ŞOK İDDİA: Rusiya mayda Zəngəzura yerləşir
11-04-2025, 10:50

Rusiyanın Qafanda baş konsulluq açacağı haqda artıq iki ilə yaxındır söz-söhbətlər getsə də, İrəvan bunu əngəlləyir. Qafan Azərbaycanla həmsərhəd ərazidə, Sünik (Zəngəzur-E.P.) rayonunda yerləşir. Hələ aylar öncə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan təsdiqləyib ki, Moskva “Qafanda Baş Konsulluq açmaq istəyini ifadə edib” və İrəvan bununla razılaşıb.
Qafandakı baş konsulluq Rusiyanın Ermənistanda sayca ikinci konsulluğu olacaq. Rusiyanın ilk konsulluğu Gümrüdədir. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova son brifinqdə konsulluqla bağlı suala birmənalı cavab verməyib: “Biz may ayına qədər baş konsulluğun açılışının vaxtı ilə bağlı konkret razılaşmalar əldə edəcəyimizi gözləyirik. Əminik ki, Rusiyanın respublikanın cənubundakı strateji əhəmiyyətli regionda mövcudluğunun ardıcıl şəkildə genişləndirilməsi Ermənistanın, Rusiyanın və bütövlükdə regionun uzunmüddətli maraqlarına cavab verir”, - deyə Zaxarova bildirib. Onun sözlərinə görə, “İranla azad ticarət zonası haqqında sazişin bu yaxınlarda ratifikasiyası ilə əlaqədar Sünikdə ölkələr arasında iqtisadi gündəmin təşviqi Aİİ formatında getdikcə daha çox əhəmiyyət kəsb edir”. Zaxarova əlavə edib ki, Rusiya Baş Konsulluğunun açılması “Sünik bölgəsinin dinamik, dinc və təhlükəsiz inkişafı üçün etibarlı sığortaya” çevriləcək. İrandan sonra Rusiyanın bu bölgədə konsulluq açması gerçəkləşərsə, Zəngəzur regional geosiyasi mübarizənin mərkəzinə çevrilə bilər.
Bu arada, İran və Ermənistanın Zəngəzur dəhlizinin keçdiyi marşrut boyunca birgə hərbi təlimlər keçirməsi də gündəmin əsas mövzularındandır. 9-10 aprel tarixlərində keçirilən təlimlərlə bağlı yayılan məlumatlarda bildirilir ki, “Tərəflər iki ölkənin dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə simulyasiya edilmiş terrorçu qrupların hücumlarının zərərsizləşdirilməsi üzrə birgə əməliyyatlar keçirəcəklər”. Birgə təlimlərin Zəngəzur dəhlizi boyunca keçirilməsinin Rusiyaya mesaj olduğunu da söyləmək olar.
Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizinə öz qüvvələrini yerləşdirmək niyyəti, həmçinin İranın tez-tez “qırmızı xətt”li açıqlamalarla çıxış etməsi, həmçinin Rusiyanın sözügedən ərazilərdəki sərhədçilərinin 1 yanvar 2025-ci ildən etibarən ərazidən çıxarılması məsələlərə müəyyən qədər işıq salır. 44 günlük müharibədən sonra tez-tələsik Qafanda baş konsulluq açan İran Azərbaycanın Qərbi Zəngəzurda möhkəmlənməsini qəbul etmir. Heç şübhəsiz ki, Araz çayı üzərindən Naxçıvana yolun çəkilməsinə razılaşmasının da arxasında Zəngəzur dəhlizi ilə bağlı qlobal əhəmiyyətli layihəni əngəlləməkdir. Elə birgə təlimlərin məqsədi də hərbə-zorba gəlməkdir. Amma Kreml İranın əngəllərinin qarşılığında öz istəklərindən vaz keçəcəkmi, demək çətindir. Ermənistanda Rusiyanın təsiri İranla müqayisədə dəfələrlə böyükdür və Gümrüdəki hərbi bazanı xatırlatmaq kifayət edər.
Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiyanın Qafanda konsulluq açacağı ilə bağlı razılaşma yeni deyil və sözügedən diplomatik nümayəndəliyin açılışı ilə bağlı prosesin gecikmə səbəbləri, istisnasız olaraq, Ermənistanın razılaşmalardan və öhdəliklərdən yayınması ilə bağlıdır: “Təbii ki, istər İranın Qafanda konsulluq açmasının, istərsə də Rusiyanın belə bir istəyinin olmasının konsulluq fəaliyyəti ilə, demək olar ki, heç bir əlaqəsi yoxdur. Bu, Zəngəzurda siyasi iştirakın diplomatik ad altında legitimləşməsinə xidmət edən addımdır. Qafanda İranın konsulluğunun açılması bölgədəki reallıqlara təsir göstərmədiyi kimi, bu ərazidə Rusiya konsulluğunun da açılması mahiyyət etibarilə heç nəyi dəyişməyəcək. Rusiyanın Ermənistanda hərbi-siyasi və iqtisadi iştirakı ilə bağlı aspektlər reallıqda dəyişməyib və olduğu kimi qalır”.
Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiya sərhədçiləri tərəfindən təmin edilməsinə gəldikdə, E.Mirzəbəyli bildirdi ki, bu, İrəvanın Moskva qarşısında götürdüyü öhdəlikdir: “Məsələnin ölkəmizə aid hissəsi isə cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycandan-Azərbaycana maneəsiz gediş-gəlişin təmin edilməsidir. Bu isə Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikdir. Bizim üçün önəmli olan gediş-gəlişin maneəsiz və təhlükəsiz olmasıdır. Zəngəzur dəhlizi ilə bağlı mənzərənin aydın olması üçün 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndinə nəzər salmağı zəruri hesab edirəm. Beləliklə, sözügedən bəyanatın 9-cu bəndində qeyd olunur ki, "Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir". Göründüyü kimi, mətndə Ermənistanın maneəsiz hərəkətin təhlükəsizliyinə zəmanət verməsi birmənalı şəkildə qeyd olunur. Rusiya isə burada, mətndən göründüyü kimi, sərhəd-keçid prosesinə nəzarəti həyata keçirirlər. Dövlətlərin əsas əraziləri ilə eksklavları arasında maneəsiz gediş-gəlişin təmin edilməsi, beynəlxalq təcrübədə dövlətlərarası müavilələrlə tənzimlənir. Bununla bağlı sahəvi konvensiyalar yoxdur. Ayrı-ayrı beynəlxalq sənədlərdə bəzi ümumi hüquqi yanaşmalar yer alıb. Lakin bu qəbildən olan məsələlər bir qayda olaraq, dövlətlərarası müqavilələrlə tənzimlənir".
Milli Məclisin üzvü bununla bağlı konkret nümunələr gətirdi: “Məsələn, Kalininqrad dəhlizi üzrə Rusiya-Aİ və Rusiya-Litva razılaşmaları var. Belə ki, 2002-ci ildə Rusiya və Avropa İttifaqı arasında Kalininqrada keçidlə bağlı xüsusi tranzit razılaşması imzalanıb. Litva ərazisindən keçən rus vətəndaşlarına xüsusi Tranzit Sərnişin Sənədi (FTD) verilir. Avropa İttifaqı hüququ əsasında bu keçidlər tənzimlənir. Başqa bir nümunəyə - Fransa-İspaniya - Litva yolu üzrə razılaşmaya diqqət yetirək. İspaniyanın Litva eksklavı üçün 1866-cı ildə Fransa ilə xüsusi dəhliz müqaviləsi bağlanıb. Fransa ərazisindən keçən yolun statusu və texniki şərtləri bu sənədlə müəyyən olunub. Onu da qeyd edim ki, bəzi hallarda dəhlizlər sanki eksklavı birləşdirən "xüsusi hüquq zonası" olur. Yolun üzərində keçid edən dövlətin hüququ deyil, eksklava aid dövlətin qaydaları tətbiq edilir. Təbii ki, bütün bunlar dövlətləarası müqavilələrlə tənzimlənən məsələlərdir".
Zəngəzur dəhlizinə gəldikdə isə E.Mirzəbəyli bildirdi ki, Ermənistan öz ərazisindən Azərbaycanın əsas ərazisindən ölkənin digər ərazisinə maneəsiz keçidin təmin edilməsinə zəmanət verib: “Bu, beynəlxalq dövlətlərarası öhdəlikdir və yerinə yetirilməlidir. Manəsiz keçid anlayışı isə xüsusi statusa malik dəhlizlərə tətbiq edilir. İrəvanın indi nə deməsindən asılı olmayaraq, Ermənistan rəsmi olaraq, 10 noyabr 2020-ci il bəyanatını imzalamaqla Zəngəzur dəhlizi üzərində xüsusi hüquqi statusun tətbiqinə zəmanət verib. Bu statusun detalları isə şübhəsiz ki, dövlətlərarası razılaşmalarla tənzimlənməlidir”.