SAQQIZ DİPLOMATİYASI... - Və “dahi” Trampla “çar” Putinin nəticəsiz telefon danışığı

Bu gün, 10:18           
SAQQIZ DİPLOMATİYASI... -
Bu, Donald Trampın hakimiyyətə qayıdışından sonra Vladimir Putinlə ilk telefon danışığı deyil. Trampın seşki ərəfəsindəki məlum içi boş vədləri, eləcə də özünə, öz “dahiliyinə” vurğunluğu, narsisisizm xəstəliyinin ağır formasını keçirməsi bu telefon danışıqları ətrafında ajiotaji xeyli artırsa da, onlardan hər hansı konkret, həlledici nəticə üzə çıxmadı və çıxa da bilməzdi. Çünki aşkar görünür ki, bu danışıqalr sadəcə, Rusiya işğalını və bu işğalın, hərbi cinayətlərin başında duran Putini legitimləşdirməkdən başqa heç nəyə hesablanmayıb...

Putin dünənki telefon danışığından sonra bir qədər gərgin görünsə də, demək olar, yeni heç nə demədi, Ukrayna ilə hansısa mücərrəd memorandumun müzakirə olunacağını və bu memorandum əsasında atəşkəslə bağlı danışıqların mümkünlüyünü bəyan etdi. Yenə əvvəlki Kreml narrativlərini təkrarladı və belə göründü ki, bu danışıq da Rusiyanın əvvəlki mövqeyinin bir daha təkrarlanması və bunun şəxsən Trampın nəzərinə çatdırılmasından başqa heç bir anlam daşımır. Sadəcə, bütün bunlar Trampın “əziz xətrinə” dəyməmək üçün bir qədər “malalanmış” formada edilir və ABŞ Prezidentinin “uğurlu danışıq aparan” imicini saxlamağa xidmət edir. Buna paralel olaraq Putinin mənasız danışıqlar fonunda müharibəni, işğalı, qırğını davam etdirmək planı işləməkdədir...

Tramp isə yenə özünəməxsus şişirdilmiş formada bu danışığı böyük nailiyyət və irəliləyiş kimi təqdim etməyə çalışdı: “Rusiya Prezidenti Vladimir Putinlə iki saat davam edən telefon danışığım başa çatdı. Hesab edirəm ki, söhbət çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və daha önəmlisi, müharibənin sona çatdırılması ilə bağlı danışıqlara başlayacaqlar”.

Trampın ifasında “DƏRHAL” ifadəsini artıq bir neçə dəfə eşitmişik və bunların arxasından ciddi heç nə çıxmayıb. Bu “dərhallar” saqqız kimi uzanır, hər şey qapalı dairədə olduğu kimi yenidən təkrarlanır. Bundan öncə Putinin Trampı “azdırmaq” və onun Avropa ilə eyni mövqedən çıxış etməsinin qarşısını almaq üçün fikirləşdiyi İstanbul görüşü bəyanatından sonra da Ağ Ev sahibi “DƏRHAL” Ukraynanın Putinlə görüşə qatılmalı olduğunu bəyan etdi. Ukrayna Prezidenti və nümayəndə heyəti Türkiyəyə getdi, Putin isə nəinki özü gəlmədi, üstəlik Medinskinin başçılığı ilə oyuncaq nümayəndə heyəti göndərərək, onun vasitəsilə hər kəsi, ilk növbədə də Trampın özünü təhqir etdi.

Tragikomik personaj olan Medinski Putinin dili ilə “4 vilayəti verin, yoxsa 6-sını alacağıq”, “İsveçlə 21 il savaşmışıq sizinlə də nə qədər lazım olsa savaşacağıq” kimi hədyanlar, təhdidilər söyləməklə faktiki olaraq, Trampın sifətinə tüpürmüş oldu.

Bundan sonra “üzünü silən” Tramp qətiyyən məyus olmadığını bildirərək, Putinin İstanbula gəlməməsinə haqq qazandırdı və dedi ki, o özü getməyibsə, Putin niyə gəlməli idi ki? Daha əvvəl isə demişdi ki, Putin gəlsə, o da gələr.

Sonra dedi ki, ümumiyyətlə, özü Putinlə görüşməsə, danışmasa heç nə baş verən deyil. O zaman Ukraynanı “DƏRHAL” İstanbula getməyə vadar etmək nəyə lazım idi?

“Evcik-evcik” oyanyırmış kimi, “Putin gəlsə, mən də gələrəm”, “mən gəlmirəmsə o niyə gəlsin” kimi qeyri-ciddi, mənasız, nə ciddi diplomatiya, nə də adi məntiqlə heç bir əlaqəsi olmayan bu cür açıqlamalardan sonra “biz görüşməsək, danışmasaq heç nə alınmayacaq” deməsi bir daha göstərir ki, bu adamın və onun komandasının heç bir ciddi planı, “yol xəritəsi” yoxdur.

Putinin ağzından çıxacaq sözə baxıb situativ hərəkət edən, gündə bir ağıla, fikrə qulluq edən, özündən başqa heç kimi bəyənməyən, xarici ölkə başçılarına “mənim arxamı öpməyə hazırdırlar” deyəcək qədər düşük, yekəxana, özünü az qala Allahdan sonra ikinci böyük varlıq hesab edən, əslində isə içi boş, savadsız, mənəviyyatsız, aşkar psixi problemləri olan, narsist psixotipə malik birisindən nə gözləməyə dəyər ki?

Prezident seçkisindən öncə özündən “qətiyyətli lider” obrazı yaratmağa nail olsa da, prezidentliyi dövründə gücünü yalnız kiçik, zəif, cırtdan dövlətlərə göstərə bildi. Çinin qarşısından qaçdı, Putinin də qarşısından qaçır, özünü Yəməndəki husilərin səviyyəsinə endirir və sair.

Hansı ki, sadəcə, Baydendən daha qətiyyətli, daha konkret, yeri gələndə isə daha aqressiv siyasət yürüdülməli, Putinin vaxt uzatdığını gördüyü an buna qarşı adekvat qəti addımlar atılmalı – Ukraynaya daha ağır və ölümcül silahlar, eləcə də bu silahları istifadə edə bilən heyət verilməli, sözdə deyil, real ağır sanksiyalara gedilməli və ən əsası bu snaksiyalara daha ciddi riayət edilməli idi ki, Kremli boşboğazlığa yox, real danışıqlara sövq edilsin. Ancaq etmədi və etmir. Bununla da Putinlə eyni oyunu oynadığına dair şübhələri daha da artırır...

Putin Trampla son telefon danışığında bir daha “müharibənin ilkin səbəbləri” aradan qaldırılmadan nə atəşkəs, nə də sülh olmayacağını dedi. Əslində, Kremlin aləmində “ilkin səbəblər” sadəcə, “denasifikasiya, “demilitarizasiya” və s. kimi absurd anlayışlar yox, ümumilikdə suveren, müstəqil Ukraynanın mövcudluğudur. Kreml bunu aradan qaldırmaq istəyir.

Ancaq reallıqda müharibəni başladan “ilkin səbəb” Putinin özüdür, onun hakimiyyəti və rus cəmiyyətindəki şovinizm, millətçilik, imperiyaçılıq, qonşu xalqların qanına, canına, malına, torpağına susamaq xəstəliyidir. Bu xəstə toplum və onun başında duran qüvvə dəyişmədikcə, bu xəstəlik cərrahi yolla aradan qaldrılmayınca Rusiyanın bais olduğu qan-qada, savaşlar, təxribatlar, çirkin siyasi oyunlar bitən deyil...

Cəlal Məmmədli

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.