“Səfirin qətli təhlükəsizliyin zəif olmasıyla bağlı deyil”
20-12-2016, 14:32
“Osmanlı dövründən bəri Türkiyədə xarici elçilər fəlaiyyət göstərirlər. Türkiyədə səfirin öldürülməsi ilk hadisədir. Bunun təhhlükəsizliklə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq indiyə kimi səfirlər hədəf götürülməyib”.
Bu sözləri Modern.az-a təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
İlham İsmayıl bütün baş verən son hadisələrin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətindən və bölgədə gedən proseslərdən əmələ gəldiyini bildirib.
“Hesab etmirəm ki, təhlükəsizlik işi aşağı olduğu üçün bu hadisə baş verib. Burada bir maraqlı məqam var: necə olur ki, vaxtilə polisdən qovulan şəxs indi polis nişanı ilə tədbirə daxil olur və orada iştirak edir? Hər halda bu hadisənin baş verməsi üçün müəyyən hazırlıq olub. O hazırlığın da yaranma səbəbləri var”.
Ekspertin sözlərinə görə, bu hadisənin baş verməsində Türkiyə-Rusiya münasibətləri də hədəf götürülə bilər.
“Səfirin öldürülməsində səbəb təkcə bu adamın işdən çıxarılmağı və “Hələb”dəki hadisələr bağlı deyil. Din məsələsi də var. Çünki qatil son anda “Allahu Əkbər!” qışqırıb. Həmçinin, bu adam “Gülənçi” kimi işdən çıxarılıb. Türkiyədə minlərlə insanın işdən çıxarılmasının mənfi çalarları da bu hadisələrdə özünü göstərir. Hadisənin başvermə səbəbini burada da axtarmaq lazımdır ki, nədən bu insanları bu qədər narazı salıblar? Bu narazılıq da bir gün hansısa formada özünü göstərməli idi. Bu narazılıqlar indən sonra digər məsələlərdə də özünü göstərə bilər”.
İlham İsmayıl deyib ki, bu hadisədən sonra sözsüz ki, təhlükəsizlik məsələsinə diqqət daha da artırılacaq.
“Dünən Putin də Türkiyənin Rusiyadakı səfirliyinin qorunması ilə bağlı göstəriş verdi. Çünki, bilirlər ki, keçən dəfə təyyarənin vurulmasından sonra Türkiyə səfirliyinin qarşısında ajiortaj yaranmışdı. Hər halda bu hadisənin səbəbi təhlükəsizliklə bağlı deyil. Baş verən proseslərlə əlaqədardır. Həm Türkiyənin daxilində, həm də bölgədə gedən proseslərlə bağlıdır”.