"Azərkosmos" daha üç Anlaşma Memorandumu imzalayıb
Bu gün, 16:38

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Bakıda keçirilən və ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı çərçivəsində daha üç Anlaşma Memorandumu imzalayıb.
"Report" bu barədə "Azərkosmos"a istinadən xəbər verir.
Məlumata görə, bunlardan biri Macarıstanın qabaqcıl texnologiya şirkətlərindən biri olan “4iG Space and Defence Technologies” (4iG S&D) ilə imzalanıb. Sənədə əsasən, tərəflər kiçik peyklərin istehsalı, yığılması, inteqrasiyası və test edilməsi (MAIT), yerin müşahidə məlumatları üzrə birgə layihələrin həyata keçirilməsi, təcrübə və resursların birləşdirilməsi, 4iG S&D-nin portfelindəki şirkətlərin "Azərkosmos"un peyk əməliyyatları, peyk rabitəsi və digər istiqamətlər üzrə təcrübəsindən faydalanması, Azərbaycanın Avropa, o cümlədən Macarıstan kosmos proqramlarında iştirak imkanlarının araşdırılması, Avropa Kosmik Agentliyinin Biznes Inkubasiya Mərkəzi ilə potensial əməkdaşlıq, kosmos sahəsində texnoloji inkişaf, innovasiya, bilik mübadiləsini təşviq edən təşəbbüslərin dəstəklənməsi, "Azərkosmos"un Kosmik Akademiyası vasitəsilə kosmos təhsili və peşəkarların yetişdirilməsi üzrə birgə layihələrin hazırlanması, daxili və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək innovasiyanın təşviqi və hər iki ölkənin kosmos iqtisadiyyatında iştirakının gücləndirilməsi üzrə əməkdaşlıq edəcəklər.
İkinci memorandum Özbəkistanın “Uz-Sat” ilə imzalanıb. Sənəd hər iki tərəf üçün qarşılıqlı fayda yaratmaq və kosmik sahədə yeni imkanlar açmaq üçün mühüm bir addım olaraq qiymətləndirilir. Memoranduma əsasən, Azərkosmos və “Uz-Sat” kosmos texnologiyaları və elmləri sahəsində təcrübə və bilik mübadiləsi, məlumat mübadiləsi və potensial əməkdaşlıq sahələrinin qiymətləndirilməsi, strateji tərəfdaşlıq qurulması üzrə əməkdaşlıq edəcəklər. Ümumilikdə memorandum "Azərkosmos" və “Uz-Sat”ın gələcək əməkdaşlıq perspektivlərini daha da genişləndirəcək və hər iki ölkənin kosmik sahədə potensialını artıracaq, beynəlxalq kosmik layihələrdə iştirak imkanlarını genişləndirərək, hər iki tərəfin elmi və texnoloji inkişafına mühüm töhfə verəcək.
Üçüncü memorandum isə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (Tübitak) ilə imzalanıb. Razılaşma peyk texnologiyaları sahəsində elmi-texniki əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində tərəflər peyklərin hazırlanması, Yerin müşahidəsi və peyk təsvirlərindən istifadə sahələrində bilik və resurs mübadiləsi həyata keçirəcəklər. Memoranduma əsasən, "Azərkosmos" tələb olunan peyk təsvirlərini təqdim edəcək, "Tübitak" isə kosmik texnologiyalar sahəsindəki bilik və təcrübəsini bölüşəcəkdir. Tərəflər eyni zamanda, beynəlxalq kosmik layihələrdə, xüsusilə də türk dövlətləri ilə bağlı təşəbbüslərdə birgə fəaliyyət göstərməyi və innovativ layihələr reallaşdırmağı hədəfləyirlər. Bu əməkdaşlıq iki ölkə arasında elmi-texnoloji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir və regional kosmik təşəbbüslərin inkişafına mühüm töhfə verəcək.