Trampın Harvard qadağası: ABŞ beynəlxalq tələbələrin üzünə qapılarını bağlayır

Dünən, 08:34           
Trampın Harvard qadağası:
Azərbaycanlı tələbələrin Amerikada təhsil arzusu da təhlükədədir

ABŞ-də Donald Tramp administrasiyası Fələstinə dəstək nümayişləri ilə gündəmə gələn Harvard Universitetinin beynəlxalq tələbə qəbulu proqramını “müvafiq qanunlara əməl etmədiyi” səbəbilə dayandırıb.
CNN məlumatında bildirib ki, ABŞ daxili təhlükəsizlik naziri Kristi Noemin imzası ilə göndərilən məktubda deyilir: “Sizə məlumat verirəm ki, Harvard Universitetinin beynəlxalq tələbə və akademik mübadilə proqramının lisenziyası ləğv edilib”.
ABŞ-li nazir Tramp administrasiyasının Harvard Universitetini “kampusunda zorakılığı və antisemitizmi təşviq etmək və Çin Kommunist Partiyası ilə əlaqəli fəaliyyət göstərməkdə” günahlandırdığını qeyd edib. Noem bildirib ki, universitetlərin xarici tələbə qəbul etməsi bir hüquq deyil, imtiyazdır: “Harvard doğru olanı etmək üçün çoxsaylı fürsətlərə malik idi, lakin bunu rədd etdi. Qanunlara əməl etmədiklərinə görə Tələbə və Mübadilə Proqramı sertifikatlarını itirdilər”.
Qeyd edək ki, ABŞ-də Prezident Tramp administrasiyasının Harvard Universitetinin beynəlxalq tələbə qəbuluna qoyduğu qadağa, xüsusilə də fələstinli tələbələrin İsrailin Qəzzada apardığı əməliyyatlara etirazından sonra verildiyi iddiaları fonunda, ali təhsil ocaqlarının siyasi proseslərdən asılı olmadan fəaliyyət göstərməsinin əhəmiyyətini gündəmə gətirib.

ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov da Sherg.az-a açıqlamasında bildirib ki, Donald Tramp administrasiyasının Harvard Universitetinin xarici tələbə qəbulunu qadağan etməsi və bu siyasətin digər universitetlərə də tətbiq olunma ehtimalı yalnız ABŞ daxilində deyil, bütün dünyada ali təhsilin beynəlxalq xarakterinə və gənclərin təhsil hüququna qarşı ciddi təhlükədir:

“Bu qərar xüsusilə inkişaf etməkdə olan ölkələrdən, o cümlədən Azərbaycandan ABŞ-nin prestijli universitetlərinə qəbul olunmuş tələbələri birbaşa hədəfə alır. Rəsmi açıqlamalarda Tramp bu addımı “daxili təhlükəsizlik”, “resursların qorunması” və “Amerikalılar üçün iş yerlərinin açılması” kimi populist arqumentlərlə əsaslandırır. Amma bu qərarın arxasında gizlənən ideoloji xətt — yəni təhsildə milli üstünlükçülük və qapalı sistem yaratmaq cəhdi — onu qlobal təhsil sisteminə qarşı açıq siyasi hücuma çevirir.
Statistik göstəricilər göstərir ki, Harvard Universitetində təhsil alan 6,800 xarici tələbə 100-dən çox ölkədən gəlir və bu tələbələrin yaratdığı iqtisadi dəyər təkcə bu universitetə deyil, bütövlükdə ABŞ təhsil sisteminə böyük fayda verir. ABŞ Beynəlxalq Təhsil İnstitutunun (IIE) 2022-ci il məlumatına görə, ölkədəki beynəlxalq tələbələrin ABŞ iqtisadiyyatına illik töhfəsi 32 milyard ABŞ dollarından artıqdır və onların fəaliyyəti 300 mindən çox iş yerinin formalaşmasına səbəb olur. Bura universitetlərin özəl fondları, təhsil haqqı, kampus xərcləri, yaşayış və istehlak xərcləri daxildir. Yəni bu tələbələr iqtisadi yük deyil, əksinə, ABŞ ali təhsilinin maliyyə dayanıqlılığına ciddi dəstəkdirlər.
Tramp administrasiyasının bu qərarı, ABŞ Konstitusiyasının 14-cü düzəlişində qeyd olunan “qanun qarşısında bərabərlik” prinsipinə zidd görünür. Habelə, 1965-ci il İmmiqrasiya və Vətəndaşlıq Qanununun 101(a)(15)(F) bölməsində F1 vizası ilə təhsil almaq hüququ təsbit olunur. ABŞ ali təhsilində beynəlxalq tələbələrə qarşı ayrı-seçkilik bu hüquqların pozulması ilə nəticələnir. Qanunvericilik baxımından bu qərar ciddi hüquqi etirazlara səbəb olur və artıq Harvard və MIT kimi universitetlər bu məsələni məhkəmə müstəvisinə daşıyaraq ABŞ hökumətini məhdudiyyətlərin aradan qaldırılmasına məcbur edib”.

K.Əsədovun sözlərinə görə, Azərbaycan kontekstində bu qərar bir neçə istiqamətdə təhlükəli nəticələr doğura bilər. İlk növbədə, bu universitetlərə qəbul olunan azsaylı, lakin yüksək akademik göstəricilərə malik azərbaycanlı tələbələrin təhsil və karyera imkanları məhdudlaşacaq:
“Bu tələbələr arasında yalnız zəngin ailələrin övladları deyil, həm də beynəlxalq təqaüdlər qazanmış, öz qabiliyyəti ilə uğur əldə etmiş gənclər də var. Belə tələbələrin yolu bağlandıqda, Azərbaycanın intellektual kapital ixracı azalacaq və ölkənin gələcək elmi, iqtisadi və siyasi potensialı zəifləyə bilər. Müsbət tərəfi ondan ibarət ola bilər ki, bu qərar Azərbaycan daxilində ali təhsilin keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq üçün təkan rolunu oynaya bilər. Əgər xaricə təhsil imkanları məhdudlaşarsa, yerli universitetlər beynəlxalq proqramlar, ikili diplom razılaşmaları, təqaüdlü qəbullar və keyfiyyətli fakültə heyəti ilə yerli tələbələri cəlb etməyə məcbur olacaq. Bu, həm təhsil sisteminin struktur səviyyəsində islahatını sürətləndirər, həm də ölkədə “təhsildə beyin axını”na qarşı alternativ çıxış yolları formalaşdırar.
Dünya təcrübəsinə nəzər saldıqda, Kanada və Almaniya kimi ölkələrin əks yanaşma ortaya qoyduğu aydın olur. Kanada 2023-cü ildə qəbul etdiyi yeni strategiyada beynəlxalq tələbələrin sayını artırmaq üçün viza prosedurlarını sadələşdirib və təhsil sonrası iş imkanlarını genişləndirib. Almaniyada isə “Blue Card” sistemi vasitəsilə beynəlxalq tələbələrə universiteti bitirdikdən sonra ölkədə qalmaq və işləmək hüququ verilir. Bu ölkələr təhsili həm iqtisadi inkişaf, həm də qlobal liderlik aləti kimi görür və bu sahəyə böyük strateji yanaşma sərgiləyirlər. Trampın siyasəti isə ABŞ-nin bu sahədəki uzun illər ərzində qazandığı “akademik cazibə mərkəzi” statusunu zəiflədərək Avropa və Asiya universitetlərinə yeni imkanlar açır”.

Ekspertin fikrincə, bu siyasət davam edərsə, ABŞ-nin təhsil brendi və beynəlxalq imici ciddi zərbə alacaq:
“Tələbələr artıq ABŞ-ni alternativsiz təhsil məkanı kimi görməyəcək, bu da ABŞ universitetlərinin qlobal reytinqlərində və tədqiqat potensialında tənəzzülə səbəb olacaq. Azərbaycandan olan tələbələr də bu məhdudiyyətlərə qarşı fərqli ölkələrə – xüsusilə Böyük Britaniya, Niderland, Almaniya, Kanada və hətta Cənubi Koreya kimi ölkələrə yönəlməyə başlayacaq.
Sonda qeyd edim ki, təhsil sisteminə irqçilik, milliyyətçilik və qapalılıq prinsiplərinin tətbiqi yalnız tələbələrə deyil, bütün bəşəriyyətin tərəqqisinə qarşı yönəlmiş təhlükəli bir tendensiyadır. ABŞ uzun illərdir “ən yaxşı beyinlər üçün açıq qapı” prinsipi ilə dünya elminə liderlik edirdi. Trampın siyasəti bu qapını bağlamağa çalışır. Bu isə nə qlobal təhsil maraqlarına, nə də insan hüquqları və bərabərlik prinsiplərinə xidmət edir. Azərbaycanda isə bu qərar qarşısında həm şagirdlər, həm valideynlər, həm də təhsil siyasəti yürüdən qurumlar təhsilin beynəlmiləlləşməsinə alternativ strategiyalar formalaşdırmalı və daxildə qlobal keyfiyyəti hədəfləyən bir sistem yaratmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.