Əmlak Komitəsi Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi saxtakarlıqla məşğuldur?
Bu gün, 17:49

Bakı şəhər sakini Alış Vəliyevin Hurriyyet.az saytına göndərdiyi məktubu olduğu kimi dərc edirik:
"Sizə müraciətimi Çin filosofu Konfitsyunun bir ifadəsi ilə başlamaq istəyirəm: “Dünyada üç çeşid doğru var. Mənim doğrum, sənin doğrun və doğru”.
Başıma gələn və Azərbaycanda çoxlu sayda insanların da yaşadığı - söyləyəcəyim halAli Məhkəmə Qərarı ilə qanuni qüvvəyə minmiş Nizami rayon Məhkəməsinin qətnaməsində araşdırılaraq, tam subuta yetirilmiş faktlara əsaslanır. Yəni mənim şəxsi mülahizələrim deyildir.
Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin təchizatında etdiyim fəaliyyətə görə ölkə rəhbərliyi tərəfindən mənə fərdi yaşayış evi tikmək üçün Nizami rayon İcra Hakimiyyətinin sərəncamı ilə Bakı şəhər Nizami rayonunda ümumi sahəsi 600 kv.metr (altı sot) olan torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə aid Şəhadətnamə əsasında mənə məxsus torpaq sahəsindən kənarda yerləşən, özbaşına tikilmiş fərdi yaşayış evinə (villaya) çıxarış verilmiş və həmin villa da mənim adıma sənədləşdirilmişdir. İmzam saxtalaşdırılmışdır, bu, ayrı məsələdir. Etibarnamə yolu ilə villa da satılmışdır. Bu hal mənə Əmlak Komitəsi Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, mənə məxsus torpaq sahəsinə dair Çıxarış almaq istərkən məlum olmuşdur. Bir sözlə, mənə məxsus boş torpaq sahəsi istifadəmdə olduğu, hətta Şəhadətnaməm olduğu halda 1 saylı Bakı Ərazi İdarəsi saxtakarlıq edib, pul əldə etmək üçün bu fürsəti özü üçün dəyərləndirib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə yuxarıda qeyd etdiyim hallar tam subuta yetirilmiş və Məhkəmə Ekspertizasının rəyində və ona əlavə edilmiş sxemdə göstərildiyi kimi, mənim mülkiyyət hüququm mənə məxsus torpaq sahəsi üzərində bərpa edilmiş və mülkiyyət hüququna yaradılan bütün maneələrin aradan qaldırılması qət edilmişdir.
Uzun sürən məhkəmə araşdırılmasından sonra mülkiyyət hüququmun, yəni ədalətin bərpa edilməsi, əlbəttə ki, bir vətəndaş olaraq məni sevindirirdi. Ədalətə, dövlətimə olan inamımı birə min qat artırmış oldu. Amma, necə deyərlər “sən saydıgını say, gör fələk (Əmlak Komitəsi) nə sayır”. Məhkəmə üərarı icra edilməsi üçün icra sənədi Nizami rayon İcra şöbəsinə həvalə edildi. İcra məmurunun tələbi əsasında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənə torpaq sahəsinə dair Çıxarış təqdim edildi. Həmin torpaq sahəsinin yerləşməsinə dair plan və ölçü sənədinin verilməsinə dair icra məmurunun tələblərinə rəğmən, uzun müddət həmin idarə tərəfindən müxtəlif bəhanələrlə icra məmurunun tələbləri yerinə yetirilmirdi.“İlan vuran ala çatıdan qorxar” atalar misalına əsaslanaraq, bu hal məndə ciddi şübhələr oyatmaga başlamışdı. İcra məmurunun tərtib etdiyi Akt əsasında mən, mənə məxsus torpaq sahəsi ilə qonşu torpaq sahəsini bir-birindən ayıran, məhkəmə qətnaməsində də qeyd edilmiş metal toru sökərək, yerində daş hasar tikdim.
Bir müddət sonra həmin hasarın sökülərək yerlə yeksan edildiyini gördüm və təbii ki, bu haqda Nizami rayon Polis İdarəsinə məlumat verdim. Polis tərəfindən araşdırma aparılarkən məlum olmuşdur ki, hasarı sökən şəxs qonşluğumdakı torpaq sahəsinin sahibinin atası olmuşdur. O da məlum olmuşdur ki, həmin hasar sökülmədən öncə 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisi Məmmədov Asəfin adından Nizami rayon Polis İdarəsinə şikayət daxil olmuş və həmin şikayətdə mənim guya dövlət mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, orda qanunsuz olaraq hasar tikdiyim və buna görə də barəmdə cinayət işinin açılması tələb olunmuşdur.
Ən maraqlı hal isə ondan ibarətdir ki, həmin şikayət üzrə şikayətçi qismində Məmmədov Asəfdən deyil, qonşumdan izahat alınmışdır. O isə izahatında torpaq sahəsinin ona məsxus olduğunu iddia etmişdir.
Polis İdarəsində mənim haqqımda cinayət işi açılması rədd edildikdən sonra isə qonşum özü mənim hasarımı sökməyə qərar vermişdir. Onun bu əməli haqqında aparılan təhqiqat zamanı aydın olmuşdur ki, həmin torpaq sahəsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun adına sənədləşdiriləcəyinə söz verilibmiş.
Həqiqətən də qonşumun hasarı sökmədən öncə 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisi Asəf Məmmədov tərəfindən verilmiş şikayət və həmin şikayət üzrə iddiaçı kimi qonşumun iştirak etməsi onun dediklərinin həqiqəti əks etdirdiyinin sübutu kimi qiymətləndirilə bilər.
Hasarımın sökülməsindən sonra mənim şübhələrimin bir həqiqət olması ortaya çıxdı. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsi bir tərəfdən guya Ali Məhkəmə Qərarını icra etdiyi görüntüsü yaradaraq mənə Çıxarış təqdim edir, digər tərəfdənsə polisə müraciət edərək mənim "dövlət mülkiyyətində olan torpaq sahəsini zəbt etdiyimə görə", barəmdə cinayət işi açılmasını tələb edir.
İcra məmurunun təkidli tələblərinə cavab olaraq, nəhayət ki, 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Babayev Ramiz İlman oglu tərəfindən icra məmuruna heyrətamiz bir məktub daxil oldu.
Babayev Ramiz məktubda qeyd edir ki, Tələbkara (Yəni mənə) aid olan torpaq sahəsi onun qətnamədə (iddiam təmin edilmiş qətnamə) iddia etdiyi torpaq sahəsi deyil, həmin torpaq sahəsindən kənarda yerləşən, hal-hazırda içərisində yaşayış olan fərdi yaşayış evinin altındakı torpaq sahəsidir!!!
Başqa sözlə, Ramiz Babayev qeyd edir ki, mənə məxsus torpaq sahəsi Ali Məhkəmə qərarında müəyyən edilmiş boş torpaq sahəsi deyil, Ramiz Babayevin müəyyən etdiyi faktiki yaşayış olan fərdi yaşayış evinin zirzəmisinin altındakı torpaq sahəsidir!
Yəni mənə olmayan mülkiyyətin dövlət qeydiyyatı haqqında Çıxarış təqdim edilmişdir! Çıxarışda qeyd edilən ünvanın da nə ünvan olduğu bəlli deyil.
Araşdırmamla məlum olub ki, belə bir ünvan ümumiyyətlə mövcud deyil. Ən azından Azərbaycanda İcra məmurunun bu ünvan haqqında sorğusu da 4 aydır ki, cavabsız qalmışdır.
Ramiz Babayevə bu cür heyrətamiz məktubu yazmağa, sizcə, məcbur edən hal nə ola bilər?Zənnimcə, hər kəsə aydın olduğu kimi, mənə məxsus torpaq sahəsini qonşuma satması halı. “Bir qoyundan bir dəri“ qanununa da məhəl qoymayan 1 saylı Bakı Ərazi İdarəsi mənim torpağımın dərisini iki dəfə soyub satmışdır. Birinci dəfə torpağıma aid Şəhadətnaməni, ikinci dəfə isə torpağımın özünü.
“Canavar acanda kəndə girər” atalar misalının fəlsəfəsinə zidd olan, Ramiz Babayevin bu hərəkəti heç anlaşılan deyildir. Çünki Ramiz Babayev Bakı şəhərində yeni yaşayış massivlərində yol üçün nəzərdə tutulmuş onlarla hektar torpaq sahələrini saxta yolla sənədləşdirərək satmış bir “mütəxəssisdir”.
Təxmini hesablasaq və hər sotunun dəyəri ən azından yüz min manat olan bu qədər əmlakı satmış bir adamın ac olması da inandırıcı görünmür. Hansı ki, bu məbləğ milyonlarla deyil, yüz milyonlarla ölçülür.
Ramiz Babayev Ali Məhkəmə Qərarını icra etmədiyinə görə icra məmurunun tərtib etdiyi inzibati protokol əsasında iki dəfə Məhkəmə qarşısına çıxmış və barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə “dövlət idarəçiliyinin əleyhinə fəaliyyətə görə” inzibati cərimə tədbiq edilmişdir. Yəni 1500 manat...
Hər il qanunlara məhəl qoymadan milyonları oğurlayaqraq ildə tək bir dəfə Dövlətə 1500 manat cərimə verən bu cür məmurları əslində qınamaq və günahlandırmaq da düzgün olmazdı...
Əl qərəz... Bu haqda şikayət etmədiyim orqan qalmadı. Ancaq görünən odur ki, etdiyim şikayətlərə cavablar da elə şikayət etdiklərimdən gəlir. Bir sözlə, divara dərd danışmaqdan divarlar da bezdiyindən bu müraciətimi Sizə yönləndirmək qərarına gəldim.
Sonda həm Ramiz Babayevlərə, həm onun kimiləri himayə edənlərə həm onlardan edilən şikayətləri elə onların özlərinə yönəldənlərə bu Dövlətin qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin bir ifadəsini xatırlatmaq istəyirəm: “Dövlət iki səbəbdən sarsıla bilir. Bir cinayət cəzasız qalarsa, bir də günahsız cəzalanarsa”.
Bütün gəncliyimi həsr etdiyim, minlərlə şəhidimizin qanı canı bahasına qurduğumuz bir Dövlət gözlərimizin qarşısında sarsılır. Etməyin bunu, cənablar. Onsuz da bu ölkənin qaymağı sizin qablara çəkilir.
Biz işgal edilən torpaqları şəhid verərək geri aldıq. Ancaq bu o demək deyil ki, Sizin işğal edib əlimizdən aldığınız torpağımızı da şəhid verib geri almalıyıq...
Əlbəttə ki, yaranmış bu vəziyyət insanın boğazında bir qəhər yaradır. Ona görə yox ki, mülkümüzü dələduzlar əlimizdən alıb yeyirlər. Ona görə ki, hamımızın ümid işığı, qüruru olan Dövlətimizin verdiyi vəzifələrlə silahlanmışlar.
Dünyada qurdlar süfrəsində bu Dövləti qorumaq üçün gecə-gündüz dayanmadan mücadilə edən Prezidentimizin əziyyətlərinə heyif deyilmi? Bu xalqı Dövlətindən narazı salmağa çalışanların məqsədinin nə olduğunu bilməyən kimsə varmı?
Nəzərə alsaq ki, təkcə Əmlak Komitəsində icra olunmayan bu cür minlərlə qanuni qüvvədə olan Məhkəmə Qərarları var və bu halın qarşısında Ədliyyə Nazirliyi aciz durumda qalıb, onda həqiqətən bu Dövlətin gününə ağlamamaq nankorluq olardı"!
Hurriyyet.az