"KTMT-nin üzvləri müttəfiqlikdə "sərhəd" tanımır, bir-birinə güllə atır"
Bu gün, 00:09

Qırğızıstan Xarici İşlər Nazirliyi Rusiyanın Bişkekdəki səfiri Sergey Vakunovu ölkə vətəndaşlarının Moskvadakı Bodrost hamam kompleksində kütləvi saxlanması ilə bağlı çağırıb. “Rusiya tərəfinə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın, habelə vətəndaşlara qarşı güc tətbiqinin əsasları barədə məlumatların təqdim edilməsi və güc tətbiqinin əsassız olduğu halda, bu insidentlə bağlı Moskva hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı müvafiq tədbirlərin görülməsi xahişi ilə rəsmi nota verilib”, - XİN-dən bildiriblər. Məlumata görə, Moskva polisi aprelin 10-da axşam saatlarında əsasən Qırğızıstandan olan miqrantların üz tutduqları hamamda reyd keçirib. Həmin gün orada olan Qırğızıstan vətəndaşları bildiriblər ki, təhlükəsizlik qüvvələri onları izahat vermədən döyüblər.
Rusiyanın miqrant ovu ölkələrarası münasibətlərə necə təsir edəcək?
“Ağ Partiya” başqan yardımçısı Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yaşanan problemlərin ilk növbədə günahkarı qırğız dövlətidir: “Niyə Qırğız hökuməti? Çünki Qırğızıstan hakimiyyəti indiyə qədər öz ölkələrində normal şəkildə əhaliyə baxsaydı, onların Rusiyada ən aşağı səviyyəli işlərdə nə işləri vardı? Heç kim ora keyfinə görə getmir. Bu sualı Qırğızıstan dövləti özünə verməlidir ki, niyə mənim vətəndaşım başqa ölkədə pul qazanır, öz ölkəsində qazana bilmir. Niyə mən öz vətəndaşım üçün bu şəraiti qurmamışam? Əvvəl Qırğızıstan prezidenti Akayev idi. Ona diktator, “rusun adamı” deyirdilər. Sonra onu devirdilər. Beş ildən bir Qırğızıstanda inqilab oldu və Qırğızıstan avtoritar ölkədən banan ölkəsinə çevrildi. Həmin o deyilən, arzulanan o inkişaf etmiş Qırğızıstan yenə olmadı. Nə dəyişdi? Akayev dəyişdi, amma insanların sosial rifahı dəyişmədi. Yenə həminki Qırğızıstandır, bəlkə ondan da aşağı səviyyəyə düşdü. Ona görə birinci həm hökumətlər həmin dövlətlər özlərinə sual verməlidir ki, onların vətəndaşlarının başqa ölkədə nə işi var, Rusiya da onlarla belə davransın”.
Əhəd Məmmədli qeyd edib ki, əslində Qırğızıstan Rusiya ilə müttəfiq ölkədir və hər iki ölkə KTMT-nin, Avrasiya İttifaqının üzvüdürlər.
“Rusiyanın müttəfiqinə davranışları da göz önündədir. Qırğızıstan Ukrayna kimi rusa kəllə atıb. Ukraynanın vəziyyətinə düşsün demirəm, amma bir dövlət olaraq özünə sual verməlidir. Sanki yenə Sovetlər birliyi var, Moskva onların paytaxtıdır. Bu siyasət nə zamana qədər yürüdüləcək? Belə dövlətin gələcəyi necə ola bilər? Təkcə Qırğızıstan deyil, bir çox postkolonial ölkələr var. Məsələn; Fransanın koloniyasında olan ölkələr. Götürək Senqalı. Seneqal hələ indiyə qədər Fransadan tam müstəqilliyini bərpa edə bilməyib. Seneqalın müstəqillik elan edəndən indiyə qədər başqa ölkələrə ticarət partnyorluğu etməyə icazəsi yox idi. Ancaq Fransa ilə etməlidir. Bu gün müstəqil ölkədir. Amma ticarət, partnyor ancaq Fransa olmalıdır. Fransa o şərti qoymuşdu ki, bu şərti yerinə yetir, ancaq o zaman biz sizin müstəqilliyini elan edə bilərik. Yəni kağızda müstəqil, amma realda postkolonial dövlət olmağın mənası yoxdu. Qırğızıstan da 1991-ci ildə kağız üzərində müstəqil olub, yenə Rusiyanın təsiri altındadır”-deyən politoloq bildirib ki, Rusiya və Çin reallığını da qəbul etmək lazımdır.
“Hər bir ölkə orta gücə çevrilmək üçün çalışmalıdır. Azərbaycan çevrilə bildi. Rusiya Azərbaycanın vətəndaşları ilə belə rəftar edə bilərmi? Etsə, adekvat cavabını alar. Göründüyü kimi taciklərlə, qırğızlarla, özbəklərlə rahat rəftar edə bilirlər. Həmin dövlətlər özünə sual verməlidir ki, niyə onlarla belə davranılır. Onlar özlərində günah axtarmalıdırlar. Bilirsiniz ki, Qırğızıstan və Tacikistanla sərhəddə qanlı olay baş vermişdi. Hər ikisi KTMT-nin üzvüdür. Amma sərhəddə çatışma oldu və hər tərəfdə 100-dən çox itki oldu. Təsəvvür edin, NATO üzvləri bir-biri ilə çatışmaya girir. Müttəfiqlər bir-birinə güllə atarmı? Bu, necə müttəfiqlikdir? ABŞ hara baxır? Rusiya NATO-ya alternativ kimi KTMT-ni qurub. Amma KTMT-nin üzvləri bir-birinə güllə atırlar, yəni bu anormal ittifaqdır. İstər Rusiya-Qırğızıstan münasibətləri, istər Rusiya-Tacikistan münasibətləri, istərsə də Tacikistan-Qırğızıstan münasibətləri anormaldır. Yadınızdadırsa, Tacikistanın ölməz və əbədi prezidenti İmaməli Rəhman şikayət eləmişdi ki, "Rusiya niyə bizimlə belə davranır, belə yuxarıdan aşağı". Bu anormal münasibətlər, əslində müttəfiqlik deyil və bu imperiyanın öz müstəmləkəsi ilə davranışının davamıdır”-deyə Əhəd Məmmədli vurğulayıb.