“Dəmir günbəz”, kamikadze-dron, elektron silahlar – düşmənin yeni təlaşı
20-12-2016, 10:31
Ermənistanın hərbi balans arzusu basdırılır; Müdafiə sənayesi naziri Yavər Camalovun Azərbaycanın modern silah istehsalına hazırlaşması haqda açıqlamaları işğalçı ölkənin rahatsızlığını artırıb; rusiyalı hərbi ekspert: “Azərbaycan Rusiya və ABŞ-ı qabaqlamaq istəyir...”
Ötən sayımızda Azərbaycanın öz döyüş və müdafiə sistemini gücləndirməsi yönündə son addımlar haqda yazmışdıq. Qeyd eləmişdik ki, yeni növ silahların serial istehsalına hazırlaşan Bakı bununla faktiki, İrəvana barıt qoxulu növbəti xəbərdarlıq mesajı göndərib.
Ötən həftəsonu Azərbaycanın hərbi sənaye naziri Yavər Camalovun bu qəbildən bəzi açıqlamalar, belə görünür, düşmən ölkədə təlaşı artırıb. Xatırladaq ki, həmin açıqlamalar arasında Ermənistanın qorxulu röyası sayılan “Dəmir günbəz” raketdən müdafiə sistemi və digər modern silah və döyüş sistemləri bağlı məqamlar yer alıb.
***
Məsələn, nazir bildirib ki, Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək. Onun sözlərinə görə, belə silahların istehsalı istiqamətində danışıqlar artıq başlayıb və yaxın illərdə istehsalı nəzərdə tutulub. Belə silahlar isə bir neçə kilometr məsafədə düşmənin radio-elektron qurğularını sıradan çıxarmaq qabiliyyətinə malik olacaq.
Nazir daha sonra deyib ki, Azərbaycanın əsas məqsədi uzaq mənzilli raketlərin istehsalıdır və bu istiqamətdə də dünyanın hərbi şirkətləri ilə danışıqlar aparılır. “Yaxın perspektivdə Azərbaycanın əsas məqsədləri sırasında uzaqmənzilli raketlərlə bərabər, ”Hava-Hava", “Hava-Yer” tipli raketlərin istehsalıdır. Bununla bağlı artıq dünyanın aparıcı hərbi şirkətləri ilə ilkin razılıq da əldə olunub" - deyə, o qeyd edib. Ən önəmlisi, Y.Camalov Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin müvafiq qurumu arasında “Dəmir günbəz” Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunduğunu söyləyib.
Nazirin açıqlamalarında o da bəlli olub ki, qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılmış yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının (PUA) sınaqları uğurla başa çatdırılıb və yaxın vaxtlarda onların serial istehsalına başlanacaq.
***
Təbii ki, Azərbaycan dost-müttəfiq Türkiyə və Pakistan hesabına da özünün hərbi sənayesini güclənirməkdə, müasir döyüş sistemlərinin istehsalını məhz öz ərazisində qurmaqdadır. Bu isə torpaqlarının bir hissəsi işğal altında, özü isə müharibə vəziyyətində olan bir ölkə üçün olduqca mühüm, işğalçı Ermənistanın hərbi balans yaratmaq istəyini isə sıfırlayan bi amildir.
Təsadüfi deyil ki, son illər ərzində Azərbaycanın hərbi parkında Rusiya silah-sursatlarının həcmi 90%-dən enərək, qat-qat aşağı düşüb ki, bunu da hərbi ekspertlər Rusiya asılılığının azalması baxımından başqa önəmli gəlişmə hesab edirlər.
Bu kimi gəlişmələr təbii ki, Ermənistanda da diqqətlə izlənilir - həm də narahatlıqla izlənilir. Çünki hər necə olmasa, dövlətin hərbi qüdrəti həm də onun müasir silah və döyüş sistemləri istehsal eləmək qabiliyyəti ilə ölçülür. Sevindiricidir ki, Azərbaycan bu yöndə gənc dövlət olsa da, öz uğurlarını ildən-ilə artırır. Aprel döyüşlərindəki uğurun bir səbəbi məhz bu idi.
Düşmənin yuxusunu ən çox qaçıran da elə Azərbaycanın silah alıcısından yavaş-yavaş silah istehsal edən ölkəyə çevrilməsidir. Bu mənada hərbi sənaye naziri Yavər Camalovun yuxarıdakı açıqlamalarının işğalçı ölkəni təlaşlandırması təbiidir.
***
Bu təlaşı indi də deyəsən, rusiyalı politoloq və hərbi ekspert Aleksandra Xramçixinin dili ilə azaltmaq, özlərinə təskinlik tapmaq istəyirlər. Məsələ ondadır ki, Xramçixin nes.am-a açıqlamasında Azərbaycanın elektromaqnit impulslu silahların və uzaq mənzilli raketlərin istehsalına hazırlaşdığına şübhə ilə yanaşdığını bildirib.
Sitat: “İndiyədək mən raket istehsalı üçün Azərbaycanda texnoloji və istehsal imkanlarının mövcudluğu barədə eşitməmişəm. Çətin ki, onlar belə imkanlar yarada biliblər. Odur ki, bu iddialar müəyyən şübhələr doğurur. elektromaqnit impulslu silahların istehsalına gəlincə, belə silah olduqca mürəkkəbdir. Hətta Rusiyada və ABŞ-da onun yaradılması hələ eksperimental mərhələdədir. Azərbaycan Rusiya və ABŞ-ı qabaqlayacaq? Çətin ki”.
***
Göründüyü kimi, əvvəla, rusiyalı analitik birmənalı şəkildə erməniləri sakitləşdirərək, deməyib ki, Azərbaycan belə silahlar istehsal edə bilməz, sadəcə, buna şübhə edib. Bunlar isə fərqli şeylərdir.
İkincisi, silah istehsalı həm də milli və hərbi təhlükəsizlik məsələsi olduğundan kifayət qədər məxfi sferadır və bu haqda Xramçixin kimilər bilməyə bilər. Yeri gəlmişkən, həmin Xramçaxin aylar öncə “İsgəndər M” operativ-taktiki raket komplekslərinin Ermənistana yaradığı üstünlükdən danışaraq demişdi ki, hətta “Dəmir günbəz” sayəsində də bu raketləri neytrallaşdırmaq mümkün deyil. Ancaq İsrail baş naziri B.Netanyahunun Bakı səfərindən sonra bəlli oldu ki, heç də belə deyil. İş ondadır ki, “Dəmir günbəz”in uzaq mənzilli raketləri sərərsizləşdirən modifikasiyası da var və Azərbaycan məhz onu almağa hazırlaşır.
Üçüncüsü və ən önəmlisi, aprel döyüşlərinin təcrübəsidir. Həmin döyüşlərə kimi Azərbaycanın öhdəsində hansı qorxulu silahların olması haqda dəqiq bilgi yox idi. Ancaq o zaman rusiyalı hərbi ekspertlər də etiraf elədilər ki, Azərbaycan Rusiyanın belə arsenalında olmayan modern kamikadze-dronlara malikdir. Ermənilərin başqa bir qorxulu röyası olan həmin kamikadze-dronların artıq ölkəmizdə istehsalına başlanır. Söz düşmüşkən, Xramçixin nədənsə bu haqda erməni nəşrinə heç nə deməyib.
Belə ölümcül silahları istehsal edən Azərbaycan niyə də digər analoji silahlar istehsal eləməsin ki - əgər İsrail, Pakistan, Türkiyə kimi güclü hərbi tərəfdaşları varsa...