Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:18
Gürcüstanla sərhəddə yerləşən "Qırmızı körpü" gömrük postunun açılması ilə bağlı xəbərlər yayılıb. Bu barədə sosial şəbəkələrdə videolar paylaşılıb. Milli.Az xəbər verir ki, videoda danışan vətəndaşlardan biri 2025-ci ildən etibarən "Qırmızı körpü" gömrük postunun açıldığını iddia edib.
Lakin bu da məlumdur ki, Azərbaycanın quru sərhədləri COVİD-19 pandemiyası elan edilən vaxtdan (2020-ci il) tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar hələ də bağlıdır. Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci ilin aprelin ayının 1-i saat 06:00-dək uzadılıb. Belə şəraitdə quru sərhəddi açıq ola bilərmi? Mənbə bildirir ki, gömrük postunun vətəndaşların keçidi üçün açılması Nazirlər Kabinetinin müvafiq qərarı ilə mümkündür, lakin belə bir qərar hələ ki yoxdur. Amma ölkə ərazisindən çıxan əcnəbi şəxslərin öz ölkələrinə getməsinə heç bir qadağa yoxdur. Məsələn, Gürcüstan vətəndaşı Gürcüstana, Rusiya vətəndaşı da Rusiyaya gedə bilər. Yəni onlar üçün ölkədən çıxışa məhdudiyyət yoxdur. Məsələ ilə əlaqədar Dövlət Sərhəd Xidmətindən Modern.az-a bildirilib ki, dövlət sərhədindən buraxılış məntəqələri Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir. Əcnəbilər ölkə ərazisinə gələn zaman hava yolundan istifadə etməlidirlər, ölkə ərazisini tərk etdikləri zaman isə heç bir məhdudiyyət qoyulmur.
Bu arada Gürcüstan Türk Dövlətləri Təşkilatına üzv ölkələrə ortaq layihələrin həyata keçirilməsini təklif edib. Bu təkliflə Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamentinin rəhbəri Zurab Siçinava Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında çıxış edib. O qeyd edib ki, təklif olunan layihələrə ortaq sərhəd-keçid məntəqələrinin yaradılması və fəaliyyətinin təmin edilməsi, eləcə də tranzitin asanlaşdırılması daxildir. Departament rəhbəri bildirib ki, xüsusilə Gürcüstan yeni kompüterləşdirilmiş tranzit sisteminə qoşulduqdan sonra bu təşəbbüslərin əhəmiyyəti daha da artacaq. Z.Siçinava əlavə edib ki, bu il TDT-yə üzv ölkələr üçün əsas prioritet gömrük vasitəsilə effektivlik, rifah və təhlükəsizliyin təmin edilməsidir. Bu üç əsas istiqamət üzrə işlər davam etdirilməlidir.
Gürcüstanın belə bir təklif irəli sürməsi quru sərhədlərin yaxın zamanda açılacağına dair ümidləri artırır. Xüsusən də nəzərə alsaq ki, quru sərhədlərin bağlı qalmasından məhz Gürcüstanla tarixi-etnik əlaqələri olan azərbaycanlılar daha çox əziyyət çəkir, Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamenti rəhbərinin təklifi Azərbaycan üçün daha faydalıdır. Onu da nəzərə alaq ki, Rusiyada əməkçi miqrant olaraq çalışmış soydaşlarımızın hazırda Vətənə geri qayıtmasına məhz quru sərhədlərin qapalı olması böyük əngəl yaratmaqdadır. Rusiya hökuməti tərəfindən miqrasiya qaydalarının sərtləşməsindən sonra Azərbaycana qayıtmaq məcburiyyətində olan soydaşlarımızın hazırda Mahaçqalada polis məntəqəsində saxlandığı barədə məlumatlar da var. Rusiya ərazisini tərk etmələri tələb olunan, lakin Azərbaycan ərazisinə də keçə bilməyən soydaşlarımız çıxılmaz vəziyyətlə üzləşib. Problemin həlli üçün təkliflər səslənsə də, hələ ki nəticə görünmür.
İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, quru sərhədlərin artıq beşinci ildir bağlı qalması həm ölkə iqtisadiyyatına ziyan vurur, həm də vətəndaşların gündəlik həyatına:
- Məlumdur ki, Gürcüstanın Bolnisi, Qardabani, Marneuli bölgələrində minlərlə soydaşımız doğma dədə-baba yurdunda yaşamaqdadır. Elə ailələr var ki, Azərbaycanla, Bakı ilə sıx əlaqələri var. Ailə üzvləri burada yaşayır, sıx gediş-gəlişləri olub pandemiyadan öncə, ticarət əlaqələri olub. Gürcüstandan “Qırmızı körpü” postuna, oradan da Qazax, Ağstafa, Tovuz, Şəmkir... və sair bölgələrimizə ticarət malları gətirilirdi, insanlar qazanc əldə edirdilər. Bundan əlavə dövlət özü də iqtisadi ticari əlaqələrdən gəlir əldə edirdi, turizmin inkişafına münbit şərait yaranırdı. Əlbəttə, karantin rejiminin qaydalarına əməl edilməlidir, dövlət təhlükəsizliyi də sözsüz ki, önəmlidir. Regionda baş verən hadisələr bunu zərurətə çevirir. Lakin hansısa formada insanlar üçün gediş-gəliş imkanı yaratmaq da olar. Nəhayət ki, belə bir imkan yaradılmalıdır. Elə vətəndaşlarımız var, ailə üzvünün, yaxın qohumunun nə yasında iştirak edə bilir, nə toy məclisində. Anasını, atasını da görə bilmir, görüşə bilmir. Hesab edirəm ki, qohumluq əlaqələri olanlar üçün müəyyən güzəştlər tətbiq edilə bilər. Qısa da olsa müddət qoyulmaqla, yəni Gürcüstan ərazisində qalmaq müddəti, Gürcüstan sərhədini quru yolla keçmələrinə icazə verilə bilər.
F.İbrahimov hazırda Rusiya-Azərbaycan sərhədində qalan soydaşlarımızın da Vətənə dönmələri üçün addımlar atılmalı olduğunu dedi:
- Burada çətin bir iş yoxdur, məncə. Xüsusi reyslər təşkil edilə bilər, ya təyyarə, ya da quru yolla avtobuslarla. Necə ki, Türkiyədən Naxçıvana quru yolları açıqdır, bunu Rusiya-Azərbaycan sərhədində də müvəqqəti də olsa, etmək mümkündür. Biz soydaşlarımızı bu çıxılmaz vəziyyətdən qurtarmalıyıq.
F.İbrahimov onu da qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması quru sərhədlər problemini həll edə bilər:
- İnanıram ki, Zəngəzur dəhlizinin açılması ilə quru sərhədlər problemi də həllini tapacaq. Arzu edək ki, bu məsələ tezliklə həllini tapsın və yaxşı bir presedent olaraq problemin həllinə kömək etsin.