"Zəngəzur dəhlizi", yoxsa "Tramp körpüsü"? - İspan nəşri
Dünən, 10:18

"Gerçək plan, yoxsa informasiya manipulyasiyası?.."
Azərbaycan, Ermənistan və ABŞ arasında "Tramp körpüsü" adlı bir nəqliyyat layihəsi üzrə razılıq əldə edilib. İddiaya görə, Sünik vilayətindən (Zəngəzur mahalı-red.) keçəcək bu dəhliz ABŞ-ın özəl hərbi şirkətinin nəzarətinə veriləcək.
Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın "Periodista Digital" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, bu xəbəri Ermənistan hökuməti dərhal təkzib edib və yayılan məlumatların "həqiqətə uyğun olmadığını" bildirib.
İspan nəşrinin versiyasına görə, söhbət guya Ermənistan, Azərbaycan və ABŞ arasında imzalanmış bir “Anlaşma Memorandumu”ndan gedir. Həmin sənədi jurnalistlərə Fransa erməni diasporası təqdim edib. İddialara görə, bu sənəddə "Zəngəzur dəhlizi" layihəsi "Tramp körpüsü" adlandırılıb və Zəngəzur üzərindən keçərək Azərbaycanı Naxçıvan və oradan Türkiyə və Mərkəzi Asiya ilə birləşdirəcək.
"Periodista Digital" bildirir ki, layihə çərçivəsində Zəngəzur vilayətinin suverenliyi nominal olaraq Ermənistanda qalacaq, lakin dəhlizin idarəsi ABŞ-a məxsus bir özəl hərbi şirkətə həvalə olunacaq. Gəlirlərin bölgüsü də diqqət çəkir: iddiaya görə, ABŞ şirkəti 40 faiz, Ermənistan isə cəmi 30 faiz pay alacaq. Eyni zamanda, həmin şirkətin 1000 nəfərlik təhlükəsizlik heyəti bölgəyə yerləşdiriləcək və güc tətbiq etməyə səlahiyyətli olacaq.
Bu cür versiya nəinki erməni cəmiyyətində narahatlıq yaradıb, həm də regionda geosiyasi gərginlik ehtimallarını artırıb. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bildirib ki, əgər belə bir layihə reallaşsa, Ermənistan "faktiki suverenliyini itirmiş" olacaq. O, bu razılaşmanın yalnız Ermənistana deyil, eyni zamanda Rusiya, İran, Fransa və Çin kimi ölkələrin də maraqlarına zidd olduğunu qeyd edib.
Rəsmi İrəvan təkzib edir
Bununla belə, rəsmi İrəvan xəbəri yalan adlandırıb. Ermənistan hökumətinin yaydığı bəyanatda deyilir: "Həmin məqalədə yer alan məlumatlar reallığa uyğun deyil. Ermənistan heç bir razılaşma imzalamayıb və ərazisinin üçüncü tərəflərə verilməsini müzakirə etmir".
Baş nazir Nikol Paşinyan da ötən həftəki çıxışında bildirib ki, hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret bir formul və ya mexanizm mövcud deyil. O, Ermənistanın tranzit ölkəyə çevrilməyə açıq olduğunu vurğulasa da, suverenliyindən güzəştə getməyəcəyini dəfələrlə bəyan edib.
Siyasi şərhçilər bu cür xəbərləri müxtəlif məqsədlərlə yayılan dezinformasiyanın bir hissəsi hesab edir və ehtiyatla yanaşırlar. Məsələn, layihənin ABŞ, Azərbaycan və Ermənistan tərəfindən razılaşdırıldığı iddiası rəsmi heç bir sənəd və ya beynəlxalq açıqlama ilə dəstəklənmir.
Bütün bunların fonunda iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərində keçirilən Əliyev-Paşinyan görüşü diqqət çəkir. Görüşdə tərəflər dialoqu davam etdirmək və qarşılıqlı etimadı möhkəmləndirmək barədə razılığa gəlib.
Ortaya çıxan "Tramp körpüsü" sənədi və ətrafındakı iddialar ciddi suallar doğurur. Bu layihə gerçək geosiyasi təşəbbüsdürmü, yoxsa regionda informasiya savaşı alətinə çevrilmiş daha bir spekulyasiyadır? Rəsmi təsdiqlər və açıq mənbələrin olmaması, Ermənistanın açıq təkzibi və sənədin yalnız diaspor mənbələrindən yayılması bu xəbərin etibarlılığına ciddi şübhələr yaradır.