"Google" nin Al texnologiyaları xəbər saytlarının milyonlarla oxucusunu əlindən alır - WSJ
Dünən, 00:06

Dünyanın əksər xəbər saytları son dövrlərdə oxucu itkisilə üzləşir.
Qaynarinfo "The Wall Street Journal"a istinadən xəbər verirki, bu azalmaya səbəb "Google" tərəfindən tətbiq edilən süni intellekt (Al) texnologiyalarıdır.
Trafikdə kəskin azalma
Süni intellekt əsaslı çat-botlar, artıq bir çox istifadəçi üçün klassik "Google" axtarışlarının yerini alır. İstifadəçilər əvvəlki kimi özləri link axtarmır, cavabları birbaşa çat-botlardan əldə edirlər.
Rəqəmsal bazar analizləri aparan "Similarweb" şirkətinin məlumatına görə, son üç ildə "HuffPost" və "The Washington Post" qrupuna daxil olan saytların masaüstü və mobil versiyalarına olan orqanik axtarış trafiki 50%-dən çox azalıb.
"Business Insider" isə trafik itkisi səbəbilə əməkdaşlarının təxminən 21%-ni ixtisar etməyə məcbur olub. "Similarweb"in məlumatına əsasən, 2022-ci ilin aprelindən 2025-ci ilin aprelinə qədər bu şirkətin saytlarına orqanik axtarış trafiki 55% azalıb. Belə dəyişikliklər bir çox böyük xəbər saytını öz biznes strategiyasını tamamilə yenidən qurmağa vadar edir.
"Google"un "AI Overviews" funksiyası
2024-cü ildə "Google" axtarış sisteminə süni intellekt tərəfindən yaradılmış "AI Overviews" funksiyasını əlavə edib. Bu funksiya axtarış sorğusuna cavab olaraq əsas məlumatları xülasə şəklində axtarış nəticələrinin yuxarısında təqdim edir. Bu isə xüsusilə səyahət məlumatları, sağlamlıq tövsiyələri və məhsul rəyləri kimi mövzularda yazılar paylaşan saytların trafikinə ciddi təsir göstərib.
Qeyd olunur ki, may ayında ABŞ-da işə salınan yeni "AI Mode" funksiyası isə xəbər saytlarına daha da böyük zərbə vura bilər. Bu funksiya çat-bot formatında cavab verir və istifadəçiyə cəmi bir neçə kənar link təqdim edir.
"The Atlantic" jurnalının icraçı direktoru Nikolas Tompson bildirib: "Google" artıq bir axtarış sistemi deyil, cavab sistemi olmağa başlayıb. Biz yeni strategiyalar işləməliyik".
Jurnalistika üçün təhdid
"The Washington Post"un nəşriyyatçısı və baş direktoru Uilyam Lyuis də çat-bot texnologiyalarının axtarış sistemlərinə inteqrasiyasını jurnalistika üçün ciddi təhlükə kimi dəyərləndirib. O bildirib ki, redaksiyası bu dəyişikliklərə cavab olaraq daha əvvəl diqqət göstərmədiyi auditoriyalarla əlaqə qurmağa və yeni gəlir mənbələri tapmağa çalışır.
"Dow Jones" və "The Wall Street Journal" nəşrlərinin marketinq direktoru Şerri Vays isə qeyd edib ki, dəyişən axtarış mühiti qarşısında şirkətlər istifadəçi etibarını möhkəmləndirməyə və sabit trafik yaratmağa yönəlməlidirlər. Onun fikrincə, auditoriyanı qorumağın ən effektiv yolu, istifadəçiləri sayta birbaşa gətirəcək unikal məzmun hazırlamaqdır.
"Google" rəhbərliyi isə bildirib ki, şirkət hələ də saytların trafiklə təmin olunmasına sadiqdir. Onların sözlərinə görə, "AI Overviews" funksiyası göstərildikdən sonra belə istifadəçilər çox vaxt əlavə məlumat üçün linklərə klikləyirlər.
Texnologiya internet istifadəsini dəyişir
Məqalədə qeyd olunur ki, süni intellekt texnologiyaları internetin istifadəsinə yanaşmanı tamamilə dəyişir. Müəlliflər bildirirlər ki, buna bənzər dəyişikliklər daha əvvəl də baş verib – məsələn, internet media orqanları çap qəzet və jurnalları demək olar ki, sıradan çıxarmışdı. İndi isə rəqəmsal nəşrlər qarşısında yeni çağırışlar dayanır.