ABŞ-ın yeni administrasiyasının Trans-Xəzər regionu ilə bağlı piroritetləri – səfir Riçard Hoqland şərh edir
15-02-2025, 16:18

Vaşinqtondakı ekpsertlər Tramp administrasiyasının xarici siyasət prioritetləri sırasında Xəzər regionunda strategiyasının mümkün istiqamətlərini təhlil etməyə davam edir. Bir sıra ekspertlər yeni administrayanın regionla daha geniş qarşılıqlı əlaqələrin qurulmasının vacibdliyini vurğulayır. Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təhlükəsizlik və siyasət proqramlarının sədri, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə keçmiş köməkçisi və ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Riçard Hoqland bu yaxınlarda yazdığı məqalədə Tramp administrasiyası üçün Xəzər regionu ilə bağlı tövsiyələrini irəli sürüb. Riçard Hoqland Amerikanın Səsinə müsahibədə ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında xarici siyasət prioritetləri haqda danışıb.
Amerikanın Səsi: Siz bu yaxınlarda Xəzər Siyasət Mərkəzi üçün yazdığınız məqalənizdə Cənubi Qafqaz və Mərkəzi Asiyaya xüsusi diqqət yetirərək, yeni administrasiya üçün Transxəzər regionunda xarici siyasət prioritetlərini təhlil etmisiniz. Yeni administrasiya bu regionlarda hansı strategiyaları yürütməlidir, irəliyə doğru hansı istiqamətdə getməlidir?
Riçard Hoqland: Bu gözəl suala görə təşəkkür edirəm və sizinlə yenidən danışmaqdan məmnunluq duyuram. Bunu demək istəyirəm. İstər Respublikaçı, istərsə də Demokrat siyasi administrasiyalarımız keçmiş sovet dövlətlərini heç vaxt xarici siyasətdə öz gündəmlərində birinci yerə qoymayıblar.
Bununla belə, son illərdə Çinin “Bir Kəmər və Bir Yol” təşəbbüsü, Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyada böyük rol oynadığını, Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz ölkələrinə keçərək, Rusiyanı ötərək Çindən Avropaya ticarət yollarını açdığını gördük.
Buna görə də düşünürəm ki, Birləşmiş Ştatların nəhayət bunun dəyərini başa düşdüyü nöqtəyə gəlməsi və region ölkələrinin indiyə qədər heç vaxt olmadığı kimi birlikdə işləməyə başladıqlarını, onların Mərkəzi Asiyada özlərinin C5 qrupu olduğunu və Azərbaycanı dəvət etdiklərini görməsi əhəmiyyətli olardı. Gec-tez Azərbaycan və Ermənistan arasında sülh yarananda C5-in daha da genişlənməsi ehtimalı var.
Beləliklə də, sizin sualınızla bağlı konkret olaraq, mən istərdim ki, Vaşinqtondakı yeni administrasiya diqqətini bu regiona yönəltsin və C5-i dəstəkləmək və onun C6, C7 və nəhayət C8-ə çevrilərək, heç kimi istisna etmək üçün deyil, bölgənin özünün daha müstəqil olmasına kömək üçün belə yeni regional təşkilat yaratmasına kömək etmək üçün mümkün olan hər şeyi etsin. Bu, mənim tövsiyəm olacaq.
Amerikanın Səsi: Yeni administrasiya üçün tövsiyələrdən biri region ölkələri, regional rəsmilər və liderlərlə daha çox əlaqə qurmaq, daha çox səfərlər etmək, insanlarla görüşmək və danışıqlər aparmaqla bağlıdır. Sizin fikrinizcə, yeni administrasiya regional liderlərlə hansı əsas məsələləri müzakirə etməlidir və hansı məsələlər prioritet olmalıdır?
Riçard Hoqland: Çox yaxşı sualdır. Mən qəti şəkildə inanıram ki, Vaşinqtonda bəzi yeni yüksək səvyyəli rəsmilərimiz ən qısa zamanda regiona səfər etməlidirlər.
Bununla mən Milli Təhlükəsizlik Şurasının müşaviri, Təhlükəsizlik Şurasının müşaviri Valz, yeni dövlət katibi, hətta müdafiə nazirimizin səfərini tövsiyə edərdim. Onlar orada olanda nə etməlidirlər? Regionda nəyin vacib olduğunu bilirsinizmi? Yüksək səvyyəli rəsmilərin səfər etməsi bəzən onların dediklərindən daha önəmli olur. Beləliklə də bu, sadəcə orada görünmək, orada olmaq, həmin ölkənin və onun yerləşdiyi regionun Vaşinqtondakı hazırkı hökumət üçün vacib olduğu mesajını vermək və sonra irəliyə doğru addımlar atmaqdır.
Amerikanın Səsi: Prezident Tramp bu yaxınlarda çıxışlarının birində əsas siyasət prioritetlərini vurğulayaraq, enerji siyasətinə böyük əhəmiyyət verib. Bu sahənin əhəmiyyəti nəzərə alınsa, onun yanaşması ABŞ-ın regionla, xüsusən də enerji sahəsində əməkdaşlığı necə şəkilləndirə bilər?
Riçard Hoqland: Bu administrasiya hələ yenidir, ona görə də bunun hara gedəcəyini təxmin etmək çətindir. Amma demək istəyirəm ki, siz tamamilə haqlısınız. ABŞ-ın bir sıra böyük enerji korporasiyaları Qazaxıstan, məsələn, Azərbaycanda Xəzər dənizində fəal şəkildə investisiya qoyur. Buna görə də Vaşinqtonda indiki hökumət kimi bir hökumət istər-istəməz böyük investorlara ciddi diqqət yetirəcək, çünki onlar siyasət məsələsində onlara kömək edirlər. Ona görə də hesab edirəm ki, qaz və neft sənayesi sahəsi bu administrasiya üçün çox vacib olacaq. Lakin onu da qeyd etmək istərdim ki, başqa bir məsələ də var, o da regionda, xüsusən də Qazaxıstan kimi yerlərdə tapılan nadir ehtiyatlar və mühüm minerallardır. Bu da dünyanın o biri tərəfində ölkəmizin iqtisadi gələcəyinin qurulmasında rol oynayacaq. Həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz regionları bu əlaqələrin qurulmasına diqqət yetirə bilər.
Amerikanın Səsi: Siz məqalənizdə insan hüquqları məsələsinə də toxunmusunuz və region ölkələrində insan hüquqları sahəsində ciddi problemlər mövcuddur. Yeni administrasiya bu mühüm məsələnin həlli üçün hansı yanaşmanı tətbiq etməlidir?
Riçard Hoqland: Bu suala görə təşəkkür edirəm. Mən sizə deyim ki, bu, təkcə indiki administrasiya üçün deyil, istər Respublikaçı, istərsə də Demokrat olsun, əvvəlki administrasiyalar üçün də çox həssas məsələdir. Birləşmiş Ştatlar və regionda insan hüquqları ilə bağlı problem ondan ibarətdir ki, ölkələrin dünyaya və onlar üçün vacib olan məsələlərə baxışında kəskin fərq mövcuddur.
İnsan hüquqlarına gəldikdə, təəssüf ki, Vaşinqtonda əvvəllər mənim müəyyən dərəcədə barmaq silkələmək, ad vermək, utandırmaq adlandırdığım praktika tətbiq edilirdi. Deyirdilər ki, ”səhv etdiyiniz şey budur”. Lakin bunu necə düzəltmək lazım olduğunu demirdilər.
Mən ABŞ-ın regionda səfiri vəzifəsində işləyərək öz təcrübəmdən bilirəm ki, dünyanın bu hissəsində işlərin görülməsinin əsas yolu insanlarla əlaqələr qurmaqdan ibarətdir. Siz olduğunuz ölkədə hökumət administrasiyasında sizi dinləməyə hazır olan əsas şəxsi tapırsınız. Siz insan haqları ilə bağlı konkret məsələdən danışırsınız. Məsələn, QHT rəhbəri həbs olunub. Siz izah edirsiniz ki, bu adamla düzgün və qanuni davransanız hökumətiniz devrilməyək. Bu adam sizin hökumətinizi devirməyə çalışmır. O, həyatı yaxşılaşdırmağa çalışır. O, ölkənizin insanlarının həyatını yaxşılaşdırmağa çalışır. “Gəlin bunu etmək üçün bir yol tapaq. Gəlin konkret mövzu üzərində işləyək, bunu həll edək”. Və bunu etmək olar.
Sonra siz irəliləyirsiniz və digər konkret məsələlər haqqında danışırsınız. Amma Vaşinqtondakı administrasiya diqqətini barmaqla hədələmək, ad qoymaq və utandırmağa deyil, konkret məsələlərə yönəltməlidir.
Amerikanın Səsi: Səfir Hoqland, siz regionun hər yerinə səfərlər etmisiniz, region ölkələrinin Vaşinqtonda yeni administrasiya ilə bağlı hansı gözləntilərinin olduğunu düşünürsünüz? Bununla yanaşı, sizin fikrinizcə, onlar gələcəkdə hansı əməkdaşlıq münasibətləri qurmağa ümid edirlər?
Riçard Hoqland: Düşünürəm ki, hər şeydən çox haqqında danışdığımız regionun liderləri Vaşinqtona səfər etmək üçün dəvəti alqışlayardılar. Bunun Ağ Evə rəsmi dövlət səfəri olması mütləq deyil. Amma təbii ki, Ağ Evdə Prezidentlə görüş olur. Prezidentin müşavirləri ilə görüşlər, ABŞ hökumətinin nazirləri və digər liderlər ilə görüşlər keçirilir. Ölkənizə investisiya qoymaqda maraqlı ola biləcək özəl sektor liderləri ilə görüşürsünüz. Mən hesab edirəm ki, Vaşinqtonda yeni administrasiyanın hakimiyyəti altında baş verə biləcək ən yaxşı şeylərdən biri bu olardı ki, liderlər Vaşinqtona gəlsinlər və insanlarla danışsınlar və kim olduqları və nə istədiklərini desinlər. Mən bunun baş verməsini çox istərdim.
Dilşad Əliyarlı