Kaliforniya dəhşətində ölü sayı artır: Tramp Baydeni ittiham edir
Bu gün, 08:18
Güclü külək yanğınla mübarizəni çətinləşdirib: yanğın 10 min tikilini məhv edib və ya ziyan vurub
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları məhdudlaşdırılsa da, yanğınlar davam etməkdədir və tam söndürülməyib. ABŞ mediasının məlumatına görə, Los-Anceles dairəsinin tibbi ekspertiza idarəsindən bildirilib ki, ərazidəki meşə yanğınları nəticəsində ölənlərin sayı əvvəl təsdiqlənmiş 11 nəfərdən 16 nəfərə çatıb. Yeni 5 yanğın qurbanının Palisades yanğını, 11-nin isə İton yanğını nəticəsində öldüyü qeyd edilib. Rəsmilər ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.
Yanğınsöndürənlər şənbə günündən etibarən Los Ancelesdə istiqamətini dəyişib, təxminən 400 hektara qədər əraziyə yayılan ən böyük və ən dağıdıcı yanğının qarşısını almağa çalışıblar. Yanğınları alovlandıran Santa Ana küləklərinin geri dönəcəyi proqnozlaşdırılır.
“Amerikanın Səsi” yazıb ki, Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin (Cal Fire) əməliyyatlar rəisi Kristian Litz brifinqdə jurnalistlərə deyib ki, “biz orada aqressiv şəkildə hərəkət etməliyik”.
Milli Meteoroloji Xidmət ərazidə küləkli hava şəraitinin bazar ertəsi axşamdan çərşənbə axşamı səhərədək davam edəcəyini, küləyin sürətinin saatda 48 kilometr, bəzi hallarda isə saatda 112 kilometrə çatacağını proqnozlaşdırıb. Bu isə yanğının daha da sürətləndirilməsinə şərait yaradır, fəlakətlə mübarizəni çətinləşdirir.
“Los-Anceles Times” qəzetinin məlumatına əsasən, təyyarələr və helikopterlər şənbə günündən etibarən Mandevill kanyonunda yanğınsöndürənlərə kömək etmək və Palisades yanğınının yayılmasının qarşısını almaq üçün birlikdə mübarizə aparırlar.
Beş yanğından ən böyüyü olan Palisades yanğınının istiqamətini dəyişməsi Brentvud və Ensino rayonları və San Fernando vadisinin ətəkləri daxil olmaqla, bu ərazilərdə evakuasiya əmrinin verilməsinə səbəb olub. Yanğın Getti Muzeyi və Los-Ancelesdə Kaliforniya Universitetinin şəhərciyini təhlükə altında qoyub.
ABŞ Prezidenti Co Bayden federal hökumətin meşə yanğınları ilə mübarizəyə yardım səylərini müzakirə etmək üçün yüksək səviyyəli rəsmilərlə görüşüb.
“Təssüf ki, bu sahədə çox təcrübəmiz var. İqlim dəyişikliyi realdır. Administrasiyamızın son dörd ilində real olub. Biz onun çox dağıdıcı təsilərini görmüşük”, - deyə Bayden vurğulayıb
Kaliforniya Meşə və Yanğından Mühafiə Departamentinin bildirdiyinə əsasən, yanğınlardan ən böyük olanı Palisades yanğını 8 min hektardan çox ərazini yandırıb. Departamentdən qeyd olunub ki, ikinci ən böyük yanğın olan İton yanğını təxminən 6 min hektar torpağın yanmasına səbəb olub.
Palisades və İton yanğınları artıq Los-Anceles tarixində ən dağıdıcı yanğınlar hesab olunur. İkisi birlikdə təxminən 85 kvadrat kilometr ərazini yandırıb, 10 min tikilini məhv edib və ya ziyan vurub.
Bayden jurnalistlərə deyib ki, onun administrasiyası yeni Prezident Donald Tramp administrasiyası ilə koordinasiyalı hərəkət edir.
Qeyd edək ki, yeni Prezident Donald Tramp hadisəyə görə Bayden və Kaliforniya qubernatoru Qavin Nyusomu günahlandırıb: “Onlar günahkardır,” Tramp “Truth” sosial media hesabında yazıb. Tramp iddia edib ki, yanğınlarla mübarizədə çətinlik Kaliforniyanın su siyasətinin düzgün qurulmamasına görə yaranıb.
Müəllif: Turan Abdulla