Türkiyədə panavrasiya trendi: ideoloji yönlər, siyasi dinamikalar və geosiyasi təsirlər (I yazı)
Bu gün, 11:14

Giriş
Rusiyanın Ukraynaya qarşı apardığı müharibə Türkiyədə çoxdan var olan panavrasiyaçılığı gün üzünə çıxardı. Son üç ildə Ankaranın rəsmi mövqeyində də bariz şəkildə görünməyə başlayan bu trend istər mərkəz mediada, istər sosial şəbəkələrdə, istərsə də akademik dairələrdə bütün tənqidlər qulaq ardına vurularaq yüksəlməyə başladı.
Burada xüsusi diqqət çəkən məqam Türkiyədəki panavrasiyaçılığın bu ideologiyanın doğulduğu Rusiyadan fərqli olaraq sadəcə bir ideoloji baxışın (radikal, millətçi) trendi deyil, sağ-sol, dünyəvi-dindar, proqressiv-mühafizəkar, türk-kürd, hərbçi-sivil fərqi olmadan bütün cinahlara sirayət etmiş olmasıdır. Digər diqqəti cəlb edən nüans isə Türkiyədəki panavrasiyaçılığın özünü daha çox Rusiya heyranlığı və Kremlin qlobal təbliğat maşınının bir hissəsi kimi göstərməsidir. Əlbəttə, siyasi və qeyri-siyasi aktorların hər birinin fərqli motivasiyası və fərqli avrasiyaçılıq təxəyyülü var, ancaq böyük əksəriyyəti birləşdirən ortaq cəhət - avrasiyaçılığın əsas məqsədi olan rus ekspansiyasına və bu ekspansiyanın əsas sütunlarından olan Putin avtoritarizminə loyal münasibət və beynəlxalq hüquqa münasibətdə riyakarlıq səviyyəsində ikili standart sərgiləmələridir.
Türk avrasiyaçılığı hələlik xarici və təhlükəsizlik siyasətini formalaşdırma gücünə sahib deyil, ancaq bu siyasətdəki rolunu inkar etmək də olmaz. Bu rol isə daha çox Türkiyə iqtidarının avrasiyaçılardan həm xarici, həm daxili siyasətdə istifadə etməsindən ibarətdir. Günümüzdəki türk avrasiyaçılığı Ərdoğan liderliyindəki “tək adam” rejiminin dövlətin mənafeyi baxımından vacibliyini müdafiə edir, islamçı və millətçi kəsimin xaricindəki “dünyəvi” seçicilərlə əlaqələri sayəsində avtoritar koalisiyanı genişləndirir, hərbi dairələrdə təsirli olmağa çalışır, eyni zamanda mediada radikal millətçi xarici siyasət tezislərini populyarlaşdırmağa çalışır (Kınıklıoğlu, 2022a). Eyni zamanda avrasiyaçılıq tezisi Qərbdən istədiklərini əldə etmək və ya Qərblə münasibətləri pozmaq istədiyi zamanlarda hər zaman Ankaranın şantaj arqumenti olaraq qalmağa davam edir.
Khar Center bu yazısında Türkiyədə yüksələn avrasiyaçılığı, onun səbəblərini və mümkün nəticələrini analiz edir.
Analizin məqsədi
Analizin məqsədi Türkiyədə avrasiyaçılığın niyə bu qədər populyar olduğunu, bu trendi populyarlaşdırmağa çalışan aktorların motivasiyasını, Türkiyə iqtidarının xüsusilə son illərdə avrasiyaçılığı niyə bu qədər ön plana çıxarmağa çalışdığını və bundan istər daxili, istər xarici siyasətdə necə istifadə etdiyini, panavrasiyaçılığın Türkiyənin geosiyası mövqeyinə təsir imkanlarını araşdırmaqdır.
Analizin əsas sualları
Panavrasiyaçılıq klasik mənasıyla nədir? Türkiyə avrasiyaçılığı nədir? Türkiyə avrasiyaçılığı ilə Rusiya avrasiyaçılığı niyə mahiyyət etibarıyla bir-birinə ziddir və buna baxmayaraq, Ankara niyə bu trendi gücləndirməyə çalışır? Türkiyədə bu ideologiya hansı aktorlar tərəfindən təbliğ olunur? Panavrasiya Türkiyənin xarici və daxili siyasətinə necə təsir edir?
Məlumat mənbələri:
Yazının ərsəyə gəlməsində əsasən elmi və akademik mənbələrdən və köməkçi olaraq xəbər və analitik portallar tərəfindən təqdim olunmuş informasiyalardan istifadə olunub.
Metodoloji yanaşma: diskurs analizi, ideoloji axınların tədqiqi, siyasi aktorların mövqelərinin müqayisəsi.
Panavrasiya ideologiyasının ümumi çərçivəsi
Klassik mənasıyla avrasiyaçılıq, ya da panavrasiya ideologiyası Avropa mərkəzçiliyini rədd edən, Avropa və Asiyadan geopolitik və mədəni baxımdan fərqləndiyi, ancaq ikisinin də elementlərini daşıdığı, monqol-türk irsini və pravoslav mədəniyyətini birləşdirdiyi iddia edilən ayrıca bir coğrafi və tarixi sivilizasiyaya malik böyük Rusiya ideologiyasıdır. Bu ideoloji xəttin ucu isə günümüzdə səhvən “Kreml ideoloqu” adlandırılan Duqindən çox-çox uzaqlara gedib çıxır.
Slavyanofillik
Avrasiyaçılığın fundamentinin 19-cu əsrin ortalarında ortaya çıxan slavyanofilliklə qoyulduğu düşünülür. Rus filosof, tarixçi və şair Aleksey Xomyakovun əsasını qoyduğu, Aksakov qardaşları, İvan Kireyevski kimi dövrün rus millətçilərinin dəstəklədiyi bu fəlsəfi-ideoloji cərəyan “Qərbçiliyə qarşı slavyan birliyi” ideyasını müdafiə edirdi.
Cərəyanın nümayəndələri “qərbçilər” kimi dəyərləndirilən sanktpeterqburqlulardan fərqlənmək üçün özlərini “moskvalılar”, “Moskva istiqaməti, “Moskva partiyası” adlandırırdılar və “Qərbə qarşı mübarizə aparan rus istiqaməti” kimi təqdim edirdilər. Rusiyanı Qərbi Avropa ilə birləşdirən dəyərləri önə çıxaran “qərbçilər”lə müqayisədə slavyanofillər fərqlilikləri vurğulayırdılar və Qərbin yolunun Rusiyaya uyğun olmadığı fikrini müdafiə edirdilər (Новая философская энциклопедия, 1997-2010).
Bu cərəyanın təmsilçilərinin “slavyan birliyi” iddiasının saxtalığı isə özünü digər slavyan xalqlarına münasibətdə açıq şəkildə göstərirdi. “Moskvalılar” ukraynalıları “maloruslar”, belarusluları isə “ağ ruslar” adlandırırdılar, eyni zamanda bu xalqların ayrı mədəniyyət və dil daşıyıcısı olduğunu inkar edirdilər, onların dil və ədəbiyyat uğrunda mübarizələrini isə Polşa intriqası kimi görürdülər (Potulnitskiy, 1998). Onlar üçün slavyanlığın əsas şərti pravoslavlıq idi, eyni zamanda hakim dil və mədəniyyət də rus dili və mədəniyyəti idi.
Panslavizm
Rusiyada slavyanofillik Krım müharibəsindən sonra panslavizmə çevrilməyə başladı. Qərbi Avropa düşmənçiliyi, xüsusilə Avstriya və Polşaya qarşı düşmənçilik, paytaxtı İstanbul olacaq slavyan federasiyası kimi radikal fikirlər də bu dövrdə ortaya çıxdı (Serbest: 2017).
Bu fikrin baniləri Nikolay Danilevski və tələbəsi Vladimir Lamanski kimi rus millətçiləri sayılır. Onlar Avropa və Asiya arasında təbii coğrafi sərhəd olmadığını və bu səbəbdən Rusiyanın Avropa və Asiyaya ayrıla bilməyəcəyini, əksinə, vahid bir coğrafi məkana sahib əlahiddə sivilizasiya olduğunu iddia edirdilər (Bassin, 2015).
Danilevski bu sivilizasiyanın kökündə slavyan birliyinin olduğunu iddia edirdi və Avropa ilə mübarizə üçün şərqi slavyanların siyasi birliyini təklif edirdi. Lamanski isə rus dilinin slavyanlar arasında yayılmasını və Rusiyanın slavyan dünyagörüşü əsasında formalaşmasını müdafiə edirdi. Yəni birisi siyasi panslavizmi, digəri isə ədəbi-siyasi panslavizmi Rusiya mərkəzli sivilizasiyanın əsası olaraq görürdü (Kuprianov, 2017).
Danilevskinin Rusiya mərkəzli sivilizasiya ideologiyasının əsasında yalnız Qərbi Avropa deyil, həm də və daha çox Türkiyəyə nifrət dayanırdı. Danilevski 1869-cu ildə nəşr olunan “Rusiya və Avropa” adlı kitabında “Avropa dövlətlərinin siyasi sisteminə daxil olan böyük və güclü dövlət, hər nə qədər zəifləmiş olsa da hələ də qanunsuz və ədalətsiz hegemonluğunu güc yolu ilə davam etdirən barbar və işğalçı Türkiyə tərəfindən ən müqəddəs mənafeləri (dini mənafeləri) baxımından təhqir olunur...” deyə yazırdı və “Avropalıların barbar və despotik Türkiyəyə simpatiyası”nı anlamadığını bildirirdi.
Danilevski İstanbulun alınmasını və güclü slavyan dövlətinin paytaxtı olmasını təklif edirdi. Ona görə, İstanbulun işğalı ilə slavyanlıq zəifləməkdə olan Roma-German mədəniyyətinin yerinə keçəcək və yeni dünya sivilizasiyasının yaranmasını təmin edəcəkdi (Kaya ve İşyar, 2009a).
Ümumiyyətlə, o dövrdə istər qərbçi, istərsə də slavyanofillər üçün türklər “barbar”lardan ibarət idi və İstanbulun türklərdən azad edilməsi əsas tezislərdən biri idi.
Bununla yanaşı, günümüzdə olduğu kimi o dövrün rus millətçilərinin “Rusiya ayrı bir sivilizasiyadır” fikrinin antitezasını “Kollektiv Qərb tərəfindən aşağılanma” təşkil edirdi. Ruslar xaricindəki slavyan xalqları üçün isə bu, slavyan millətçiliyi deyil, rus millətçiliyi idi. Xüsusilə də polyaklar, çexlər, slovaklar, xorvatlar, slovenlər bu millətçilikdən məmnun deyildilər. Ancaq Osmanlıya tabe olan slavyan xalqları Rusiyanı özlərinin xilaskarı olaraq görürdülər. 1877-1878-ci ildəki rus-türk müharibəsi bu baxımdan Rusiyanın ekspansionist düşüncəsinin həyata keçdiyi tarixi hadisə olaraq qəbul edilir (Kaya ve İşyar, 2009b).
Avrasiyaçılıq
XX əsrin əvvəllərində ortaya çıxan avrasiyaçılıq ideologiyası da əsasən bu xəttin bir qədər dəyişdirilmiş formasından ibarət idi. Avrasiyaçılar özlərini Danilevski və Lamanskini ideoloji sələfləri adlandırırdılar. “Avrasiyaçıların atalarından” sayılan Pyotr Savitski 1925-ci ildə yazdığı “Avrasiyaçılıq” adlı proqram məqaləsində Rusiyanın xüsusi mədəni-coğrafi sivilizasiya olması fikrinin özlərinin xidməti olmadığını, bu ideyanı illər əvvəl Lamanskinin irəli sürdüyünü yazırdı. Ancaq Danilevski və Lamanski ilə avrasiyaçılar arasında bir fərq vardı: birincilər bu sivilizasiyanı Rus-Avrasiya deyil, slavyan dünyası adlandırırdı (Koşarnıy, 2007a).
Avrasiyaçılar isə Rusiya mərkəzli yeni sivilizasiyaya “turan xalqları” notunu da əlavə etmişdilər. Bunu deyərkən onlar fin-uqor xaqlarını, türkləri, monqolları və mancurları nəzərdə tuturdular (Badmaev, 2015).
Onlar slavyanofillərdən fərqli olaraq, rus kimliyinin yalnız pravoslav və slavyan elementlərindən ibarət olmadığını, onun şərqi slavyanların və monqol-tatar xalqlarının və mədəniyyətlərinin qarışığıyla ortaya çıxdığını bildirirdilər.
Slavyan xalqları ilə bağlı düşüncə baxımından isə avrasiyaçılar slavyanofillər və panslavçılar ilə oxşar mövqedə idilər. Onlar şərqi slavyanları “Avrasiya” məfhumuna aid edirdilər. Çexləri, slovakları, polyakları isə rus mədəniyyətindən uzaq xalq sayırdılar (Glebov, 2003).
Qərbi Avropa düşmənçiliyi məsələsində də avrasiyaçılar, slavyanofillər və panslavçılar ilə eyni mövqedə idilər. Onlar da qərb tipli liberal demokratiyanı, hüquq dövlətini, parlamentarizmi, fərdiyyətçiliyi və insan haqları yanaşmasını rədd edirdilər.
Bolşevik çevrilişindən sonra Rusiyadan qaçan intellektualların hələ XX əsrin əvvəllərində ideoloji dünyagörüş olaraq ortaya qoyduqları, 1920-ci illərdə isə mühacirətdə siyasi hərəkata çevrilən avrasiyaçılığın əsas ideoloqu knyaz Nikolay Trubetskoy sayılır. Trubetskoy 1920-ci ildə Sofiyada nəşr edilən “Avropa və bəşəriyyət” adlı kitabında avrasıyaçılıq terminindən heç istifadə etmədən avrasiyaçılığı təbliğ edirdi.
Cərəyanın əsas manifesti isə 1921-ci ildə Sofiyada nəşr edilən “Şərqə dönüş” adlı məqalələr toplusu sayılır. Bu topluda linqvist, tarixçi və publisist Trubetskoy ilə yanaşı coğrafiyaçı Pyotr Savitski, tarixçi və filoloq Georgi Florovski və ədəbi tənqidçi Pyotr Suvçinskinin məqalələri dərc edilmişdi.
Daha sonra bu hərəkata başqa rus intellektualları da qoşuldular və avrasiyaçılıq hərəkatı 1930-cu illərə qədər Sofiya, Praqa, Belqrad, Berlin, Brüssel, Paris kimi şəhərlərdə aktiv fəaliyyət göstərdi (Koşarnıy, 2007b).
Bu ideologiyanın daşıyıcıları “Avrasiya” termininə Şərqi Avropanı, Qərbi Sibiri və Türküstanı daxil edirdilər. Onlara görə, slavyan və Turan (fin-uqor, türk) xalqlarının mədəniyyətlərinin, etnopsixoloji tiplərinin, dini baxış və hisslərinin, dillərinin yaxınlığı bu birliyi zəruri edirdi. Onlar Avrasiya (əslində “böyük Rusiya”) siyasi və mədəni birliyinin köklərini Kiyev Rus dövlətində deyil, Çingizxan imperiyasında axtarırdılar.
Bu baxımdan da 1917-ci il bolşevik çevrilişini Rusiyanın ona yad olan “Roma-German” sivilizasiyasından çıxıb tarixi köklərinə qayıdış imkanı olaraq dəyərləndirirdilər. Hər nə qədər ilk baxışda millətçilik təməlli olmadığı iddia edilsə də avrasiyaçılıq əslində özündə “ali rus mədəniyyəti”nə itaaəti ehtiva edirdi. Dini həyatda pravoslavlığa birləşdirici rol verilərkən “kiçik” mədəniyyətlərin “ali mədəniyyət” ilə harmonik şəkildə birləşməsi nəzərdə tutulurdu ki, bu zaman, heç şübhəsiz, “ali mədəniyyət” deyilərkən rus mədəniyyətindən söhbət gedirdi (Koşarnıy, 2007c).
XX əsr avrasiyaçılarının əsas tezisi bundan ibarət idi ki, Qərb insanlığa qarşıdır və Rusiya bütün formalarında (istər qədim, istər pravoslav-monarxiya, istər sovet) Qərb hegemoniyasına qarşı mübarizənin qalasıdır. Onlar bu əsaslandırmayla SSRİ-nin qurulmasını dəstəklədilər. Ateizm və materializmi təqdir etməsələr də, kommunizmin zahiri fasadının arxasında dərin milli xüsusiyyətlərin olduğuna inanırdılar və Sovet İttifaqını Rusiya missiyasının geosiyası mirası olaraq qəbul edirdilər.
Ancaq bir müddət sonra Avrasiya doktrinasının ifrat elitizmi rus mühacirlər arasında kəskin tənqidlərə səbəb oldu. İlk ciddi bölünmə cərəyanın banilərindən Georgi Florovskinin sərt tənqidləri və 1923-cü ildə bu cərəyandan ayrılması ilə başladı. Florovski 1928-ci ildə yazdığı “Avrasiyaçılıq vəsvəsəsi” adlı məqaləsinə bu sözlərlə başlayırdı: “Avrasiyaçılığın taleyi mənəvi uğursuzluq tarixidir. Avrasiya həqiqətini susdurmaq olmaz. Ancaq dərhal və birbaşa söyləmək lazımdır – bu sualların həqiqətidir, cavabların deyil, problemlərin həqiqətidir, həll yolunun deyil. Elə oldu ki, avrasiyaçılar günün canlı və aktual suallarını hər kəsdən daha əvvəl gördülər, ancaq onların öhdəsindən gəlməyi, konkret cavab verməyi bacarmadılar...Avrasiya xəyalında cazibədar kiçik həqiqət böyük özünü aldatma ilə birləşir” (Florovskiy, 1928).
Avrasiyaçılar 1927-ci ildə özlərinin siyasi təşkilatlarını elan etdilər. Ancaq daxili parçalanmanın qarşısını almaq artıq mümkün deyildi. Elə həmin il Stalin rejiminə açıq şəkildə simpatiya bəsləyənlərdən ibarət olan sol qanad ortaya çıxdı. Avrasiyaçılıq ideologiyasının aktiv təmsilçilərindən Karsavin, Efron, Svyatopolk-Mirski və sol qanadı təmsil edən digərləri “Avrasiya” qəzeti ətrafında birləşmişdilər. Solçu avrasiyaçılar sağçılar kimi Sovet İttifaqını xəyallarındakı “böyük Rusiya” üçün keçid dövrü olaraq görmürdülər, əksinə, SSRİ-nin öz xəyallarının inikası olduğunu düşünürdülər (Koşarnıy 2007b).
Hərəkatın qurucuları olan Trubetskoy, Savitski və “sağ qanad”ın digər təmsilçiləri Avrasiya Partiyasını yaratdılar. Ancaq artıq avrasiyaçıların populyarlığı ciddi şəkildə azalmışdı və 1930-cu illərin ortalarında bu hərəkat süquta uğradı.
Neoavrasiyaçılıq
Neoavrasiyaçılığın - daha doğrusu neoslavyanofilliyin öncüllərindən olan Aleksandr Soljenitsin SSRİ-nin son illərində Rusya, Belarus və Ukraynadan ibarət rus-slavyan dövlətinin yaradılmasını təklif edirdi. Soljenitsin bu dövlətə Qazaxıstanın ruslar yaşayan hissəsinin də daxil edilməsini istəyirdi. RSFSR rəhbərliyinə gətirilən Boris Yeltsin də bu ideyanı dəstəkləyirdi (Elma, 2009).
1991-ci ilin fevral ayında Rusiya, Belarus və Ukrayna yeni birlik yaratmağı nəzərdə tutan saziş imzaladı və bunun gözlənilən slavyan birliyi olduğu ifadə edildi. Ancaq daha sonra Rusiyada bu ideya dəbdən düşdü, çünki yalnız şərqi slavyan coğrafiyasından ibarət bir sahə üzərində hegemoniya Rusiyanın böyüklük xəyalları üçün kiçik görünürdü (Kaya ve İşyar 2009c). Bu səbəbdən də tarixin təkrarı gerçəkləşdi və Rusiya neoslavyanofillikdən neoavrasiyaçılığa qədəm qoydu.
Neoavrasiyaçılığın Rusiyadakı ilk təmsilçisi isə tarixçi və etnoqraf Lev Qumilyov sayılır. O, gəncliyində klassik avrasiyaçılığın öndərlərindən Savitski ilə tanış olmuşdu. Qumilyov da klassik avrasiyaçılar kimi katoliklərə, demokratiyaya və fərdiyyətçiliyə qarşıydı və Avrasiya (əslində Rusiya) superetnosunun Roma-German sivilizasiyasından üstün olduğunu iddia edirdi (Paradowski, 1999).
Qumilyov daha çox etnik vurğu üzərində dururdu və Avrasiyanın eyni adlı superetnosa sahib bir sivilizasiya olduğunu iddia edirdi. İrəli sürdüyü “Etnogenezin passionar nəzəriyyəsi”nə görə “böyük rus” superetnosu şərqi slavyanlar, qərbi slavyanlar, Baltik xalqları, finlər, türklər və nisbətən monqolların birləşməsiydi.
Ancaq Qumilyova görə, ruslar Turan mədəniyyətinin də izlərini daşımalarına baxmayaraq, Avrasiya superetnosunun əsas formalaşdırıcı elementiydilər, yəni avrasiyaçılığın təməlində rus xalqı vardı (Amirbek, 2015).
Qumilyovun Kiyev Rus dövlətinə baxışı isə klassik avrasiyaçılardan fərqli idi. Klassik avrasiyaçılıqda Kiyev Rus dövlətini yox sayan sələflərindən fərqli olaraq Qumilyov bu dövlətin qurulmasında da rus-türk təsirinin çox olduğunu deyirdi.
Yeni avrasiyaçılığın digər qanadını isə Aleksandr Panarin təmsil edir. O, SSRİ-nin dağılmasından sonra avrasiyaçılığın Rusiya üçün yeganə çıxış yolu olduğunu düşünür və Rusiya Federasiyasında yaşayan slavyan və türk xalqlarının, pravoslavlıq ilə islamın Avrasiyanı birləşdirə biləcək elementlər olduğunu irəli sürür (Laruelle, 2004a).
Ancaq bununla yanaşı, Panarin “İpək Yolu”, “Türk Birliyi” kimi regional layihələrin də rus mədəniyyətini inkar edən, avrasiyaçılığa qarşı duran düşüncələr olduğunu, slavyan-türk birliyini pozmağa xidmət etdiyini iddia edir.
Panarin hər nə qədər Rusiya içindəki abstrakt slavyan-türk birliyini vurğulasa da, Türkiyənin region üzərindəki təsirinin azaldılmasının mühüm olduğunu vurğulayır və türk dünyasının bəşəri dəyərə sahib olmaq üçün yeganə yolunun rus dünyası ilə birləşməkdən keçdiyini bildirir (Laruelle, 2004).
Rusiyada yeni avrasiyaçılığın ən populyar nümayəndəsi olan Aleksandr Duqin isə mahiyyət etibarıyla 1920-ci illərin sonlarında klassik avrasiyaçılardan qopan sol qanada daha yaxındır. Klassik avrasiyaçılardan fərqli olaraq Duqin çar Rusiyasının deyil, keçmiş SSRİ coğrasiyasını avrasiyaçılığın zəmini olaraq görür. Duqin postsovet məkanının Rusiyanın nəzarətində olmasının vacibliyini vurğulayır və bunu gələcəkdə SSRİ-yə bənzəyən yeni dövlətin da əsası olaraq görür. Avrasiya İttifaqının da bu baxımdan müsbət addım olduğunu düşünür (Bassin, 2011).
Digər tərəfdən Duqin avrasiyaçılıq idelogiyasının sərhədlərinin keçmiş SSRİ-nin coğrafi sərhədlərindən daha böyük olduğunu düşünür. Duqinə görə, Avrasiyada bölgəni birləşdirəcək yeni bir imperiya yaradılmalıdır və bu imperiyanın qurucusu da ruslar olmalıdır. Üstəlik, bu imperiya SSRİ-dən daha böyük və daha üstün olmalıdır (Duqin, 2005a).
Qərbin inkarı, Qərb düşmənçiliyi məsələsində Duqin klassik avrasiyaçılarla eyni mövqedədir, ancaq bir fərqlə - klassik avrasiyaçıların düşməni “Roman-German” sivilizasiyası idisə, Duqin avrasiyaçılğının düşməni ABŞ və İngiltərədir.
Klassik avrasiyaçıların və Qumilyovun irəli sürdüyü rus-türk sintezinin Duqin avrasiyaçılığında yeri yoxdur, hətta əksinə, mənfi çalar daşıyır. Çünki Duqinə görə avrasiyaçılıq mədəni deyil, geopolitik anlayışdır və rus-türk sintezi burada heç bir əhəmiyyət daşımır.
Əksinə, Panarin kimi Duqin də “türk birliyi” adı altındakı bütün layihələri zərərli sayır və xüsusilə Türkiyənin bu regiona marağının qarşısının alınmalı olduğunu düşünür. Xüsusilə 2016-cı ildəki “FETÖ çevrilişi” cəhdindən sonra Duqin Türkiyə iqtidarıyla nə qədər “xoş niyyət” oyununa girsə də, özlüyündə Duqinə görə, Türkiyə atlantikçi bir ölkədir, Avrasiya üçün böyük təhdiddir və Rusiya Türkiyəyə qarşı İranla müttəfiqlik etməlidir.
Çünki Duqin İranın Hind okeanına açılmasının Rusiyanın əsrlərdir həll edə bilmədiyi geopolitik problemin açarı olacağını düşünür. Eyni zamanda Azərbaycanda Türkiyə tərəfdarlığının davam etməsini də zərərli faktor olaraq görür və bu halda Rusiya, Ermənistan və İranın Azərbaycanı parçalamalı olduğunu iddia edir (Duqin, 2005b).
Duqin avrasiyaçılığı klassik avrasiyaçılığın radikal forması, siyasi və geopolitik ekspansiya və rus millətçiliyinin Avrasiyaya hökmran olmasını təmin edəcək işğal ideologiyası olaraq dəyərləndirilə bilər. Bu baxımdan da Duqin avrasiyaçılığı Rusiyanın indi postsovet məkanında həyata keçirdiyi və planladığı işğalçılıq siyasətinin də fundamentini təşkil edir.
Duqin kimdir - Kreml ideoloqu, yoxsa avantürist rus faşisti?
Ancaq burada hakim rolun kimdə olduğunu kəsdirmək çətindir - Putin avtoritarizmini və imperializmini gücləndirmək üçün Duqinin fikirlərindən yararlanır, yoxsa Duqin Putinin ondan daha az olmayan imperializm xəstəliyindən öz məqsədləri üçün istifadə edir?
Türkiyədə çox uzun müddət Duqin “Putinin baş məsləhətçisi”, “Putinin müşaviri” kimi təqdim edildi. Hələ də mediada və siyasi dairələrdə onu bu titulla tanıyanlar mövcuddur. Qərb mətbuatında da Duqinin “Putinin beyni” olduğuna dair şərhlərə rast gəlinir.
Rusiyada bununla bağlı fərqli fikirlər var. Bu fikirlərdən bəzilərinə görə, Duqin bir psevdointellektualdır, Kreml üçün mühüm fiqur deyil və və “boz kardinal” olmaqdan çox uzaqdır, Rusiya iqtidarının isə hər hansı ideologiyası yoxdur. (Volkov, Telegram, 2022)
Duqinin “rus dünyasının lideri” kimi əhəmiyyətinin şişirdildiyini, ancaq onun Rusiya Müdafiə Nazirliyi Akademiyasında dərs deməsini, FTX ilə əlaqələrinin olmasını unutmamağın vacib olduğunu düşünənlər də var. Bu düşüncəyə görə, Duqin Putin iqtidarının xarici və daxili təbliğatda istifadə etdiyi 10-15 ideoloqdan biridir (Radio Svoboda, 2022).
Putinin daha əvvəllər Duqinə xüsusi maraq göstərməməsi, yalnız qızı Daryanın ölümündən sonra Rusiya Prezident Aparatı rəhbərliyinin görüşdüyü millətçi ideoloqlar sırasına daxil edilməsi iddiaları da var. Bu iddialara görə, Rusiya PA rəhbərliyi Duqin, Aleksandr Proxanov, Vardan Bağdasaryan və “Tsarqrad” televiziyasının sahibi, oliqarx Konstantin Malofeyevlə sıx əlaqə saxlayaraq onların “yeni bir ideoloji konsepsiya”nın konturlarını müəyyən etməyə çalışır (Meduza, 2022).
Duqinin 2024-cü ildə Rusiya Dövlət Humanitar Universiteti nəzdindəki Ali Siyasət Məktəbinin (bu məktəb də rus faşizminin ideoloqu İvan İlyinin adını daşıyır) direktoru təyin olunması da bu tezisi gücləndirən xəbərlərdən sayıla bilər. (VOA, 2024, a)
Ümumilikdə bir çox ekspertin razılaşdığı məqam isə bundan ibarətdir: Rusiya dövlət siyasəti o qədər radikal millətçi və imperialist həddə gəlib ki, Duqin artıq marginal oyunçu olmaqdan çıxıb və mərkəzə gəlib. Yəni Duqin eyni Duqindir - sadəcə daha əvvəllər onun marginal və radikal sayılan fikirləri indi Rusiyanın əsas siyasi fikri ilə üst-üstə düşür. (VOA, 2024, b)
Türk avrasiyaçılığı nədir?
Türk dünyasında avrasiyaçılıq fikri fərqli formalarda zaman-zaman müzakirə mövzusu olub və Rusiyadan fərqli olaraq heç də hər zaman millətçilik təməlli olmayıb. Son dövrlərdə isə daha çox Rusiyanın təklif etdiyi, yəni rus kimliyinin hökmran olduğu Avrasiya fikrinə daha yaxın cizgidə özünü göstərir.
XX əsrin əvvəllərində türk dünyasının tanınmış isimlərindən Yusif Akçura rus və türk xalqlarının Avropa və Çin hegemoniyasına qarşı birliyi konsepsiyasını irəl sürmüşdü. Ancaq ruslar bu təklifi qəbul etməyincə Akçura yeni qurulan Türkiyə Cümhuriyyətində türkçülük cərəyanına yönəldi (Kınıklıoğlu, 2022b).
Türkiyə Cümhuriyyətində avrasiyaçılıq fikrinin ən qaynar müdafiəçisi isə solçu-marksist şair və yazar Atilla İlhan idi. İlhan əsrlər boyu davam edən Rusiya-Osmanlı rəqabətinin Qərbin oyunu olduğunu iddia edir, bolşeviklərlə kamalistlər arasında 1919-1938-ci illərdəki sıx əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayırdı (Aktürk, 2004).
Yusif Akçura, İsmayıl Qaspıralı və digər bu kimi türkçü-avrasiyaçıların və cümhuriyyətin qurulduğu illərdə Sovet İttifaqı ilə əlaqələri inkişaf etdirən Mustafa Kamal Atatürkün populyarlığını özünə qalxan edən solçu marksist avrasiyaçıların fikirləri təməldə bir-birinə zidd idi. Birincilər Çindən Adriatikə qədər türk mədəniyyətinin üstün olduğu pantürkizmi, ikincilər isə daha çox bugünkü Duqin avrasiyaçılığına yaxın sayıla biləcək əməkdaşlığı nəzərdə tuturdu.
İkinci dünya müharibəsinin ilk illərində Türkiyədəki pantürkistlər faşist Almaniyasına simpatiya bəsləyirdilər və bu prosesin başında Nihal Atsız, Alparslan Türkeş, Zəki Vəlidi Toğan kimi isimlər vardı. Türkçülərin Almaniyanı dəstəkləməsinin əsas motivi bu savaşın sovet işğalı altındakı türk xalqlarının xilasına səbəb ola biləcəyi ümidi idi. Ancaq Almaniya müharibədə məğlub olunca Türkiyə siyasəti də buna uyğun şəkil dəyişdirdi, Türkeş, Atsız və digər türkçülər həbs edildi və pantürkizm Türkiyədə radikal cərəyan olaraq təqdim olunmağa başladı (Kınıklıoğlu, 2022c).
Ancaq bu vəziyyət gözlənildiyinin əksinə, Türkiyədə marksist avrasiyaçıların güclənməsinə də gətirib çıxarmadı. İkinci dünya müharibəsindən qalib çıxan SSRİ-nin Qars, Ərdəhan ərazilərini və boğazlarda baza tələbi Türkiyədə SSRİ və rus hegemoniyasına qarşı təpkiləri gücləndirdi, Ankara Moskvanın təhdidlərindən müdafiə olunmaq üçün ABŞ başda olmaqla Qərb blokunu seçmək məcburiyyətində qaldı (Çelik, 2023). Türkiyə 1952-ci ildə NATO-ya üzv olmaqla əslində rus avrasiyaçılığının ən başlıca antitezasını dövlət siyasəti elan etmiş oldu.
1990-cı illərin əvvəllərində Sovet İttifaqı dağılanda da Türkiyədəki avrasiyaçılıq fikri Rusiyaya qarşı idi. Qərb tərəfindən də dəstəklənən bu avrasiyaçılıq Türkiyəni postsovet məkanında, xüsusilə Orta Asiya və Cənubi Qafqazda ən güclü aktorlardan birinə çevirməyi nəzərdə tuturdu (Dalay 2021a).
Qərbin yeni müstəqil müsəlman və türk dövlətləri üçün İranın deyil, Türkiyənin model ölkə olmasını istəməsi Ankaranın imkanlarını artırırdı. Avrasiya termini Türkiyənin gündəminə yenidən o illərdə daxil oldu. Turqut Özal və Süleyman Dəmirəl “Adriatik dənizindən Çin səddinə qədər uzanan türk dünyası” fikrini dəstəkləyirdilər (CS Monitor, 1993).
Ancaq ilk illərdəki aktivliyinə baxmayaraq Türkiyə postsovet məkanındakı dəyişikliklərdə istədiyi nəticəni əldə edə bilmədi (Dalay 2021b)
1990-cı illərin sonlarına doğru Bülənt Ecevitin lideri olduğu Demokratik Sol Partiyanın iqtidara gəlməsiylə Ankaranın tamamilə Qərb bloku mərkəzli siyasətində dəyişikliklər ortaya çıxmağa başladı. Ecevit dövrünün ən tanınmış mərkəz solçu fiquru, “Region mərkəzli xarici siyasət” konsepsiyasını həyata keçirən (Kınıklıoğlu, 2022d) xarici işlər naziri İsmayıl Cem türk avrasiyaçılığını yeni formada gündəmə gətirdi. İsmayıl Cemə görə, “Tarixi və mədəni keyfiyyətləri və özünəməxsus avropalı və asiyalı kimliyi sayəsində Türkiyə Avrasiyanın strateji mərkəzi olma yolunda sağlam mövqedədir” (Kınıklıoğlu, 2022e).
Ancaq İsmayıl Cemin avrasiyaçılıq fikri klassik avrasiyaçılardan fərqli olaraq Qərbə qarşı deyildi. Eyni zamanda Türkiyədəki millətçi avrasiyaçılardan fərqli olaraq Rusiyaya qarşı da deyildi. Əksinə, Cem soyuq müharibənin başa çatmasının Qərbi Avropa ilə Asiya arasındakı inteqrasiyanı asanlaşdıracağına inanırdı (Dalay 2021c).
1997-ci ildə imzalanan “Mavi axın” layihəsi, daha sonra 2001-ci ildə imzalanan “İkitərəfli əməkdaşlıqdan çoxtərəfli ortaqlığa” adlı fəaliyyət planı Cem avrasiyaçılığının təzahürləri olaraq görülə bilər.
Cem dövrünün Avrasiya düşüncəsi Ədalət və İnkişaf Partiyasının (AKP) ilk illərində də davam etdirildi. O dövrdə AKP-nin xarici siyasətinin qurucularından hesab edilən Əhməd Davudoğlu “Strateji dərinlik” kitabında Türkiyənin Avropanın bir kənarında olmaqdan daha çox bir çox bölgənin mərkəzində olduğunu ifadə edən və ona daha çox funksiya yükləyən “Afro-Avrasiya” terminini ortaya atdı. Türkiyənin ABŞ-ın İraqa müdaxiləsinə dəstək verməməsindən sonra Vaşinqtonla yaşadığı gərginliyin fonunda Putinin Ankaraya səfəri (dekabr 2004) Türkiyədəki avrasiyaçılar tərəfindən “türk-slavyan qardaşlığı” kimi dəyərləndirildi (Kınıklıoğlu, 2022f).
Ancaq bununla yanaşı, o dövrdəki Rusiya ilə yaxınlaşmaları Türkiyə xarici siyasətində avrasiyaçılığın təsiri kimi dəyərləndirmək doğru olmazdı. Bunlar, daha çox Türkiyə mərkəzli praqmatik (Cem örnəyində) və ya xəyalpərəst (Davudoğlu örnəyində) həmlələr olaraq qiymətləndirilə bilər. Ancaq xüsusilə AKP-nin iqtidara gəlişinin və ilk illərində Vaşinqton tərəfindən dəstəklənməsinin, Ankaranın Avropa Birliyinə üzvlük də daxil olmaqla Qərb yönümlü xarici siyasət həyata keçirməsinin Türkiyədə ideoloji neoavrasiyaçılığı tətiklədiyi kimi iddialar da var (Kınıklıoğlu 2022g).
Belə ki, AKP iqtidarının Avropa Birliyi ilə üzvlük müzakirələrinə başlamaq üçün siyasi və hüquqi islahatlara başlamaq, ordunun rolunun azaltmaq, kürd açılımı, demokratikləşmə kimi vədləri və bunun həm liberal kəsimdən, həm də biznes dünyasından dəstək görməsi illərdir ölkə siyasətini şəkilləndirməyə çalışan ordu rəhbərliyini narahat edirdi və bu nöqtədə onlar Avrasiyaçılığı çıxış yolu olaraq görürdülər. Çünki avrasiyaçılıq mahiyyət etibarıyla sadəcə Qərb əleyhdarı deyildi, həm də demokratiya, hüququn aliliyi kimi anlayışları da rədd edirdi.
Türkiyədəki ideoloji avrasiyaçılığın bu gün də dominant olan forması 2000-ci illərin əvvəllərində ortaya çıxdı. Doğu Perinçek liderliyindəki İşçi Partiyasının 1996 və 2000-ci illərdə təşkil etdiyi Birinci və İkinci Avrasiya konfransları və Perinçekin 2000-ci ildə nəşr edilən “Avrasiya alternativi” kitabı Türkiyədəki neoavrasiyaçılığın başlanğıcı olaraq qəbul edilir. Perinçek qrupu rus neoavrasiyaçı Aleksandr Duqin ilə əlaqələr qurduqdan sonra bu həmlələr daha sistematik hal almağa başladı. Perinçek 2003-cü ildə Moskvada Beynəlxalq Avrasiya Hərəkatının quruluşunda iştirak etdi və Duqinin rəhbərliyindəki hərəkatın Ali Şura üzvü oldu. (Kınıklıoğlu 2022h)
2000-ci illərdə Perinçek qrupu və Tuncer Kılınç kimi yüksək vəzifəli hərbçilərin irəli sürdüyü avrasiyaçılıq birmənalı olaraq Qərb əleyhdarı, Çin və Rusiya ilə yaxınlaşma tərəfdarıdır. Bu ideoloji yanaşmanın günümüzdəki əsas təzahürü isə “Mavi Vətən” konsepsiyasıdır. (Dalay, 2021d)....
İstefada olan hərbçilər, Perinçek qrupu və bunların media ayağı tərəfindən dəstəklənən “Mavi Vətən” konsepsiyası Türkiyənin dəniz gücü olaraq yenidən formalaşmasını, Aralıq və Egey dənizlərindəki sərhədlərinin yenidən tövsif olunmasını nəzərdə tutmaqla birlikdə Ankaranın geosiyasi yerini Rusiya-Çin ittifaqı içində görür…
İSTİNADLAR
Kınıklıoğlu, Suat. 2022a. “Eurasianism İn Turkey”. Stiftung Wissenschaft und Politik German Institute for International and Security Affairs/ SWP Research Paper. March 2022, Berlin https://www.swp-berlin.org/publications/products/research_papers/2022RP07_EurasianismInTurkey.pdf
Suxov. Славянофильство // Новая философская энциклопедия / Институт философии РАН; https://iphras.ru/elib/2756.html
Potulnytskiy, Volodimir. 1998. “The Image of Ukraine and the Ukrainians in Russian Political Thought (1860-1945) Acta Slavica Iaponica. - Volume 16 https://src-h.slav.hokudai.ac.jp/publictn/acta/16/volodymyr/volodymyr-1.html
Serbest, M.Bürkan. 2017. “Tarihsel Süreçte Rus Avrasyacılığı: Klasik Avrasyacılıktan Neo-Avrasyacılığa”. MANAS Sosyal Araştırmalar Dergisi 6, sy. 3 (Temmuz 2017): 285-307.
Bassin, Mark. 2015. “Re-imagining Word Spaces: The New Relevance of Euracia”. https://humanitiesfutures.org/papers/re-imagining-world-spaces-new-relevance-eurasia/
Kuprianov, Viktor. 2017. “Теория славянской взаимности в философии позднего славянофильства (В.И. Ламанский и Н.Я. Данилевский) // Русский логос: горизонты осмысления. Материалы международной философской конференции, Санкт-Петербург, 25–28 сентября 2017 https://www.academia.edu/35504467/
Kaya S. və İŞYAR, Ö.G. "Rus Yayılmacılığı ve Slavofil Düşüncenin Tarihsel Gelişimi," Orta Asya ve Kafkasya Araştırmaları Dergisi , vol.4, no.8, pp.25-49, 2009a
Kaya S. və İŞYAR, Ö.G. "Rus Yayılmacılığı ve Slavofil Düşüncenin Tarihsel Gelişimi," Orta Asya ve Kafkasya Araştırmaları Dergisi , vol.4, no.8, pp.25-49, 2009b
Koşarnıy, V. 2007a. “Евразийство” https://bigenc.ru/c/evraziistvo-326fc1
Badmaev, V. 2015. “Eurasianism as ‘a philosph of nation’ ”, The View from Eurasian Integration ( s.31-45).
Glebov, S. 2003. “Science, Culture and Empire: Eurasianism as a Modernsit Movement”, Slavic & East European Information Resources, 4:4, (s.13-31).
Koşarnıy, V. 2007b. “Евразийство” https://bigenc.ru/c/evraziistvo-326fc1
Koşarnıy, V. 2007c. “Евразийство” https://bigenc.ru/c/evraziistvo-326fc1
Florovskiy, Q. 1928. Евразийский соблазн. https://www.vehi.net/florovsky/evraziistvo.html
Elma, E. 2009. “Sovyet Sonrası Rusya ve Orta Asya”, Journal of Azerbaijani Studies, 10-12:1(4), (s.129-143)
Kaya S. və İŞYAR, Ö.G. "Rus Yayılmacılığı ve Slavofil Düşüncenin Tarihsel Gelişimi," Orta Asya ve Kafkasya Araştırmaları Dergisi , vol.4, no.8, pp.25-49, 2009
Paradowski, R. 1999. “The Eurasian Idea and Lev Gumilev’s Scientific Ideology”, Canadian Slavonic Papers, 41:1, (s.19-32).
Amirbek, A. 2015. “Rusya’nın Jeopolitik ve Kimlik Kodları: Klasik Kuramlar Çerçevesinde Yakın Çevre Algısı Örneği”, Karadeniz Araştırmaları, 48, (s.31-41).
Laurelle, M. 2004a. “The two faces of contemporarary Eurasianism: an imperial version of Russian nationalism”, Nationalities Papers, 32:1 (s.115-136).
Laurelle, M. 2004b. “The two faces of contemporarary Eurasianism: an imperial version of Russian nationalism”, Nationalities Papers, 32:1 (s.115-136).
Bassin, M. 2011. “ ‘Klasik’ ve ‘Yeni’ Avrasyacılık: Geçmişten Gelen Devamlılık”, (Türkçə tərcümə,. Özgür Tüfekçi), Bilge Strateji, 2:4, (s.117-135).
Dugin, A.2005a. Rus Jeopolitiği Avrasyacı Yaklaşım, (Türkçə tərcümə,Vügar İmanov), İstanbul: Küre Yayınları
Dugin, A.2005b. Rus Jeopolitiği Avrasyacı Yaklaşım, (Türkçə tərcümə,Vügar İmanov), İstanbul: Küre Yayınları
Telegram. Volkov l. 2022. https://t.me/leonid_volkov/3399
Medvedev Sergey, 2022. Распутин при Путине. https://www.svoboda.org/a/rasputin-pri-putine-efir-v-18-05-/32021365.html
Meduza, 2022. “Александра Дугина много раз называли «мозгом» Кремля. Как утверждают источники «Медузы», его влияние на Путина действительно выросло — но произошло это после убийства его дочери Дарьи Дугиной”. Meduza.io https://meduza.io/feature/2022/11/03/aleksandra-dugina-mnogo-raz-nazyvali-mozgom-kremlya-kak-utverzhdayut-istochniki-meduzy-ego-vliyanie-na-putina-deystvitelno-vyroslo-no-proizoshlo-eto-posle-ubiystva-ego-docheri-dari-duginoy
VOA, 2024. “Дугин в ВПШ: пропагандист «неоевразийства» и его новая роль”. Voice of America
https://www.golosameriki.com/a/vv-text-dugin-russian-university-for-humanities-ideology/7569784.html
Kınıklıoğlu, S. 2022b. “Eurasianism In Turkey”. Stiftung Wissenschaft und Politik German Institute for International and Security Affairs/ SWP Research Paper. March 2022, Berlin https://www.swp-berlin.org/publications/products/research_papers/2022RP07_EurasianismInTurkey.pdf
Aktürk, Ş. 2004. “Geçmişten Gelen Karşı-Hegemonik Vizyonlar ve Uzlaşma: Türk Avrasyacılığı Örneği”, Ab Imperio , no. 4 (2004): 214–15.
Kınıklıoğlu, S. 2022c. “Eurasianism İn Turkey”. Stiftung Wissenschaft und Politik German Institute for International and Security Affairs/ SWP Research Paper. March 2022, Berlin https://www.swp-berlin.org/publications/products/research_papers/2022RP07_EurasianismInTurkey.pdf
Çelik, S. 2023. ‘NATO skepticism in Turkey in the historical process’. Dergi Park. 2023. https://dergipark.org.tr/tr/pub/sbed/issue/78262/1235487
Dalay G. 2021a. Türkiye’nin Jeopolitik ve İdeolojik Avrasyacılığı. Perspektif. 2021.
Kınıklıoğlu, S. 2022d. “Eurasianism In Turkey”. Stiftung Wissenschaft und Politik German Institute for International and Security Affairs/ SWP Research Paper. March 2022, Berlin https://www.swp-berlin.org/publications/products/research_papers/2022RP07_EurasianismInTurkey.pdfhttps://www.perspektif.online/turkiyenin-jeopolitik-ve-ideolojik-avrasyaciligi/
Dalay G. 2021b. Türkiye’nin Jeopolitik ve İdeolojik Avrasyacılığı. Perspektif. 2021.
Kınıklıoğlu, S. 2022e. “Eurasianism İn Turkey”. Stiftung Wissenschaft und Politik German Institute for International and Security Affairs/ SWP Research Paper. March 2022, Berlin https://www.swp-berlin.org/publications/products/research_papers/2022RP07_EurasianismInTurkey.pdfhttps://www.perspektif.online/turkiyenin-jeopolitik-ve-ideolojik-avrasyaciligi/
Dalay G. 2021c. Türkiye’nin Jeopolitik ve İdeolojik Avrasyacılığı. Perspektif. 2021.
The Christian Science Monitor. 1993. ‘Turkey's New President Signals Subtle Shift in Style’ https://www.csmonitor.com/1993/0517/17042.html
Kınıklıoğlu, S. 2022h. “Eurasianism İn Turkey”. Stiftung Wissenschaft und Politik German Institute for International and Security Affairs/ SWP Research Paper. March 2022, Berlin https://www.swp-berlin.org/publications/products/research_papers/2022RP07_EurasianismInTurkey.pdfhttps://www.perspektif.online/turkiyenin-jeopolitik-ve-ideolojik-avrasyaciligi/
40. Dalay G. 2021d. Türkiye’nin Jeopolitik ve İdeolojik Avrasyacılığı. Perspektif. 2021.
/kharcenter.com