İcra Hakimiyyətlərinin “sevimli” şirkəti- “VNM İnşaat”- ARAŞDIRMA
Bu gün, 16:05

Tovuz rayon İcra Hakimiyyəti yeni tenderinin nəticəsini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, müsabiqənin nəticəsinə əsasən büdcədənkənar vəsait hesabına Tovuz rayonunda abadlıq işləri aparılacaq.
Bu işləri isə rayonda “VNM İNŞAAT” MMC reallaşdıracaq. Bunun müqabilində isə şirkət 73 min 441 manat pul alacaq.
Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma nəticəsində məlum olub ki, “VNM İnşaat” şirkəti bu ilin 9 ayı ərzində 6 tenderin qalibi olub.
Şirkət təkcə sentyabr ayında Daşkəsən İcra Hakimiyyətinin iki tenderini udub. Belə ki, Daşkəsən şəhərinin küçələrində abadlıq işlərinin satın alınmasını 8 sentyabrda reallaşdıran MMC 51 min 470 manat, Daşkəsən şəhərində mənzil fondunun əsaslı təmirini isə 1 sentyabrda həyata keçirərək, 105 min 706 manat dəyərində müqavilə bağlayıb.
Bundan başqa, şirkət Salyan İcra Hakimiyyətinin 1 milyon 328 min 483 manatlıq tenderinin də qalibi olub. Sumqayıtda analoji işlərin görülməsi üçün 858 min 742 manat alıb.
Şirkətin 2025-ci il üçün ilk tenderi isə Yaşıllaşdırma Müəssisələri Baş İstehasalat İddarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsinin keçirdiyi müsabiqə olub. Suvarma sistemlərinin yenilənməsi məqsədlə malların satın alınması müqabilində “VNM İNŞAAT” qurumla 971 min 903 manat pul alıb.
Araşdirma zamanı məlum olub ki, “VNM İnşaat” MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur. “VNM İnşaat” MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Vüqar Nağıyevə gəlincə, o, 2024-cü ilə qədər “VNM Servis” MMC-nin və “VNM İnvest” MMC-nin qanuni təmsilçisi olub. Hazırda hər iki şirkətin qanuni təmsilçisi Rzayev Arif Susaməddin oğludur.
“VNM İnşaat” MMC ilə “VNM İnvest” MMC eyni tarixdə yaradılıb. Bunadan başqa, hər iki şirkət eyni hüquqi ünvanda yerləşir.
Ehtimal olunur ki, bu şirkətlər eyni şəxs tərəfindən yaradılıb. Bəzi məlumatlara görə, şirkətlərin adındakı “VNM” Vüqar Nağıyevin adı, soyadı və atasının adının baş hərflərindən götürülüb. Lakin bununla belə, şirkətlərin ona məxsus olması şübhəlidir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Fərda Uğur