Prezident İlham Əliyevin yerli TV kanallara verdiyi müsahibədə qarşıdakı hədəflərə işarələr

Bu gün, 11:14           
Prezident İlham Əliyevin yerli TV kanallara verdiyi müsahibədə qarşıdakı hədəflərə işarələr
Prezident İlham Əliyevin yerli TV kanallara verdiyi müsahibəni diqqətlə izlədim. Qısa xülasəni, fikirlərimi bölüşmək istərdim:
İqtisadiyyat.
Təəssüf ki, iqtisadi problemlərin kökü haqqında heç nə deyilmədi, bu gün iqtisadiyyatda olan problemlərin səbəbi idarəetmə sisteminin yeni çağırışlara, hədəflərə, dünyada baş verən dəyişikliklərə cavab verməməsidir. Yəni, problemlər nəticədir, səbəb idarəetmə sistemində olan qüsurlardır. Belə başa düşdüm ki, iqtisadiyyatın idarə edilməsində yeniliklər gözlənilmir. Təəssüf.
Xarici siyasət.
Dəfələrlə publik çıxışlarımızda da demişik ki, dövlətimizin apardığı xarici siyasət, aşağı-yuxarı bizim vizionumuza uyğundur. Qardaş Türkiyə, Türk Dövlətləri Təşkilatı haqqında deyilənlərə qatılıram – Türkiyə bizim əsl və daimi müttəfiqimizdir. Bəyəndiyim sitat isə bu oldu: “Biz Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir. Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq. Bizim Müttəfiqlik Bəyannaməmiz hər gün yeni amillərlə zənginləşir. Ona görə Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir və həm Yaxın Şərqdə, həm də eyni zamanda, Avropada”. Bu yanaşma doğrudur, yeni inteqrasiya addımlarına qapı açır.
Avropa, Qərb və ABŞ-la bağlı yanaşmada təbliğat hissəsini bir kənara qoysaq məğzi odur ki, Azərbaycan əməkdaşlığa hazırdır, qarşılıqlı tərəfdaşlıq üçün addımlar ata bilər. Hətta Rusiyanın maraqlarını heçə saymaqda davam edən açıqlama da oldu, sitat: “Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”.
Qərblə, ABŞ-la münasibətlərin "restart" olunmasına hazırlıq gedir və bu dövlət maraqlarımıza uyğundur.
Ermənistanla münasibətlər və sülh müqaviləsi.
Mən Azərbaycan Dövlətinin Ermənistanın silahlanması ilə bağlı qayğılarını anlayıram, adekvat addımlar atıldığını və atılacağından da əminəm. Amma, son bir ildə dəfələrlə dediyim bir məsələni təkrarlamaq istərdim – düşünürəm ki, sülh müqaviləsi çox yaxındır və müqavilə, və ya, ən azından çərçivə sazişi Trampın dəstəyi və ABŞ moderatorluğu ilə bu il imzalanacaq. Yəni, Tramp israr etsə, “yox” deyilməyəcək. Hətta, çox güman, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan normallaşması eyni gündə imzalanacaq.
Yeni hədəflər məsələsi.
Sonda jurnalistlərdən biri ölkəmizin yeni hədəfləri ilə bağlı sual verdi və bunu Qərbi Azərbaycan məsələsinə bağladı. Prezident də Ermənistan ərazisindən vəhşicəsinə qovulmuş soydaşlarımızla bağlı hamımızı qane edəcək cavablar verdi.
Amma, ölkənin yeni hədəfləri tək soydaşlarımızın Qərbi Azərbaycana dinc yolla qayıtması ola bilməz axı – bu yalnız hədəflərdən biri olmalıdır. Məmləkətimiz üçün qalibiyyətimizlə bitən Vətən müharibəsindən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra əsas hədəf Rifah Dövlətinin, Ədalətli idarəetmə sisteminin yaradılması olmalıdır. Azərbaycan Rifah içində və Ədalətlə yaşayan bir məmləkət olsa, Ermənistanla sülh müqaviləsi imzalansa, bir neçə ilə ticarət, gediş-gəliş yaranacaq, bir müddət sonra demokrafik və iqtisadi üstünlüyümüz Ermənistanda dinc yolla hiss olunacaq.
Müasir ekspansiya tank-topla olmur, olmamalıdır, bu gün, məsələn, Acarıstanda, Batumidə iqtisadiyyat Türkiyənin əlindədi, ümumiyyətlə, Gürcüstanda iqtisadi olaraq Türkiyə ciddi söz sahibidir. Müasir iqtisadi ekspansiya belə olmalıdır, iş o yerə çatıb ki, Batumidə gürcülər belə türk dili öyrənirlər, pis-yaxşı danışa bilirlər. Pul, iqtisadi maraqlar, biznes tank-topdan daha güclü “silahdır”.
Ona görə də, Azərbaycan olaraq biz də bu yolu öyrənməliyik, öyrənib tədbiq etmək üçün isə rəqabətli, ədalətli iqtisadi model qurmalıyıq. Başqa yol yoxdur – bir daha, indiki idarəetmə modeli yararsızdır, iqtisadi problemlərin həllinə mane olur, bu modellə Rifah Dövləti qurmaq, bölgədə iqtisadi gücə çevrilmək mümkünsüzdür...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.