İstirahət günü yazısı. Düşünmək üçün. (Bu dəfə əsasən, hökumətin düşünməsi üçün).

Bu gün, 10:14           
İstirahət günü yazısı. Düşünmək üçün. (Bu dəfə əsasən, hökumətin düşünməsi üçün).
Cəmiyyətimizdə gizli bir aqressiya var, bu yaxşı bir şey deyil, elə Dövlətimiz üçün yaxşı deyil. Amma bu aqressiya nəticədir – səbəb ədalətsizlik hissi və rihafın, milli gəlirin doğru bölüşdürülməməsidir. Bu bölgünün ədalətli olması üçün mexanizmlər işləmir, və ya, zəif işləyir.
İnsan övladı dünyanın hər yerində təhlükəsiz və rifah içində yaşamaq istəyir. Azərbaycan vətəndaşları isə dünyada nadir toplumdur ki, öz əməyi, işi, qazancı hesabına həm Dövlətinin təhlükəsizliyini, həm də öz rifahı təmin etmək istəyir. Yəni, hökumətdən gözləntisi köməkdən çox, onların mane olmaması və ədalətli, hamı üçün bərabər “oyun qaydalarının” bərqərar etməsidir.
Ədalət olmayan yerdə rifah olmur, ədaləti isə qanunun aliliyi, sərbəst məhkəmə sistemi, adil qanunlar təmin edir. Bu şərtlər isə anacaq azad seçkilərlə bərqərar olur – bu qızıl qaydadır, həmişə keçərlidir. Yenidən velosiped icad etməyə ehtiyac yoxdur, bu heç mümükün də deyil.
İmişlidə həyatını itirənlərin yaxınlarına baş sağlığı diləyirəm, Allahdan səbr arzu edirəm. Hadisənin videosu onu deməyə əsas verir ki, DYP maşınının qarşısına çıxan avtomobil polis maşının qəza törətməsinə səbəb olub. Amma yenə də, mən mütəxəssis deyiləm, ümid edirəm ki, tam obyektiv araşdırma aparılacaq, tutduğu vəzifəsindən asılı olmayaraq günahı olanlar ədalətli şəkildə cəzalandırılacaqlar.
Böyük faciədir, amma insanların bu hadisəyə reaksiyası, ən azından gördüyümüz videolarda daha böyük faciənin kəndarında olmağımızdan xəbər verir – cəmiyyətdə depolanan aqressiya və kin var. Bu çox pisdir, təhlükəlidir, məmləkətimiz üçün ən arzu edilməz ssenarilərə qapı aralayır.
Hüquq-mühafizə orqanlarımız güclüdür, buna sözüm yox, amma, güc heç də həmişə ədalət demək deyil. Gücün üzərinə ədalət də gələndə vətəndaş üçün Dövlət orqanları tək çəkindirici faktor deyil, həm də hamımızın ehtiyac duyduğumuz güvəndə yaşamaq hissi yaradan institutlara çevrilirlər.
Ona görə də, bir daha hamımız düşünək – bu Dövlət, bu məmləkət bizimdir, Azərbaycanın təbii və insan resurları, camaatımızın çalışqanlığı, əmək və pul sevərliyi (pul qazanmağı sevmək yaxşı hissdir – sadəcə, bunu ədalətlə idarə etmək lazımdır) ölkəmizin Rifah Dövlətinə çevirmək üçün kifayyətdir. Əsl sabitlik rifahdan, orta sinfin sayının çoxluğundan, iqtisadi fürsətlərin genişliyindən doğur. Bunu unutmayaq, bu yolda mane yaradan idarəetmə sisteminin ədalətlə yenidən dizayn edilməsinə hamılıqla çalışaq – yol isə bəllidir, yeni Konstitusiya, yeni vergi-gömrük və iqtisadi qanunlar, yeni, qalib ölkəyə, qalib xalqa yaraşan idarəetmə modeli. Vəssalam...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.