Tanınmış türk iş adamından azərbaycanlı assistentinə AĞIR İTTİHAMLAR – “Pulumu sevgilisinə xərclədi”
Bu gün, 00:03

İstanbulda beynəlxalq sərmayələri ilə tanınan iş adamı Yavuz Yükselir keçmiş assistenti, Azərbaycan vətəndaşı Gülər Nəzərova barəsində bir sıra ittihamlar səsləndirib.
Yenicag.az xəbər verir ki, Azərbaycan vətəndaşı olan Gülər Nəzərova uzun illər ərzində “Yükselir” Qrupunun sədri Yavuz Yükselirin assistenti kimi çalışıb.
Y. Yükselirin iddiasına görə, uzun illər yanında çalışan G. Nəzərova işə başladığı vaxtlarda fotostudiyada xırda işlərlə məşğul olurdu və maddi imkanı yox idi. O bildirib ki, G. Nəzərovaya dəstək göstərib, karyera imkanları yaradıb. İş adamı iddia edir ki, bu etimad sonradan xəyanətə çevrilib.
Y. Yükselir keçmiş assistentini evini, bahalı saatlarını, həyat yoldaşının külçə qızıllarını və seyfdə saxlanılan digər əşyaları oğurlayaraq satmaqda ittiham edib. Onun sözlərinə görə, əldə edilən pullar G. Nəzərovanın sevgilisi və ətrafındakı şəxslərlə xərclənib.
İddialara görə, G. Nəzərova oğurlanan sertifikatlı saatlar və külçə qızılları satarkən təşkilatlanmış bir qrupla hərəkət edib. Əşyaların G. Nəzərovanın zərgər sevgilisi vasitəsilə satışa çıxarıldığı qeyd olunur.
Hadisədə adıçəkilən şəxslərdən birinin də Türkiyədə terror təşkilatı olan “Devrimci Halk Kurtuluş Partisi – Cephesi” DHKP/C işi üzrə həbsdə olan Ataşəhərin keçmiş bələdiyyə başqan müavini Abdullah Derinin qızı Özlem Der olduğu irəli sürülür. G. Nəzərova ilə yaxın ticarət əlaqələri qurduğu deyilən Özlem Der də iddialarda adı hallanan şəxslər arasındadır.
İş adamı bildirib ki, məsələni iki ildən artıq susaraq gizli saxlayıb, lakin hazırda bunu “şərəf məsələsi” kimi görür.
Y. Yükselir həmçinin hüquqi addımlar atdığını vurğulayıb:
“Gülər Nəzərova bir fotostudiyada işləyirdi. Kasıb bir ailənin qızı idi. 2013-cü ildə işə götürdüm, ailəsinə dəstək oldum. Bizimlə birlikdə heç vaxt görə bilməyəcəyi mühitlərə daxil oldu. Həyat yoldaşım özünə aldığı geyimlərdən ona da aldı. Evimizin açarını belə ona etibar etdik. Amma o, şeytani bir hiylə ilə xəyanət etdi. Mən Almaniyada hüquqi problemlərimlə məşğul olduğum, həyat yoldaşım isə doğum səbəbindən İspaniyada olduğu vaxt bu oğurluğu etdi. Mənim susacağımı sandı, amma yanıldı. Mən problemlərimi həll etdim və indi Türkiyəyə qayıdıram. Gülər Nəzərova və onun şəriklərindən hüquqi müstəvidə hesab soracağam!”
Xatırladaq ki, G. Nəzərovaya qarşı dələduzluq, oğurluq və talama maddələri ilə cinayət işi açılıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.