Talıbovun “hörümçək toru”nun sonu - Milli Məclisin qərarı...
Dünən, 12:36

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası dəyişiklik üçün Bakıya göndərilir; nələr dəyişir və niyə referendum çağırılmadı?
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi barədə qərar qəbul olunsa da, hələ təsdiq olunmaq üçün Milli Məclisə göndərilməyib. Buna səbəb kimi Ali Məclisin sədrinin vəzifəsini yerinə yetirən birinci müavinin qanunu hələ imzalamamasıdır. Naxçıvan Ali Məclisində hansı islahatların və dəyişikliklərin olacağı ilə bağlı detallar da hələ ki məxfi saxlanılır. Əsas dəyişikliyin idarəetmə ilə bağlı olacağı şübhə doğurmur.
Çünki 2022-ci ilin sonlarında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa verdikdən sonra muxtar respublikada Prezidentin sərəncamı ilə səlahiyyətli nümayəndə fəaliyyətə başlayıb. Halbuki Naxçıvan MR Konstitusiyasında faktiki olaraq belə bir post nəzərdə tutulmayıb. Azərbaycan Konstitusiyasına görə isə Prezidentin regionlara öz nümayəndələrini təyin etmək, oralarda bəzi struktur dəyişiklikləri aparmaq səlahiyyətləri var. İlk növbədə Naxçıvandakı real vəziyyətlə konstitusiya arasındakı struktur dəyişikliklərindən doğan fərq aradan qaldırılmalıdır. Bəzən hansı qərarı vermək səlahiyyəti onun, hansının Ali Məclis sədrinin, hansının isə baş nazirin ixtiyarında olduğu, yəni hakimiyyət bölgüsü sahəsində lazımsız mübahisələri aradan qaldırmaq lazımdır. Ehtimal edilir ki, Ali Məclis sədrinin səlahiyyətləri məhdudlaşdırılacaq.
Ekspertlərə görə, uzun illərdən bəri Azərbaycanda aparılan bir çox dəyişikliklər Naxçıvandan yan keçmiş, bəzi ləğv olunan nazirliklərin paralel strukturları toxunulmadan saxlanılmışdı. Yeni səlahiyyətli nümayəndə təyin olunandan sonra həmin nazirliklərin bir çoxu ləğv olunmuş, bəziləri komitəyə, Azərbaycandakı strukturlara bağlı baş idarəyə çevrilmişdi. Bu dəyişikliklər də Naxçıvan MR Konstitusiyasında öz əksini tapmalıdır.
Daha bir mübahisəli məsələ Naxçıvanın baş naziri ilə bağlı məsələyə aydınlıq gətirilməsi ola bilər. Ümumiyyətlə, illərlə bu strukturun - Nazirlər Kabinetinin niyə fəaliyyət göstərdiyi haqda haqlı suallar da var. Çünki Ali Məclisin sədri istədiyi qanunu və ya qərarı çıxarıb, özü də onu icra etmək səlahiyyətlərinə malik olub. Ona görə də mümkün variant kimi baş nazir postunun tamamilə ləğv olunması gözlənilir.
O halda, niyə referendum yox, Milli Məclis bu dəyişikliklərə qərar verir? Əvvəlcə Naxçıvan əhalisinin rəyi olmalı deyildimi?
Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirib ki, Azərbaycan Konstitusiyasının 134-cü maddəsinə əsasən Naxçıvan MR Konstitusiyası Ali Məclis tərəfindən qəbul olunur, Milli Məclis isə onu təsdiq edir: “Bu təsdiq ayrıca konstitusiya qanunu kimi qəbul olunur. Hazırda Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Konstitusiyasına əlavə hesab edilir, amma konstitusiyanın mətninə aid deyil. Əgər bu dəyişiklik Azərbaycan Konstitusiyasına mətn kimi daxil edilsəydi, o zaman referendum çağırıla bilərdi”. Hüquqşünas hesab edir ki, indiki dəyişikliklər Azərbaycan Konstitusiyasına daxil deyil, əlavədir: “Odur ki, referenduma ehtiyac yoxdur. Ona görə də konstitusiya qanununa dəyişiklik Milli Məclis tərəfindən təsdiq edilməlidir, sonra Prezident qərarı imzalamalıdır”.
Xatırladaq ki, Naxçıvan Ali Məclisinin yeddinci çağırış yaz sessiyasının son iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu (ikinci səsvermə) müzakirə olunub. Ali Məclisin yaz sessiyasının 20 fevral tarixdə keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Qanunun geniş müzakirə edilərək birinci səsverməyə çıxarıldığını və qəbul edildiyini bildirən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər 3 aydan sonra yenidən səsverməyə qoyulmalıdır. Birinci səsvermə fevral ayının 20-də keçirilmişdi. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilib.
Qeyd edək ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib. Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur.
Onu da yada salaq ki, Vasif Talıbovun işdən çıxarılmasından sonra Prezident Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyətini ləğv edib. Hazırda Naxçıvanda “ikihakimiyyətlilik” var. Formal olaraq hakimiyyət muxtar respublikanın idarəetmə orqanlarındadır. Amma orada Bakıdan təyin olunan səlahiyyətli nümayəndə də var. Bu gün səlahiyyət bölgüsü haqda hər hansı bir izahat da yoxdur. İki il əvvəl dekabrın 22-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb. Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Dəyişiklik əsasında Ali Məclisin sədrinin “ali vəzifəli şəxs” statusu ləğv edilə bilər. Ali Məclis sədrinin həm qanunverici orqana rəhbərlik etməsi, həm də ali vəzifəli şəxs olması birmənalı qarşılanmır. Dəyişikliklərdən sonra hüquqi problem aradan qaldırılacaq.
Naxçıvan Ali Məclisinin sonuncu sədri Vasif Talıbov olub. O, 1995-2022-ci illərdə bu vəzifəni tutub. Naxçıvan Konstitusiyası da onun dövründə qəbul edilib. Talıbovun istefasından sonra onun yerinə heç kim seçilməyib. Ötən il sentyabrın 1-də keçirilən parlament seçkilərində Naxçıvan Ali Məclisi, demək olar ki, tam yenilənib. Ancaq seçkidən sonra da heç kim sədr postuna gətirilməyib. Həmçinin Naxçıvanda yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətləri haqqında ildə bir dəfədən az olmayaraq, Ali Məclisin sədrinə hesabat vermək tələbi də ləğv edilib. Bu iş Prezidentin səlahiyyətli nümayəndəliyinə həvalə olunub. Yəni icra başçıları Ali Məclis sədri qarşısında hesabatlı deyillər. Bu da sözügedən vəzifənin artıq simvolikləşməsindən xəbər verir. Həmçinin icra başçısının müavinini Ali Məclisin sədri ilə razılaşdırır, vəzifəyə təyin və ya azad edirdi. Artıq bu səlahiyyəti də ləğv edilib.