Sankt-Peterburqda qızı zorla maşına oturtmaq istəyən sürücü saxlanıldı
11-06-2025, 16:34
Sankt-Peterburqda 9 may tarixində Udarniç prospektində bir qızın zorla avtomobilə mindirilməyə çalışıldığı hadisə ilə bağlı 45 yaşlı əcnəbi sürücü polis tərəfindən saxlanılıb.
32gun.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və vilayət üzrə Baş İdarəsi məlumat yayıb.
Hadisə Krasnoqvardeyski rayonunda yerləşən avtodayanacaqda baş verib. Şəxsi avtomobilin sürücüsü qıza yaxınlaşaraq onun yolunu kəsib, hərəkətinə mane olub və onu qucaqlayaraq zorla avtomobilə oturtmağa çalışıb. Avtomobildə daha bir nəfər kişi də olub. Qız bir qədər sonra fürsətdən istifadə edərək qaçmağı bacarıb.
Hadisə şahidləri baş verənləri videoya çəkərək polisə müraciət ediblər. Maraqlıdır ki, zərərçəkmiş şəxs özü hüquq-mühafizə orqanlarına müraciət etməyib.
Polis hadisəyə dərhal reaksiya verib və şübhəlinin şəxsiyyəti müəyyən edilib. Hazırda onun barəsində adam oğurluğu maddəsi ilə cinayət işinin başlanması məsələsi araşdırılır. Hazırlıq yoxlamaları davam edir.