5 il sonra qadınların əksəriyyəti subay qalacaq – 25-44 yaş aralığında olan xanımlar…

Dünən, 10:34           
5 il sonra qadınların əksəriyyəti subay qalacaq –
Aparılan araşdırmalara görə, 2030-cu ilə qədər 25-44 yaş aralığındakı qadınların yarısının subay qalacağı gözlənilir. Bu tendensiya yalnız Qərb ölkələri ilə məhdudlaşmır – inkişaf etməkdə olan cəmiyyətlərdə də oxşar proseslər müşahidə edilir. Qadınların təhsilə, karyeraya və şəxsi azadlığa verdikləri önəm, münasibətlərdən gözləntilərin artması, iqtisadi səbəblər və sosial dəyişikliklər bu dönüşün əsas amilləridir. Azərbaycanda da bu tendensiyanın formalaşıb-formalaşmayacağı və mümkün sosial nəticələri maraq doğurur.

TEREF xəbər verir ki, Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyevin fikrincə, 2030-cu ilə qədər 25-44 yaş aralığında olan qadınların təxminən yarısının subay qalacağına dair proqnozlar real əsaslara söykənir.

Onun sözlərinə görə, bu tendensiya Azərbaycanda da özünü göstərə bilər:

“Sadəcə, ola bilər ki, bu dəyişikliklər burada fərqli temp və formada baş versin. Qloballaşma və rəqəmsal mədəniyyətin yayılması qadınların təhsilə, iqtisadi müstəqilliyə və öz həyatlarını idarə etmək arzularına ciddi təsir göstərir. Bunu sadəcə “Qərb dəyərlərinin təsiri” kimi izah etmək sadəlövhlük olardı. Burada dərin və sistemli sosial dəyişikliklərdən söhbət gedir. Dünyaca məşhur sosioloq Entoni Qiddensin “saf münasibətlər” (pure relationships) nəzəriyyəsinə əsasən, müasir dövrdə romantik və ailə münasibətləri artıq ənənəvi funksiyalarından uzaqlaşaraq, əsasən tərəflərin bir-birinin emosional və psixoloji ehtiyaclarını qarşılamasına yönəlir. Azərbaycanda da qadınların artan gözləntiləri, iqtisadi asılılıqdan qurtulmaq arzusu və sosial-mədəni öhdəliklərdən sıyrılmaq istəyi bu modelə doğru təkamülün başladığını göstərir”.

Sosioloqun fikrincə, ümumiyyətlə, gənclər arasında evlilik institutuna qarşı bir qədər ehtiyatlı və şübhəli yanaşma formalaşıb:

“Bu gün gənclər üçün “özünü kəşf etmək”, “karyera qurmaq”, “azad qalmaq” kimi fərdi hədəflər daha ön plandadır. Evlilik isə çox vaxt bu azadlıqları məhdudlaşdıran institut kimi görülür. Qloballaşan dünyada yalnız fərdiyyətçi yanaşmalar deyil, gender bərabərliyi, feminizm kimi ideoloji axınlar da yayılır. Bu ideoloji dəyişikliklər ailədaxili rolların yenidən düşünülməsinə səbəb olur. Qadınlar artıq özlərini sadəcə “ana və həyat yoldaşı” rolunda görmək istəmirlər. Eyni zamanda, kişilər də ailənin yeganə maddi təminatçısı olmaq istəmirlər. Belə şəraitdə qeyri-rəsmi münasibətlər, evliliksiz birgə yaşam və “açıq münasibətlər” (open relationships) kimi birlikdəlik formaları daha normal qarşılanmağa başlayır. Beləliklə, romantik münasibətlər olsa da, bunlar evlilik statistikasına daxil olmur. Subay əhalinin sayı artır”.

Yusif Nəbiyev qeyd edir ki, bu tendensiyanın nəticələri həm müsbət, həm də mənfi aspektlər daşıya bilər:

“Bir tərəfdən, qadınların daha sərbəst, təhsilli və iş həyatında fəal olmaları müsbət nəticə kimi görünə bilər. Digər tərəfdən, ailə institutunun zəifləməsi, sosial təcrid, psixoloji tənhalıq və yaşlılıqda sosial dəstək mexanizmlərinin zəifliyi ciddi problemlərə yol aça bilər. Əhali yaşlandıqca bir neçə əsas sosial-iqtisadi təhdid ortaya çıxır: işçi qüvvəsinin azalması istehsalatı zəiflədir, sosial təminat və pensiya sistemlərinə daha çox yük düşür. Ailə strukturlarında dəyişiklik, doğum səviyyəsinin aşağı düşməsi və ailə qurmaq yaşının yüksəlməsi klassik sosial təminat üçbucağını balansdan çıxarır. Belə cəmiyyətlər tez-tez “risk cəmiyyəti” adlandırılır. Çünki fərdlər müdafiəsiz və sosial risklərə qarşı həssas vəziyyətə gəlirlər. Nə qədər paradoksal səslənsə də, “azadlıq” və “yalnızlıq” anlayışları artıq bir paket kimi qarşımıza çıxır. Bu tendensiyanı nə tam mənfi, nə də tam müsbət kimi qiymətləndirmək olmaz – onu cəmiyyətin dəyişən struktur reallığı kimi qəbul edib, yeni həll yolları üzərində düşünmək lazımdır”.

Psixoloq Nizami Orucov isə bildirir ki, bu tendensiya artıq Azərbaycanda da özünü göstərməyə başlayıb və yaxın illərdə daha da yayılacağı gözlənilir:

“Xüsusilə 25-44 yaş aralığında olan qadınlar arasında təhsilli, iqtisadi cəhətdən müstəqil və öz həyatını idarə etmək istəyənlərin sayı artır. Bu isə evliliyə tələsməmək, münasibətlərdə daha seçici olmaq və bəzən bu addımı ümumiyyətlə atmamaqla nəticələnir. Burada əsas səbəblərdən biri qadınların şəxsi sərbəstlik və daxili rahatlığa önəm verməsi, münasibətlərdə emosional və intellektual uyğunluğun ön plana çəkilməsidir”.

Psixoloq deyib ki, iqtisadi qeyri-sabitlik və kişilərlə bərabər imkanların olmaması da qadınları ehtiyatlı davranmağa məcbur edir:

“Təbii ki, bu prosesin fəsadları da ola bilər: emosional tənhalıq, cəmiyyətin təzyiqləri və ailə modelindəki dəyişikliklər uzunmüddətli psixoloji və sosial təsirlər yarada bilər. Amma eyni zamanda, bu dəyişiklik qadınların daha sağlam sərhədlər müəyyən etməsinə, məcburiyyət yox, seçim əsasında münasibət qurmasına və nəticədə daha keyfiyyətli birliklərin formalaşmasına zəmin yaradır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru