Trampın ikinci dövrü: Siyasi şahmat taxtasında yeni gedişlər?
Bu gün, 08:28
Bütün dünya dördgözlə həmin tarixi və onun hakimiyyətə gəlişini gözləyir. Hamının və münaqişədə olan hər kəsin gözü Trampa dikilib. Çünki prezident seçilməmişdən xeyli əvvəl – seçki təbliğatının ilk günlərində hakimiyyətə gələn kimi “sülh göyərçini” rolunu oynayacağına vəd etmişdi.
Hətta ABŞ-a rəqib olan nəhənglər belə, onun hakimiyyətə gəlməsini gözləyir. Rusiya da, İran da, Çin də. Hərənin də öz motivi var. Rusiya müharibə aparır – Trampın fəaliyyətə başlayandan sonra müharibəni dayandıracağını, yoxsa təzyiqi gücləndirəcəyini bilmək istəyir. İranın başı üzərində müharibə buludları toplaşıb – ABŞ-ın yeni administrasiyası İsraillə birlikdə hücum qərarı verə bilər. Çin isə Trampın birinci prezidentlik müddətində başladığı iqtisadi müharibənin davamına hazırlaşır. Üstəgəl, rəsmi Pekinin Vaşinqtonla həll edə bilmədiyi Tayvan problemi də var. Bir də hələ də həllini tapmayan İsrail-Fələstin (İsrail-HAMAS) qarşıdurması.
Bizim də öz gözləntilərimiz var. Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi məsələsi, Zəngəzur dəhlizi, son vaxtlar həddən artıq gərgin olan Bakı-Vaşinqton münasibətləri.
Tramp and içənə qədər bütün dünya mövqeyini ona uyğunlaşdırmağa çalışır. Dünya ABŞ-a kilidlənib, Trampın kilidi açmasını gözləyir.
Nədir səbəb? Doğrudanmı dünyanın xəritəsi (idarəçiliyi) ABŞ-dan və Trampdan asılıdır? Tramp hakimiyyətə gələndən sonra həqiqətənmi dəyişiklik baş verəcək?
Mövzu ilə bağlı Pressklub.az-a danışan politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Donald Trampın prezident seçilməsindən sonra dövlətlərin diqqətlərinin ABŞ-ə yönəlməsi əsasən iki faktorla bağlıdır:
“Birincisi, ABŞ hələlik dünyanın yeganə hiper gücüdür və ən azı əsrimizin sonuna kimi bu reallıq dəyişməyəcək. Nəhəng hərbi-siyasi və iqtisadi gücü ilə ABŞ dünyada cərəyan edən bütün böyük proseslərə yön verdiyi üçün Trampın hakimiyyəti dövründə Vaşinqtonun siyasətinin necə olacağı bütün dövlətlərini maraqlandırır. Xüsusilə də, Trampın proqnozlaşdırılması mümkün olmayan lider obrazı diqqətlərin ABŞ-ə yönəlməsinə səbəb olur.
Trampın birinci prezidentlik dövrü Çinə qarşı iqtisadi müharibənin əsasının qoyması, Pekinin uyğur türklərinə qarşı siyasətini soyqırımı elan etməsi, Yerusəlimi (Qüds) İsrailin paytaxtı olaraq tanıması və Qasım Süleymaninin məhv edilməsinə sanksiya verməsi onun proqnozlaşdırılmayam, mümkün hesab edilməyən istənilən addımı atmağa qadir lider olduğunu təsdiqləyib”.
Politoloq deyir ki, digər tərəfdən Trampın diplomatik etikaya məhəl qoymadığı də məlum olduğu üçün liderlər Ağ Evin yeni sahibi ilə yaxşı münasibətlər qurmağa çalışırlar:
“Bundan başqa, birinci prezidentliyi dövründə onu müəyyən addımları atmaqdan çəkindirən faktorlar vardı. İkinci dəfə seçiləndən sonra isə demokratların üstünlük təşkil etdiyi Konqres və Ali Məhkəmə ilə hesablamaq məcburiyyəti qalmayıb.
Tramp ikinci müddətə seçilib. Bir daha prezident olmayacağını bildiyi üçün ən gözlənilməz və sərt addımları atacaq. Xüsusilə də qarşıdakı iki ildə Trampın çox fəal olacağını gözləmək lazımdır. Çünki 2026-cı ilin noyabrında Konqresə aralıq seçkilər olacaq və respublikaçılar Konqresdəki çoxluğu itirə bilərlər. Tramp və komandası da belə perspektivi nəzərə alırlar və qarşıdakı iki ildə məqsədlərini gerçəkləşdirməyə çalışacaqlar”.
Politoloqun fikrincə, Trampın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına marağı Ukrayna müharibəsi ilə bağlı olacaq. “Əgər Ukraynada müharibəni dayandıra bilsə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına da nail olmaqla tarixə dünyada sülhü bərqərar edən şəxs kimi düşmək istəyəcək. Yox, Ukraynada müharibəni dayandıra bilməsə, bu uğursuzluğunu Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqla kompensasiya etməyə çalışacaq. Ona görə də fevral-mart aylarında Trampın bizim regionla bağlı təşəbbüsləri ola bilər”, - deyə Cəfərli vurğulayıb.
Onun sözlərinə görə, heç şübhəsiz, İran məsələsi də Trampın gündəliyində ön sırada, bəlkə də birinci sırada olacaq. Politoloq qeyd edib ki, İrana qarşı hərbi əməliyyat riski indi daha da artıb. Qasım Süleymanın öldürülməsini sanksiyalaşdıran Trampın İrana qarşı hərbi əməliyyat qərarı verməsi artıq adi məsələdir.
REAL Partiyasının sədri Natiq Cəfərli isə saytımıza açıqlamasında deyir ki, Azərbaycan Ermənistan arasında sülh danışıqları, o cümlədən Türkiyə-Ermənistan sərhədinin açılması Tramp administrasiyası dövründə baş verəcək və Trampın andiçməsindən sonra bu proseslər sürətlənəcək:
“Ermənistan Azərbaycanın tələblərini də qəbul etməyə başlayıb. Məsələn, Ermənistan artıq ATƏT-in Minsk Qrupunun buraxılmasına müsbət yanaşır. Onsuz da, ABŞ oradan çıxsaydı, bu baş verəcəkdi. Tramp isə mütləq bu addımı atacaq. Ona görə də, bütün bu hadisələrin Amerikaya kilidlənməsi normaldır. Çünki Amerika dünyanın iqtisadi və hərbi cəhətdən şəriki olmayan ən qüdrətli dövlətidir”.
Burla