“Həcc ziyarətinin qiyməti elə həddə çatıb ki, elə bil Marsa, Aya gedirlər” - ETİRAZ

Bu gün, 12:26           
“Həcc ziyarətinin qiyməti elə həddə çatıb ki, elə bil Marsa, Aya gedirlər” - ETİRAZ
Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti yenidən uzadılıb. Ziyarətə getmək istəyən vətəndaşlar üçün qeydiyyat mayın 10-dək davam edəcək.

Vaxtın uzadılmasının əsas səbəbinin isə ölkəmiz üçün ayrılan kvotanın dolmaması ilə əlaqəli olduğu bildirlir.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri mətbuata açıqlamasında bildirib ki 1200-1300 nəfərlik kvotanın 96 faizi tamamlanıb.

Qeyd edək ki, ötən il bu kvota 1500 nəfər olub.

Maraqlıdır, bəs, kvotanın dolmaması nə ilə bağlıdır?

Həc ziyarəti bahadır, yoxsa inanclıların sayı azalıb, insanlar daha Həccə maraq göstərmir?

Xatırladaq ki, Həcc ziyarətinin 5 950 ABŞ dollara başa gələcəyi açıqlanıb.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfanın fikrincə, əsas səbəb ziyarət qiymətlərinin baha olmasıdır:

“Kəbə ziyarəti və Həcc ibadəti ilə bağlı hər il müəyyən anlaşmazlıqlar, narazılıqlar və qiymətlə bağlı etirazlar gündəmə gəlir. Təbii ki, qiymətin həddən artıq baha olması əsas narazılıqlardandır. Ona görə də daha əlverişli qiymətə getmək üçün insanlar alternativ yollar axtarışına çıxırlar, bəzən də onları aldadırlar. Buna baxmayaraq, maraq azalmayıb, əksinə, artır.

Onsuz da belə ənənə formalaşıb ki, bu ziyarətə kimin imkanı var, o gedir. Yəni burda dinin tələb etdiyi digər şərtlərə baxılmır. Sadəcə, maddi imkan nəzərə alınır. Bu da ibadəti ticarətə çevirən ən ümdə amildir. Kvotanın dolmaması qiymətin baha olması ilə əlaqədardır. Bəlkə də müəyyən insanlar artıq dərk edir ki, bu qədər pul israfındansa imkansız adamlara yardım etmək daha üstün və savab işdir. Bu da mümkündür. Çünki bu səfərin qiyməti elə bir məbləğə gəlib çatıb ki, sanki Marsa, Aya gedir adamlar...

Təbii ki, bu problem Həcci təşkil edən aidiyyəti qurumların Səudiyyə Ərəbistanının aidiyyəti nazirliyi ilə danışıqları çərçivəsində nizama salına bilər. Hesab edirəm ki, Həcc ziyarəti məsələsi mütləq nəzarətə götürülüb sahmana salınmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.