərbaycana pul köçürmələrində Rusiya lider mövqedədir.

"2024-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən Azərbaycana pul köçürmələri üzrə ilk beşliyə Rusiya - 411 milyon dollar, Türkiyə - 130 milyon dollar, ABŞ - 48 milyon dollar, Gürcüstan - 27 milyon dollar və Böyük Britaniya - 26 milyon dollar daxildir", Nəsirov qeyd edib.

Samir Nəsirov əlavə edib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti təxminən 4 milyard ABŞ dolları təşkil edib.

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, Azərbaycan müstəqillikdən üzü bəri xaricdən pul köçürmələrində lider ölkə Rusiyadır. Bu gün də Rusiya lider olaraq qalır. Son zamanlar Türkiyə və Avropadan pul köçürmələrində müəyyən artımlar var.

“Çünki Azərbaycan vətəndaşlarının artıq iş dalınca həm Türkiyə, həm Avropa İttifaqı ölkələrinə getdiyi görünür. Ölkəyə pul köçürmələrində ciddi azalma var. Bunun da səbəbi həm rus rublunun kəskin dəyərdən düşməsidir. Rus rublu son zamanlar təqribən 20-25 faizə yaxın dəyər itirib. Rusiyada çalışan soydaşlarımız rublla maaş alırlar və yaxud qazanırlar. Onları valyutaya çevirib ölkəyə gətirirlər. Ona görə də Rusiyadan göndərilən vəsaitlərdə kəskin azalma olduğuna görə, ümumi həcmlərdə də azalmaları müşahidə edirik”.

O ki qaldı nəzarət məsələsinə iqtisadçı deyir ki, pul köçürmələrinə nəzarət mümkün deyil.

“Bu heç lazım da deyil. Çünki bu şəxslərin fərdi vəsaitləridir. Göndərilən vəsaitlər də əksər hallarda 10 min dollardan çox olmur. Amma xaricdən pul köçürmələrinin kəskin azalması əsasən regionda yaşayan vətəndaşların sosial vəziyyətinə mənfi təsir edəcək. Çünki Azərbaycanın elə kəndləri, rayonları var ki, onlar Rusiyadan gələn vəsaitdən aslıdırlar”, o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.