"Neft qiymətlərinin aşağı düşməsi sanksiya altındakı Rusiya iqtisadiyyatına ciddi təsir göstərə bilər"
Bu gün, 15:14

Vladimir Putin sülh danışıqlarını öz razılığı ilə aparmasa Amerika Birləşmiş Ştatları Avropa ilə birlikdə tərəddüd etmədən Rusiyaya qarşı sanksiyaları gücləndirəcək. ABŞ-ın maliyyə naziri Skott Bessent prezident Donald Trampın bunu açıq şəkildə ifadə etdiyini deyib. "Sizə deyə bilərəm ki, Co Bayden administrasiyası dövründə sanksiyalar çox təsirsiz idi. Onlar sanksiyaları aşağı səviyyədə saxladılar. Çünki bunun daxili neft qiymətlərini artıracağından qorxdular.", - Bessent bildirib. Avropanın sanksiyalarının nəticələri göz önündədir, ABŞ-ın xəbərdarlıqları işə yaramır. ABŞ-ın yeni administrasiyası neftin qiymətinin düşməyini nə dərəcədə gözə alacaq?
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bu gün Vladimir Putinlə telefon danışığı aparacaq və bu danışığın əsas mövzusu Ukraynada atəşkəsin əldə edilməsi ilə bağlı olacaq.
“Amerika tərəfinin fikri ondan ibarətdir ki, əgər Rusiya şərtləri qəbul etməsə və atəşkəsə getməsə, o zaman daha təsirli sanksiyalar tətbiq olunacaq. Tramp əlində iki əsas təsir mexanizmi tutmaqdadır. Birincisi, daha təsirli və güclü iqtisadi sanksiyalar ki, bunlardan biri neft və enerji sektoru ilə bağlıdır. İkinci təsir imkanı Ukraynaya hərbi dəstəyin artırılmasıdır”-deyən Oqtay Qasımov qeyd edib ki, Amerika Birləşmiş Ştatları doğrudan da ya Rusiya ilə anlaşa bilməsə və ciddi şəkildə Rusiya sanksiyalarının tətbiq edilməsi ilə bağlı qərara gəlsə, o zaman neft qiymətlərinin aşağı salınması ilə bağlı addımlara da gedilə bilər.
Politoloq vurğulayıb ki, bu sanksiya 80-ci illərdə həyata keçirilib.
“O zamankı sovet imperiyası, məhz bu sanksiyaların təsiri altında ciddi şəkildə zəiflədildi. Donald Tramp əslində neft qiymətlərinin aşağı olmasında maraqlı olan şəxsdir. Bu, Amerikada istehsalın və istehsal xərclərinin aşağı salınması üçün əsas amillərdən biri kimi dəyərləndirilir. Hələlik Amerika tərəfindən səslənən bu fikirlər bəyanatlardır və bu bəyanatların real əməli addımlarla tamamlanmasının gerçəkləşməsini və ya əks ssenarini yaxın zamanlarda görəcəyik. Donald Tramp müəyyən fikirlərlə, bəyanatlarla və Rusiyaya müəyyən qədər siyasi təzyiq göstərməklə, istədiyi formada danışıqların aparılmasına çalışacaq. Əgər Donald Tramp ciddi şəkildə sanksiyaların tətbiq edilməsi ilə bağlı addımlar atmaq istəsə, o zaman bunu ata bilər və neft qiymətlərinin aşağı düşməsi də Rusiya iqtisadiyyatına ciddi şəkildə təsir edə bilər”-deyə Oqtay Qasımov bildirib.
İradə Cəlil, Bizimyol.info