Kaliforniya yanğınları: təbii fəlakət, siyasi fəlakət...
Bu gün, 00:02
Amerika Birləşmiş Ştatlarında - Cənubi Kaliforniyada dəhşətli yanğınlar davam edir. Bu, hər halda Kaliforniya tarixinin ən böyük meşə yanğınlarıdır.
Amerika mediası rəsmi mənbələrə istinadla xəbər verir ki, yanğın 15 min hektar ərazini əhatə edib. 12 mindən çox tikili yanıb. 16 nəfərin həlak olduğu, bir o qədər insanın isə itkin düşdüyü xəbər verilir. Cənubi Kaliforniyada bir çox yaşayış ərazilərindən insanlar təhlükəsiz yerlərə evakuasiya edilir. Yanğının nəzarət altına alınması ən yaxşı halda 11 faiz nisbətindədir. Bir sözlə, böyük fəlakətdir.
JPMorgan Chase Bankı yanğın bölgəsində dəyən ziyanın təqribən 50 milyard dollar civarında olduğunu açıqlayıb. Ancaq AccuWeather analitik şirkətinin hesablamalarına görə, zərər bundan 3 dəfə çox - 150 milyard dollara yaxındır.
ABŞ-ın aparıcı media orqanları əhalinin hakimiyyətdən narazılığı haqqında yazır. Vətəndaşlar rəsmi qurumların bu cür kataklizmlərə hazır olmadığını bildirir. Ən əsas ittiham da budur ki, istər yerli, istər federal hakimiyyət orqanları yanğın təhlükəsizliyi və yanğından mühafizə ilə bağlı üzərlərinə düşən vəzifələri vaxtında və tam həcmdə yerinə yetirməyiblər.
Kaliforniya ştatının qubernatoru deyib ki, fövqəladə hallar üzrə xidmətlərin işi hərtərəfli araşdırılacaq. Losğ-Ancelesin Yanğından Mühafizə Departamentinin rəhbəri Kristin Krouli isə bildirir ki, bu yaxınlarda quruma ayrılan vəsait ixtisar olunub. O, media nümayəndələrinə deyib ki, rəhbərlik etdiyi departament xroniki olaraq vəsait və personal çatışmazlığı yaşayır.
Bu, əlbəttə, çox dəhşətli təbii fəlakətdir və dünyanın heç bir yerində heç kəs belə kataklizmlərdən sığortalanmayıb. Həlak olanlar, itkin düşənlər, həm maddi, həm fiziki, həm mənəvi zərər çəkən insanlar var. Bu, vicdanı olan hər kəsin ağrısıdır. Azərbaycan da həlak olanlarla bağlı Amerika dövlətinə başsağlığı diləyib.
Bu fəlakəti, əlbəttə, siyasiləşdirmək niyyətində deyilik. Ancaq bəzi nüansları da xatırlatmaqda fayda var. Kaliforniyada, Los-Ancelesdə yanğının dağıtdığı, külə döndərdiyi ərazilərin videogörüntülərini izlədim. Gerçək apokalipsisdir. Dünənə qədər çağlayan həyat bir gündə, lap olsun, bir neçə gündə yanıb məhv oldu. Yüz minlərlə insana məxsus evlər, iş yerləri, qazanc mənbələri, eləcə də, dini məbədlər, sosial və mədəniyyət obyektləri, təbii və mədəni abidələr - hər şey yanıb külə çevrilib.
Bu mənzərə bizə, təəssüf ki, çox yaxşı tanışdır; 30 illik Ermənistan işğalı dövründə bunların hamısı Azərbaycan xalqının başına gətirildi. Ermənistan arxasını böyük dövlətlərə söykəyərək Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, Qarabağın, Şərqi Zəngəzurun bütün əhalisini ordan qovmuş, evlərini, iş yerlərini, bütün dini və mədəni abidələri, təbiət abidələrini dağıtmış, yağmalamış və yandırmışdı. Həmin xarabalıqlar hələ də qalır. Daha əvvəl isə yüz minlərlə Azərbaycanlı Ermənistandan zorla deportasiya ediımiş, evi, torpağı, əmlakı - bütün həyatı və gələcəyi yağmalanmışdı. Ancaq buna baxmayaraq, həmin o havadar dövlətlər, o cümlədən, ABŞ Ermənistana,beləcə də, Qarabağdakı keçmiş erməni hərbi xuntasına hər il dövlət büdcəsindən maliyyə yardımı ayırırdı. Amma Azərbaycana yardımı dayandıraraq, üstəlik sanksiya da qoymuşdular. Yəni zərərçəkəni cəzalandırıb, cinayətkarı mükafatlandırmışdılar.
Yox, bunu "ilahi ədalət" ədəbiyyatına yozmayın. Mətləb başqadır. Kaliforniyada yanğından mühafizə qurumunun rəhbəri deyir ki, maliyyə və insan resursıarı baxımından qıtlıq çəkirlər. Həm də xroniki olaraq. Amma Amerika Konqresi hölkumətin təklifi ilə hər il "xroniki olaraq" Ermənistana maliyyə yardımı göstərir. Dövlətin öz vətəndaşları, öz şəhərləri, öz təbiəti yanıb kül olur, bunun qarşısını almağa lazımi qədər pul ayırmır, amma Ermənistanı silahlandırmağa, dolandırmağa misli ilə ayırır.
Məsələn, elə bu Kaliforniya "qiyamət"indən bir neçə ay əvvəl - 2024-cü ilin sentyabrında ABŞ Ermənistana 250 milyon dollar məbləğində maliyyə yardımı ayırdı. 2023-cü ildə 120 milyon dollar vermişdi, 2024-cü ildə bu məbləği 2 dəfədən çox artırdı. Adından göründüyü kimi, bu, kredit deyil, borc deyil, yardımdır. Yəni Amerika dövlətinin Ermənistana verdiyi havayı puldur; geri qaytarılmayacaq.
O 120 milyon dollar, bu 250 milyon dollar... bunlar Amerika vətəndaşlarının ödədiyi vergilər hesabına formalaşmış məbləğlərdir. Həmin o Kaliforniyada özü, evi, şəhəri, əmlakı yanıb kül olan Amerika vətəndaşının verdiyi vergilərdir ki, Co Bayden götürüb səxavətlə Ermənistana göndərir. Amma öz vətəndaşını yanğın fəlakətindən qorumağa pul "tapmır". Öz vətəndaşının həyati ehtiyaclarından kəsib, öz xalqının xərclərinə qənaət edib, Ermənistandakı revanşizmə, neofaşizmə dəstək verib. Heç kimə sirr deyil ki, Co Bayden administrasiyası, eləcə də, Fransadakı Makron rejimi, bəzi başqa dövlətlərlə birlikdə illərdən bəri Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayırlar. Amma indi məlum olur ki, sən demə, ABŞ-ın bitməkdə olan hökuməti öz vətəndaşının yanğından mühafizə xərclərini azaldıb, Ermənistana maliyyə dəstəyi göstərib ki, rəsmi İrəvan yenə də öz Azərbaycanlı qonşusunun evini yandırsın.
İndi həmin o Bayden Kaliforniyada yanğının tüğyan etdiyi əraziləri "təbii fəlakət zonası" elan edib. Bu, Kayman timsahının göz yaşlarına bənzəyir. Vaxtında öz xalqının qayğısına qalmayıb, öz xalqlndan kəsib müftəxor erməniliyə yedirib, indi isə hər şey yanıb-bitəndən sonra "qış yuxusundan ayılıb".
Bəli, hər nə qədər insan faktorundan qaynaqlansa da, Kaliforniyada baş verənlər təbii fəlakətdir. Ancaq Bayden hökuməti, onun kimi Ermənistan faşizminə dəstək verən başabəl liderlər tam olaraq siyasi fəlakətdir. Təkcə başqaları üçün deyil, elə öz ölkəsi üçün də.
Amerikalı ekspertlərin özləri də bildirir ki, Amerikada bu cür kataklizmlər qlobal iqlim dəyişikliklərindən doğur. Amma Bayden-Blinken cütlüyü 2024-cü ilin noyabrında COP29 iqlim konfransını guya boykot etmişdi.
İndi görürsünüz: bu cür "lider"lər COP29-u deyil, əslində öz ölkəsini, öz vətəndaşlarını boykot ediblər. Bəlkə özləri də fərqində olmayıblar. Ya da elə bilərəkdən...
Bahəddin Həzi, Bizimyol.info