İstanbuldan Tiflisə 54 dollara - 91 manata, Tiflisdən Bakıya 604 yevroya - 1128 manata bilet almalıdır FOTO
11-04-2025, 10:20

İstanbuldan Tiflisə 54 dollara - 91 manata bilet alıb gələ bilərsən. Gürcünün 3 tabak xaçapurisinə - pendirçorəyinə aldanıb 52 manat verib yeyə bilərsən. Kükürdlü sularda mutlu ola bilərsən...
Hünərin var Tiflisdən Bakıya gəl...
Gör, Azal sənə nə divan tutur...
1 saatlıq uçuşa Bakı səndən 200 dollar - 340 manat alar, səni də mat qoyar. Çarən nədir...
Bu, biletlərin ən ucuzu, baqajsızıdır.
Demək, İstanbuldan Tiflisə 91 manata gəlirsən.
Tiflisdən Bakıya - 550 km - 1 saatlıq uçaq yolunu 340 manata gələ bilərsən.
Azalın `Bakı-Tiflis 49 dollar` yazdığı elana aldanma. O qiymətə bileti bu gün arayası olsan yalnız noyabr ayına - 7 ay sonraya tapa bilərsən.
Əgər Tiflisdə yaşayan övlad, bacı, qardaş və ya hər kim... Bakıdan elə bu gün (ki ölüm-itim dünyasıdır) bir qara xəbər alıb ertəsi gün özünü dəfnə çatdırmalıdırsa 604 yevroya bilet almalıdır. Yəni 1128 manata - Tiflisdən Bakıya!

Bəli, bəli, səhv görmədiniz, min yüz iyirmi səkkiz manata!
Ya da gözləməlidir ölüsünün 7-si çıxsın ki 150 yevroya - 280 manata bilet tapa bilsin. Onun da adı 150 olacaq, kart sms-lər çalışmayacaq, tanışa-bilişə zəng vurub 180 yevroya - 340 manata - az qala bir aylıq maaşa - bəlkə tapa biləsən.
Niyə?
Axı niyə?
Bu xalqın günahı nədi ki bu cəzanı çəkir?
O yolu ki bu yarı o tayda, yarı bu tayda qalan tayfa - yurdu dövlətinin sərhədlərindən kənarda qalmış millətimiz 15-20 manata gedib gəlirdi, biri-birinin xeyir-şərində iştirak edirdi, ya da eləcə yol keçib azad insan kimi ta avropalara qədər gedirdi... niyə indi bağlı qapılar arxasında qalmalıdır?
Bu, nəyin intiqamıdır?
Xalqı bu qədər yandırıb yaxmaq kimə lazımdır?
Bir sıra səbəblər üzündən Azərbaycan vətəndaşının yolu Tiflisə düşür. Tiflisdən keçir. Düşdü, düşmədi, keçdi, keçmədi, bu soyğun, bu yolkəsmə nəyə xidmət edir?
Gürcüstan vətəndaşı Azərbaycana uçaqla gəlirsə quru yolla ölkəsinə geri dönə bilir. Gürcüstan öz vətəndaşını can-başla içəri alır. Almaması dövlətin anayasasına ziddir. Həmsərhəd ölkələr olan Rusiya da, İran da belə edir. Sabah Ermənistanla sərhəd açılsa o da belə edəcək.
Azərbaycan vətəndaşının gürcüdən, ermənidən, rusdan bir əskikliyimi var? Bu, hansı ağlın, hansı təcrübənin, hansı məqsədin göstəricisidir?
Bu xalq müstəqil Azərbaycan qurdu, bu yolda qanını-canını verdi, yurdu dağıldı, milyon köç etdi, 30 il evindən, eşiyindən didərgin düşdü ki sovetin dəmir pərdələri evimizin içinə kimimi girsin?
Baş tapmaq olmur...
s.a. bu gülərüz tiflisli soydaşlarım əmindirlər ki, mayın 1-dən qatar yolu açılacaq. Biri anasını, o biri bacısını görməyə gələcək. Amma üzgün-üzgün deyirlər, Bakı, qatar biletinə də yaman baha qiymət qoyub...
Mehriban Vezir
TEREF