Elmlər doktoru Milli Oftalmologiya Mərkəzinin həkimindən şikayətçidir – “QİSAS ALMAQ ÜÇÜN GÖZLƏRİMİ ŞİKƏST ETDİ”

Bu gün, 10:26           
Elmlər doktoru Milli Oftalmologiya Mərkəzinin həkimindən şikayətçidir – “QİSAS ALMAQ ÜÇÜN GÖZLƏRİMİ ŞİKƏST ETDİ”
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi Əliyeva Tərlan Aydın qızı ilə bağlı “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adının çəkilməsini istəməyən xanım elmlər doktoru iddia edir ki, Tərlan Əliyeva hər iki gözünü şikəst edib.

Şikayətçi bildirir ki, 2022-ci ildə şəkər xəstəliyi ilə əlaqədar gözlərinin müayinə və müalicə olunması üçün Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. O, məlum müraciəti əsasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yönləndirilib. “Əsl faciə də məhz o zamandan başladı”, - deyən xanımın sözlərinə görə, həkim Tərlan Əliyeva onu qəbul edərək bildirib:

“Bizim müəssisə TƏBİB-in tabeçiliyində deyil və burada sığorta yoxdur. Amma sol gözünüzdə katarakta var, onun üçün 800 manat, sol göz dibinizin əməliyyatı üçün isə 2500 manat ödəməli olacaqsınız. Bundan əlavə, İran istehsalı linzanın qiyməti 1 000 manat, Amerika istehsalı linza isə 2500 manatdır. Sizi qane edirsə, əməliyyat üçün vaxt seçək”.

Şikayətçi deyir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətindən sonra Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərildiyini qarşı tərəfind diqqətinə çatdırdıqda, o, çox sərt reaksiya verib: “Mən deyəndə ki, Mehriban xanımın xətti ilə gəlmişəm, Tərlan həkim "bizdə belə bir göndəriş yoxdur, gedə bilərsiniz", - dedi”.

Bundan sonra o, Milli Oftalmologiya Mərkəzinin digər korpusunda yerləşən dəftərxanaya müraciət edərək, Birinci vitse-prezidentin Katibliyinin rəisi Altay Həsənovun imzası ilə 2022-ci ilin aprel ayında daxil olan göndəriş məktubunu taparaq, həkim Tərlan Əliyevaya təqdim edib. “Görünür, tələb etdiyim vəsaiti ödəmədiyim üçün həkim “qisasını” gözlərimdən alaraq, sol gözümü şikəst, sağ gözümü isə tamamilə kor etdi”, - deyən elmlər doktoru bildirir ki, bundan sonra mediaya müraciət etmək məcburiyyətində qalıb:

““Kanal 24”-ün əməkdaşlarının müdaxiləsi nəticəsində baş həkim Aygün Məmmədbəyli çoxsaylı həkimlərdən ibarət konsilium (təşxis qoymaq və müalicə üsullarını müzakirə etmək üçün toplanan həkimlərin məsləhət şurası – red.) təşkil etdi. Konsilium üzvlərinin hər biri ayrı-ayrılıqda gözlərimi müayinə edərək, yekdilliklə "uğursuz əməliyyatın fəsadlarıdır" qənaətinə gəldilər. Buna baxmayaraq, baş həkim Aygün Məmmədbəyli Tərlan Əliyevanın etdiyi, cinayətə bərabər əməliyyatın üstünü ört-basdır etmək üçün 2 ildir konsiliumun rəyini gizlədir. Hətta xəstəlik tarixçəsi (anket) xəstəxanadan "yoxa"çıxıb. Dəfələrlə baş həkimə müraciət etsəm də, konsiliumun cavabını, rəsmi rəyi ala bilmirəm”.

Şikayətçi onu da iddia edir ki, Milli Oftalmologiya Mərkəzinin Şəkərli diabetin göz fəsadları və tor qişanın patologiyası şöbəsinin baş həkimi Aygün Məmmədbəyli və həkim Tərlan Əliyeva birləşib xəstələri soyurlar:

“Aygün Məmmədbəyli xəstəxanada bütün aparatlardan keçmək, bütün posedurlar, bütün əməliyyatlar üçün “taksa” qoyub, tibbi xidmətin növündən, dərəcəsindən asıll olaraq, 20 manatdan 3-4 min manatadək pul tələb olunur. Zərifə Əliyeva kimi görkəmli şəxsiyyətin, böyük alimin, Ulu Öndər Heydər Əliyevin sevimli, unudulmaz ömür-gün yoldaşının, Azərbaycana 44 günlük Vətən müharibəsinin Müzəffər sərkərdəsi, cənab Prezident İlham Əliyev kimi dünya liderləri arasında xüsusi çəkisi, nüfuzlu yeri olan bir oğul bəxş edən ananın adını daşıyan göz xəstəlikləri institundakı biabırçıllq, rüşvətxorluq, qanunların kobud şəkildə pozulması Zərifə xanımın müqəddəs ruhuna xəyanətdir”.

Məsələ ilə bağlı Milli Oftalmologiya Mərkəzinin Şəkərli diabetin göz fəsadları və tor qişanın patologiyası şöbəsinin həkimi Tərlan Əliyeva ilə əlaqə saxlmağa çalışdıq. Tərlan xanım suallarımızı cavabsız qoydu.

Xəstəxananın Milli Oftalmologiya Mərkəzinin Şəkərli diabetin göz fəsadları və tor qişanın patologiyasının baş həkimi Aygün Məmmədbəyli isə bildirdi ki, şikayətçinin narazılıqlarından xəbəri var: “Yaxın günlərdə xanım burada olub, müayinədən keçib. Bir gözü zəifdir, o bri gözünün eynəklə 70% görməsi var. Ancaq eynək taxmaqdan imtina edir. Yenə də xanımı dəvət edirik ki, gəlib institutun baş orqanı olan konsiliumdan keçsin və əməkdaşlar bir daha ona nə lazımdırsa, hər şeyi izah etsinlər”.

Aygün Məmmədbəyli sonda əməkdaşımıza daha ətraflı məlumat üçün rəsmi qaydada məktub göndərməli olduğumuzu bildirdi.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Aidiyyəti qurumların mövqeyini dərc etməyə çalışacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru