Cənubi Qafqaz Gələcək necə görünür?
Bu gün, 00:01

Vahid siyasi coğrafiyanın tarixinə qısa nəzər.
Birinci Dünya müharibəsinin qalib dövlətləri – ABŞ, Böyük Britaniya və Fransa tərəfindən, ABŞ prezidenti Vudro Vilsonun 14 maddəsinə əsaslanan "Xalqların öz müqəddəratını təyinetmə" prinsipinə uyğun olaraq Cənubi Qafqazda üç respublika yaradıldı.
Amma çox keçmədi ki, digər qalib dövlət - Rusiya, ənənəvi təcavüzkar siyasətinə uyğun olaraq, Qərb dövlətləri tərəfindən yeni yaradılmış bu üç dövləti işğal etdi.
İşğal düz 69 il davam etdi.
Qərb, indiki kimi, Rusiyanı Ukrayna bataqlığına çəkib məhv edəcəyi kimi, o zaman da SSRİ-ni (Rusiya) Əfqanıstan bataqlığına salaraq məğlub etdi.
Rusiyanın 1920-ci ildə işğal etdiyi digər ərazilər kimi, Cənubi Qafqaz ölkələri də yenidən müstəqillik əldə etdilər.
Amma bu müstəqillik təbii ki, formal idi. Rusiya “Soyuq müharibə”də məğlub olsa da, birbaşa sərhədyanı ərazilərdə yerləşən dövlətləri de-fakto öz təsir dairəsində saxlamağı bacarırdı.
Buna daha çox münaqişələr yaratmaqla nail olurdu. Qarabağdakı erməni separatizmi də məhz buna xidmət edirdi. Rusiya, Azərbaycan və Ermənistanı bu kartdan istifadə edərək uzun müddət nəzarətində saxlaya bildi.
Cənubi Qafqaz ölkələri içərisində ilk dəfə Azərbaycan Rusiya boyunduruğundan çıxıb müstəqil olmağa qərar verdi.
Rusiya isə bu istəyi Azərbaycan xalqına çox ağır şərtlərlə ödətdirdi. Ermənistana hər formada dəstək verib Azərbaycan torpaqlarını işğal etdirdi. Bununla da kifayətlənməyib, bu gün Ermənistanda işə saldığı ssenarini o zaman kövrək, Qərbin köməyindən uzaq olan Azərbaycan hökuməti daxilində siyasi böhran yaratmaqla həyata keçirdi. Nəticədə milli hakimiyyət istefa verdi və uzun illər Sovet Azərbaycanının rəhbəri olmuş Heydər Əliyev hakimiyyətə gətirildi.
🇦🇿 2003-cü ildə Azərbaycan xalqı yenidən toparlanaraq Rusiyadan qopub tam azad olmaq istəsə də, bu dəfə - videodan da göründüyü kimi - Azərbaycan xalqına divan tutuldu.
🇬🇪 2003-cü ildə isə Gürcüstan bu işdə uğur qazana bildi. Azərbaycandan fərqli olaraq, Qərbin böyük və açıq dəstəyi ilə Şevarnadze istefaya məcbur oldu. Saakaşvilinin hakimiyyəti illərində Gürcüstan Avropaya o qədər yaxınlaşdı ki, bu gün artıq 231 gündür meydanlarda sivil siyasi mübarizə aparan gürcü xalqının, Rusiyanın sonradan geosiyasi fürsətdən istifadə edərək hakimiyyətə gətirdiyi İvanişvili hökumətini yola salacağı gün an məsələsidir.
🇦🇲 Növbəti ayrılma isə 2018-ci ildə Ermənistanda baş tutdu. Yenə də Qərbin açıq və böyük dəstəyi ilə Paşinyan qısa müddətdə hakimiyyəti ələ aldı. Bundan sonra isə bəxt İlham Əliyevin üzünə gülməyə başladı. Paşinyanı devirmək üçün Rusiya ilk illər çox cəhdlər göstərsə də, heç nə alınmadı. Daha sonra Azərbaycana icazə verildi ki, getsin torpaqlarını alsın. Rusiya hesab edirdi ki, daima şovinist ruhda tərbiyə etdiyi erməni xalqı “torpaq itkisinə” görə Paşinyanı bağışlamayacaq.
Rusiya birinci mərhələdə Azərbaycana icazə verdiyi yerə qədər torpaqları geri qaytarmaq üçün qəhrəman Azərbaycan Ordusuna cəmi 44 gün lazım oldu.
İkinci mərhələdə Qarabağda etnik ermənilərin Rusiya tərəfindən blokadaya salınması əməliyyatı keçirildi. Bu dəfə də xalq Paşinyanı seçdi. Təbii ki, hər şeyi kənardan Qərb koordinasiya edirdi. Rusiya ən son kartını da əlindən verdi. Azərbaycana bütün torpaqlarını azad etməyə icazə verildi. Müzəffər Azərbaycan Ordusuna isə bu dəfə cəmi 23 saat lazım oldu.
Qarabağdan Azərbaycan Ordusunun heç bir sərt baxışı ilə belə rastlaşmayan etnik erməni əhalisi çıxıb getmək qərarı verdi. Rusiya onların Ermənistana gedib Paşinyanı devirəcəyini ümid etsə də, Qərb Paşinyana onların ölkənin müxtəlif yerlərinə səpələnməsi üçün maliyyəni çoxdan ayırmışdı. Beləcə, Qarabağda oyundan kənar qalan "sülhməramlı" rus ordusu məcburiyyət qarşısında Ukraynaya "ət maşınına" göndərildi.
Bir xatırlatma edək ki, heç bir resursu olmayan Əbülfəz Elçibəy hökuməti hələ 1993-cü ildə ağır şərtlər altında olsa da, Rusiyanın Ermənistana alıb verdiyi Qarabağın 52%-ni qısa müddətdə işğaldan azad etmişdi. Sonrakı proseslər isə hər kəsə bəllidir. Yəni Ermənistanın istənilən tarixi dövrdə Azərbaycanla baş-başa qoyulması mümkün deyildi. Bunu o şəxslərə xatırlatma edirik ki, kiminsə bəxtinin gətirməsini onun bu məsələdə sərkərdəlik qabiliyyəti ilə əlaqələndirlər. Yazıq olur əsl sərkərdələrə. 20 il hakimiyyətdə qalmaq idi, burada gətirən bəxt.
Nəticə
Burada bir əsas və çox incə məqam var:
Baxın, Şevarnadze ən son məqamda hansı yolu seçdi!? Gürcüstan xalqının milli maraqlarını. O çox gözəl bilirdi ki, Rusiya boyunduruğunda əbədi qalmaq Gürcüstanı məhvə aparacaq. Serj Sarkisyan da eynən. Guya onların polisi, xüsusi təyinatlıları, ordusu yox idi ki, töksün xalqın üzərinə, onu əzib, tam ram etsin özlərinə!? Yaxud Tokayev kimi Rusiyadan kömək ala bilməzdilər!? Daha artığını edərdilər. Necə ki bu gün İvanişvili hələlik bunu edir.
Demək ki, ən başlıca məsələlərdən biri - getmək lazım olan məqamı bilmək və onu düzgün qiymətləndirməkdir. Xalq naminə, dövlətin ümumilli maraqları naminə, regionun gələcək nəsillərin rifahı və təhlükəsilziyi naminə. Amma bizdə bunu edən adam tapılmadı.
Son
Artıq dünya hər keçən gün dəyişir. Cənubi Qafqazda Rusiyasız, Qərbin öncüllüyü ilə yeni siyasi arxitektura inşa edilir. Cənubi Qafqaz tam format edilir. Cənubi Qafqaz Vudro Vilsonun prinsipləri əsasında bu dəfə əbədi vahid siyasi məkan kimi, Qərbə interasiya edərək sivil dünyanın bir parçası olacaqdır.
Gün gələcək, Azərbaycan da, Gürcüstan da, Ermənistan da tam azad, demokratik bir dövlət kimi uzun əsarətdən sonra tam olaraq rus boyunduruğundan azad olacaqlar. Rusiyadan uzaq, Cənubi Qafqaz siyasi düşüncəsi isə Azərbaycan xalqını mütləq azad edəcəkdir.
Qulu Mammadli
TEREF