9 mayda Qırmızı Meydanda kimlər və nələr olacaq? - KİV

Dünən, 18:01           
9 mayda Qırmızı Meydanda kimlər və nələr olacaq? - KİV
Məlum olduğu kimi, 9 may 2025-ci il tarixində Rusiyanın paytaxtı Moskvada Böyük Vətən Müharibəsində qələbənin 80 illiyinə həsr olunan genişmiqyaslı hərbi parad keçiriləcək.
Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, Qırmızı Meydanda baş tutacaq tədbirdə bir sıra ölkələrin dövlət başçısı səviyyəsində təmsil olunacağı gözlənilir.
Rusiya mətbuatı yazır ki, Avropa ölkələri arasında Slovakiyanın Baş naziri Robert Fiko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Bosniya və Herseqovina rəhbəri Milorad Dodik Qələbə Günündə Moskvada şəxsən iştirak edəcəklər.
Bildirilir ki, Müstəqil Dövlətlər Birliyi (MDB) üzv ölkələrinin liderləri də Qırmızı Meydanda keçiriləcək paradda iştiraklarını təsdiqləyiblər. Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Özbəkistan Prezidenti Şövkət Mirziyoyev yer alır.
Asiya, Afrika və Latın Amerikasından da yüksək səviyyəli iştirak gözlənilir. Çin sədri Si Cinpin, Braziliya Prezidenti Lula da Silva, Vyetnam Kommunist Partiyasının baş katibi To Lam, Fələstin Prezidenti Mahmud Abbas, Cənubi Afrika Respublikasının müdafiə naziri Ancelina Moçekqa, İsrailin Moskvadakı səfiri Simona Halperin paradda iştirak edəcək nümayəndələr sırasındadır.
Bundan başqa, Kuba, Burkina Faso, Venesuela və Konqo Respublikası Qələbə Günündə ən yüksək səviyyədə təmsil olunacaqlar. İndoneziya nümayəndə heyəti də tədbirdə iştirakını təsdiqləyib. Hindistan nümayəndə heyəti tədbirə qatılacaq, lakin ölkənin Baş naziri Narendra Modi terror aktı nəticəsində ölkəsində baş vermiş gərginlik fonunda Moskva səfərindən imtina edib.
Monqolustan da tədbirə dəvət olunub, lakin Prezident Uxnaaqiyn Xurelsuxun səfəri hələ təsdiqlənməyib.
Diplomatik mənbələrdən Rusiyanın "Zvezda" telekanalına verilən məlumata görə, ABŞ bu ilki Qələbə Günündə yüksək səviyyədə təmsil oluna bilər. İddialara görə, ABŞ dövlət katibi Marko Rubionun tədbirdə iştirakı mümkündür. Bu, ABŞ-Rusiya münasibətlərində nadir diplomatik jest kimi qiymətləndirilə bilər.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu ilki Qələbə Paradına “dost olmayan ölkələrin” başçıları dəvət olunmayıb. Bu ölkələrin sırasında Avropa İttifaqının bir çox üzvləri — Avstriya, Belçika, Danimarka, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, Rumıniya, Fransa, Çexiya, Estoniya və başqaları yer alır. Siyahıya həmçinin Böyük Britaniya, Kanada, Avstraliya, Yaponiya, Norveç, İslandiya, İsveçrə, Monako və San Marino daxildir.
Qeyd edilib ki, Almaniya və Ukrayna nümayəndələri də bayram tədbirlərinə dəvət almayıblar.
Onu da xatırladaq ki, aprelin 28-də Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qələbənin 80-ci ildönümünün qeyd olunması ilə əlaqədar mayın 8-dən 11-dək atəşkəs elan edib. Lakin, Ukrayna Prezidenti Volodimir Zelenski isə təklifi manipulyasiya adlandıraraq sərt cavab verib.
“Biz Rusiyada Moskvanı diplomatiyaya ən çox həvəsləndirəcək ağrı nöqtələri seçirik. İndi onlar paradlarının sual altında olmasından narahatdırlar və narahat olmaqda haqlıdırlar. Amma biz bu müharibənin davam edəcəyindən narahat olmalıyıq. Onlar müharibəyə son qoymalıdırlar”, - deyə Zelenski bildirib.
Rusiya mediası Volodimir Zelenskinin bu bəyanatını Ukraynanın mayın 9-da Moskvada keçiriləcək parada hücumuna işarə kimi şərh edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.