“İslam”la “respublika”nın gizli və aşkar davası
Bu gün, 00:05

Tehran rejimi hər gün xalqın yeni sualları ilə üz-üzə qalır
İran İslam Respublikası üçün daxildə ziddiyyətli, maraqlı, müəyyən mənada hətta tragikomik vəziyyət yaranıb.
Deyirlər, inqilab balalarını yeyir. Tehran hakimiyyəti inqilab edənlərlə, fərqli mövqedə duranlarla haqq-hesabı çürüdüb. Rejim öldürdüyünü öldürüb, öldürə bilmədiyi qaçıb canını qurtarıb, İranda qalanları da təqib və təzyiqlərlə çürüdüb.
İndi vəziyyət fərqlidir. İranın mövcud şəraiti “Torpaq bərk olanda öküz-öküzdən görər”ə daha çox bənzəyir.
Hakimiyyət “niyə indi danışıqlara getdiniz?!” ittihamı ilə üz-üzədir. Belə düşünənlər bildirir ki, ABŞ ilə görüşəcəkdinizsə, bunu əvvəldən edərdiniz, vətəndaşlar da bu qədər əzab çəkməzdi. Sanksiyaların tətbiqi səbəbindən İranın üzləşdiyi iqtisadi, maliyyə, sosial böhrana görə də hakimiyyət tənqid edilir. Tənqidçilərin bir düsturu var: bunu əvvəldən etmək lazım idi.
Belə yanaşma ölkədə hakimiyyətə inamsızlıq, etimadsızlıq da yaradıb. Görünür, həm də HƏMAS və “Hizbullah”ın zəifləməsi, Bəşər Əsədin süqutu onun beynəlxalq miqyasda siyasi-ideoloji ardıcıllarını da məyus edib.
Üç ilə yaxındır, İranda hakimiyyətin tətbiq etdiyi hicaba qarşı mübarizə gedir. Bu məsələnin sərtləşməsinə dair qəbul edilən qanunu hökumət hələ də icra etmir, hətta icradan imtina edənə oxşayır. Bir müddətdən sonra İran cəmiyyəti hakimiyyətə hicabın sərtləşdirilməsinə və məcburi tətbiqinə dair də uyğun sualı verəcək: “Hicab sərbəst olacaqdısa, bizə niyə zülm verirdiniz?”
Ölkədə son 46 il ərzində o qədər yasaqlar tətbiq olunub ki, insanlar həmin buxovlardan azad olduqca rejimə müvafiq sualları verəcək. Suallar artdıqca mərkəzi hakimiyyətə inam və etibar da aradan qalxacaq. Bu zaman isə öz balalarını yeyən inqilabın sahiblərini özlərinin qoyduqları qadağalar sıradan çıxaracaq.
1990-cı illər ortalarında İran siyasətçiləri arasında bir deyim populyar idi: “Biz İslam rejimi qurduq İslam Respublikası qura bilmədik”. Ancaq mövcud şərait göstərir ki, bunların heç biri qurulmayıb. Əksinə, Tehran hakimiyyəti hər iki kateqoriyanın – islam və respublika anlayışlarının əleyhinə işləyib. İnsanları onlardan uzaq salıb.
Bu günlərdə "Quya" saytının xüsusi müxbiri Əhməd Vəhdətxahın “İslam Respublikasının İrana hücumu!" başlıqlı yazısı yayılıb. Müəllif yazır: “London Kral Kollecinin dinlər tarixi üzrə professoru, doktor Piter Bernard Klark öz xatirələrində qeyd edir ki, o, 1960-cı illərdə Ağ İnqilabdan sonra ənənəvi İran cəmiyyətində baş verən prosesləri və mərhum şahın rəhbərlik etdiyi sənaye və müasir ölkəyə keçidini öyrənmək üçün dini şəhər Quma səfər edib.
(Naməlum) bir dini liderlə görüşdükdən və onunla bu hadisələr haqqında danışdıqdan sonra evdən çıxarkən üzərində Hollivud aktyorlarının təsviri olan köynəklər geyinmiş, siqaret çəkən və kola içən, yerli qızların liseylərinin xiyabanlarında son zəngin çalınmasını gözləyən yeniyetmə oğlanlarla qarşılaşır.
Klark hələ o zaman bu səhnələrdən aşağıdakı nəticəyə gəldiyini deyirdi: İran qərbləşmə ilə milli dünyəvilik və şiə İslam ənənələri arasında qaçılmaz bir qarşıdurma nümayiş etdirən bir ölkədir və son nəticədə ölkənin yaşaması üçün ikisindən biri digərinə hakim olacaq”.
Əhməd Vəhdətxah daha sonra bildirib ki, bu proqnozdan təxminən on il sonra İslam İnqilabı xarici güclərin köməyi və şah hakimiyyətinə qarşı çıxmaqla, sol və dini mürtəce sağçıların ittifaqında olan bütün qüvvələrin rolu ilə islamçılığın xeyrinə bu ağalığa nail oldu: “Doktor Klark və o uğursuz inqilabı edən bütün qüvvələrin qabaqcadan görmədikləri bir məsələ İran xalqının böyük mədəni gücü və tarixi millətçiliyi, bu fəlakətdən yarım əsr sonra siyasi səhnəyə qayıtması idi.
Bu gün İran xalqının öz ölkəsini iranlı və qeyri-iranlı dini qüvvələrin və onları himayə edən Şərq, Qərb və ərəb güclərinin pəncəsindən geri almaq uğrunda mübarizəsi artıq hər biri öz çirkin məqsədlərinə uyğun olaraq İslam Respublikası rejiminin mövcudluğunu davam etdirməkdə maraqlı olan İranın yaxın gələcəyinə dair hadisələrin səhnəsini zəbt edib”.
Müəllif bildirib ki, bu mübarizə dərin iqtisadi, siyasi və mədəni böhranlar kontekstində hər gün birlik və məişət etirazları, mahnı yazmaq, ictimai yerlərdə rəqs və mahnı oxumaq, tarixi yerlərə səfərlər, İranın yeni mesajları şəklində hakim rejimə qarşı itaətsizlik simvollarının meydana çıxması ilə hər gün özünü göstərir.
Əhməd Vəhdətxahın qənaətincə, məhz belə bir tarixi və həlledici məqamda rejimin nüvə fəaliyyəti məsələsi hazırda İranı, xalqını xarici güclərin hərbi təhdidləri ilə qarşı-qarşıya qoyur: “Milli həmrəyliyi, rejim və onun repressiv aparatları ilə mübarizə arasında balansı qorumaq, bu mübarizəni relsdən çıxaran və ya dayandıran istənilən xarici müdaxiləyə qarşı çıxmaq İran xalqının qalibiyyətinin açarı olacaq”.
Beləliklə, 1979-cu ildə baş verən inqilabın balalarını yeyərək yaşayan Tehran rejimi də 46 il əvvəlki düşüncənin daha inkişaf etmiş daşıyıcıları tərəfindən Rza və Məhəmmədrza pəhləvilər kimi tarixin arxivinə yola salınır.
Xatırladaq ki, İran və ABŞ nümayəndələri iki dəfə - aprelin 12-də və 19-da görüşüblər. Aprelin 26-da isə üçüncü təmas olacaq. Görüşlər bu qaydada davam edərsə, bu birbaşa danışıqlara, deməli, digər məsələlərin müzakirəsi müstəvisinə keçə bilər. Bu isə aradakı 46 illik umu-küsüyə son qoyar. 46 ildir deyilən "ABŞ ölüm!", "İsrailə ölüm!" şüarlara son verilir. İsrail belə İranla danışığa hazır olduğunu bildirir...
Hələ ki İranla “İslam Respublikası”nın gizli və aşkar şəkildə davası gedir…
Sədrəddin Soltan
Pressklub