Müəllimlər Günündə pul yığılması RÜŞVƏTDİR – cinayət məsuliyyəti QAÇILMAZDIR
Bu gün, 08:42

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi “ 5 oktyabr Müəllimlər Günü” ilə əlaqədar olaraq, məktəblərdə hədiyyə üçün pul yığılması hallarına sərt xəbərdarlıq edib. Bildirilib ki, hər hansı bir məktəbdə müəllimə hədiyyələr almaq üçün pulların yığılması qəti qadağandır.
Ajans.az məsələ ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu ilə əlaqə saxlayıb.
Rizvan Fikrətoğlu Ajans.az-a bildirib ki, məktəblərdə pul yığılması halları bu peşəyə sevgini azaldır. Elm və Təhsil nazirliyi də təsdiq edir ki, müəllimə dəyər və hörmət hədiyyə ilə ölçülmür.
Müəllimlər günü və ya digər özəl tədbirlərdə şagirdlərdən pul yığılması halları olursa, rəsmi şikayət ünvanlamaq mümkündür. Hətta məktəb rəhbərliyi, direktor müavinləri ərazi üzrə həmin yerin təhsil idarəsinə müraciət edə bilərlər. Ən sonda isə, Elm və Təhsil nazirliyinə müraciət etmək olar.
Təhsil eksperti açıqlayıb ki, nazirliyin 146 Qaynar xətti də daim şikayətləri qəbul edir. Tabeliyində olan MÜTDA-də rəsmi şikayət məktubu ünvanlamaq mümkündür. Əgər pul yığılması halları mıcburi xarakter daşıyırsa və heç bir təhsil orqanı şikayətlərə baxmırsa o zaman Baş Prokurorluq ilə əlaqə saxlamaq lazımdır. Çünki bu rüşvət və qanunsuz proses hesab edilir. Fakt olaraq da, hadisə ilə bağlı mesajlar, səslər əsas götürülür.
Şikayət daxil olduqda, rəsmi qeydiyyata alınır və araşdırılır. Dövlət qurumları 15 iş günü ərzində şikayətə baxır. Əgər, daha çox araşdırmaya ehtiyac yaranarsa 15 iş günü də əlavə edilir. Proses daha da uzanırsa, əlavə 30 gün üzərinə gəlir.
Ekspertin sözlərinə görə, müraciət araşdırılanda zərurət olarsa, məktəbdaxili araşdırma başladılır. Valideynlərdən məsələ ilə bağlı əlavə səs yazıla da alına bilir. Fakt təsdiq olunduqda, məktəb rəhbərliyinə xəbərdarlıq edilir. Ya da işdən azadolma tədbirləri görülür. Hadisə maddi pozuntu və ya rüşvət kimi dəyərləndirilərsə, işə hüquq-mühafizə orqanları cəlb edilir.
Araşdırma bitdikdən sonra, vətəndaşa nəticə ilə tanış olmaq üçün yazılı və elektron qaydada müraciət göndərilir. Məktəblərdə pul yığılma halları davamlı olarsa, rəhbərlik və işçilərə cəza verilməsi mümkündür. İş yeri daxilində müəllimə töhmət, işdən azadolma bunlara nümunədir. Hətta vəzifə yüksəlişindən də azad edilirlər. Qanunda bu inzibati xəta sayılır.
Nəticə olaraq, cərimə tətbiqi olur. Məsələ ağırlaşarsa, cinayət məsuliyyəti qaçılmazdır. Şagirddən tələb olunan vəsait rüşvət kimi təsdiq olunarsa, məsələyə Cinayət Məcəlləsinə əsasən baxış həyata keçirilir( 308 və 311-ci maddələr). Cəza olaraq da, azadlıqdan məhrumetmə həyata keçirilə bilər.
Rizvan Fikrətoğlu qeyd edib ki, belə hallar məktəbin nüfuzuna ciddi zərbə vurur. Ona görə də, nəzarət tədbirləri gücləndirilməlidir. Müəllimlərə də bu cür proseslərdə daha məsuliyyətli olmağı məsləhət görürük.