Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
Dünən, 00:11

Azərbaycanda “Elektroenergetika haqqında” Qanuna dəyişikliklər ediləcək.
Dəyişikliyə əsasən, elektrik enerjisinin ödənilməsindən sabit tarif tətbiq ediləcək. Sabiq tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.
Həmçinin, “Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb. Bu qanunda da sabit tariflər nəzərdə tutulub. Qanuna əsasən, sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.
Energetika nazirinin müavini Samir Vəliyev sabit tariflərin məqsədini açıqlayıb.
O qeyd edib ki, mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisini sabit tariflə ödəyəcəklər:
“Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Amma transformator məntəqəsi qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır.
Yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Hansı ki, iki mənzildə yaşamırlar, onlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Bu, binada yaşayanların yükünü azaldır. Bu qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub”.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov isə bildirib ki, sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir:
“Sabit tarif elementinin tətbiqində əsas məqsəd maliyyə yükünü artırmaq deyil. Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir. Sabit tarif elementinin tətbiqində əsas məqsəd əlavə tarif elementini yaratmaqla maliyyə yükünü artırmaq deyil.
Belə ki, bu, özü-özlüyündə metodoloji yanaşmaya zidd olar. Çünki təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar həmin təchizat xidməti ilə bağlı yol verilən tarif xərcləri səviyyəsində məhdudlaşdırılır. Bu, belə olduğuna görə hər hansı tarif elementlərinin tətbiqi bu və ya digər formada icazə verilən tarif xərclərini artıra bilməz.
Bu baxımından, sabit tarifin tətbiqində əsas məqsəd tarif elementlərinin təchizat xərclərinin xarakteri baxımından, yəni sabit və dəyişkən xərclər baxımından doğru şəkildə strukturlaşdırılması, o cümlədən, xərclərin istehlak tariflərinə ədalətli şəkildə ötürülməsinin təmin olunmasıdır.
Məsələn, iki abonentimiz var. Onlardan birinin bir, digərinin iki mənzili var, istehlak səviyyəsi eynidir və buna görə də bu günə olan istehlak tarifi üzərindən baxdıqda, bir və iki mənzili olan abonent eyni həcmdə ödəniş aparır.
Çünki hər ikisinin istehlakı eynidir. Beləliklə, dolayısı ilə üç mənzilin infrastruktur xərcləri iki abonent arasında bölüşdürülür. Bu məsələdə biz bölgünü daha ədalətli şəkildə təmin etməyi sabit tarif tətbiqində görürük. Çünki sabit tarif elementin tətbiqi, sabit xərclər bilavasitə aidiyyəti abonentlərə aid edilmiş olacaq. Bu, beynəlxalq təcrübədə tətbiq olunan sistemdir. Sabit tarifin təsərrüfat subyektlərinə və əhaliyə eyni şəkildə tətbiqi nəzərdə tutulmur. İstehlak tarifləri necə tənzimlənirsə, sabit tarif də elə tənzimlənəcək”.
Qeyd edək ki, əhali qaz və elektrik enerjisində qiymətlərin tənzimlənməsi ilə bağlı təkliflərin limitin ləğvi və qiymət artımı ilə nəticələnəcəyi qənaətindədir.
Sabit tariflərin tətbiqi, evdə yaşamayanların qaz və işıq pulu ödəməsi nə dərəcədə doğrudur?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda sabit tarif təklifi tamamilə mənasız və absurd təklifdir:
“Niyə bu qərara gəldiklərini heç cür anlaya bilmirəm. Çünki bizim gözləntimiz o idi ki, işıq və qazla bağlı limitlər ləğv edilsin. Çox güman ki, limitlər ləğv ediləcək. Ancaq müxtəlif tarif paketləri də əlavə olunacaq. Bu da qiymət artımına səbəb olacaq.
Təklif ondan ibarətdir ki, dövlət şirkəti qazın və yaxud elektrik enerjisinin mənzilə qədər çəkilməsinə vəsait xərcləyir, sayğac quraşdırır. Ancaq siz evdə yaşamırsınızsa, infrastruktura çəkilən xərci sabit tariflə ödəməlisiniz. İndi bu 5 manat, yoxsa 1 manat olacağı bilinmir. Hər halda aylıq əlavə işlətdin-işlətmədin qaza, elektrik enerjisinə pul verməli olacaqsız. Bu çox mənasız bir yanaşmadır.
Çünki o infrastruktur üçün vəsait dövlət büdcəsindən ayrılır. Vətəndaş olaraq dövlət büdcəsindən vergilərimizlə pay sahibiyik və bizim vergilər hesabına da o infrastruktur çəkilir. Bundan başqa istehlakçı olaraq fərqi nədir ki, dövlət, yaxud özəl şirkət olsun. Biz keyfiyyətli xidmət almaq istəyirik.
Bizim üçün təbii inhisarçıların olmasının o qədər də əhəmiyyəti yoxdur. Sadəcə problem odur ki, alternativimiz yoxdur. Təbii inhisarçılar su, qaz, elektrik enerjisinin qiymətlərini qaldıra bilirlər. Bizim alternativimiz yoxdur ki, başqa bir təchizatçıya müraciət edək. Ancaq bunların təklif etdiyi məntiqi götürsək, biznes də gərək elə davransın.
Məsələn, kimsə mağaza tikir və infrastruktur qurur, pul xərcləyir və mağazaya kimsə daxil olur. Heç nə almadan çıxanda onun qarşısını kəsir ki, “mən mağazama pul xərcləmişəm, buranı tikmişəm. Nə olsun heç nə almamısan, heç olmasa kassaya bir 5 manat ödəniş elə”. Yəni hazırki yanaşma belədir. Çox məntiqsiz və yalnışdır. Mən ümid edirəm ki, bu təklif keçməyəcək”.