Fəlsəfə institunun direktor müavini, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli akademik Nizami Cəfərova etiraz etdi

Bu gün, 09:46           
Fəlsəfə institunun direktor müavini, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli akademik  Nizami Cəfərova etiraz etdi
TEREF AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir hörmətli Eynulla Mədətlinin akademik Nizami Cəfərova etiraz məktubunu oxuculara təqdim edir!

Hörmətli məsləkdaşlar, gününüz xeyir!
17 may 2025-ci il tarixində saytların birində akademik Nizami Cəfərovun dilimizin lüğət tərkibinə bəzi rus sözlərinin daxil edilməsi təklifinə dair məlumatı heyrətsiz oxuya bilmədim. Doğrudan da hörmətli Nizami müəllim belə təklif etmişdir? Müstəqilliyimizin 34-cü ilində tanınmış dilçi alim və ictimai xadimdən belə qeyri-ciddi yanaşma heç anlaşılan deyil. Gözlərimə inanmadım. Bu mənim tanıdığım Nizami müəllimdir, ya “Rus evi”nin təəssübkeşlərindən biri?! Yadımdadır, Nizami müəllim xeyli müddət əvvəl hansısa televiziya kanalına müsahibəsində demişdi ki, “soyuducu” sözü dilimizə yatmır, “xaladelnik” deməyə öyrəşmişik. O zaman bunu ironiya ilə deyilmiş kimi hesab etmişdim. İndi belə görünür ki, hörmətli Nizami müəllim onda da ciddi imiş. Doğma ana dilimizin lazımsız yabançı sözlərlə çirkləndirilməsinə qarşı mübarizə aparmaq əvəzinə, onun belə qeyri-elmi və milli mövqedən uzaq münasibət sərgiləməsi dərin təəssüfə və haqlı qınağa layiqdir. Bu mövqe elə hörmətli Nizami müəllimin illərlə tədqiq edib haqqında elmi əsərlər yazdığı Azərbaycançılıq ideallarına da daban-dabana ziddir.
Düşünürəm ki, akademik Nizami Cəfərov bir açıqlama verməlidir. Doğrudanmı hesab edir ki, “vapşe”, “znaçit”,”tak çto” kimi rus sözləri olmadan dilimiz yoxsul qalar?
Hörmətlə,
Eynulla Mədətli – AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir
20.05.2025.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.