Müstəntiq vaxtı ilə onu məğlub edən vəkilin müdafiəsinə sığındı

21-12-2016, 00:31           
Müstəntiq vaxtı ilə onu məğlub edən vəkilin müdafiəsinə sığındı
“İndi üstümüzə gələn bəzi vəzifəlilər nə vaxtsa məhz biz vəkillərə müraciət edəcəklərini unutmasınlar”
Tanınmış vəkil Əsabəli Mustafayev öz “facebook” səhifəsində müdafiə etdiyi şəxsin Avropa Məhkəməsində qalib gəlməsindən və bu işin maraqlı tarixçəsindən yazıb. Yazını olduğu kimi təqdim edirik:
“Bu gün Avropa Məhkəməsi nümayəndəsi olduğu Pirqurbanın işi üzrə qərarı elan etdi. Bununla Avropa Məhkəməsində udduğum işlərin sayı 81 oldu. Bu qərarla Məhkəmə Pirqurbana münasibətdə Konvensiyanın 3-ci (işgəncə), 5 -ci (qanunsuz həbs) və 6-cı (məhkəmə araşdırmasının ədalətsiz olması) maddələrinin pozuntusunu tanımışdır. Məhkəmə 3-ci maddəsinin həm maddi (yəni işgəncənin polis tərəfindən verilməsi), həm də prosessual (fakt üzrə səmərəli araşdırmanın aparılmaması) əsasların pozuntusunu tanıyıbdır. Kompensasiyanın məbləqi 19 000 avrodur. Bu işin qısa süjeti: Sumqayıt polisi 2010-cu ildə maşın alverilə məşğul olan Pirqurbanı və digər 2 nəfəri həbs edərək boyunlarına küllü miqdarda narkotik alveri ittihamı qoymaq istəyir. Əsl məqsəd isə bunlardan küllü miqdar pul qopartmaq olub. Pirqurban və digərləri tələb olunan pulu ödəyə bilmirlər. Buna cavab olaraq onlara qrup halında küllü və qrup halında narkotik maddələrin satışı ittihami verilir (sanksiya 5 ildən 12 ilə qədər). Pirqurban ittihamı qəbul etmir. Cinayəti etiraf etmək üçün onu möhkəm döyürlər, bədənini yanar siqaret və elektroşok ilə yandırırlar. Barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün hər üçü məhkəməyə gətirilir. Mən bu işə təyinatla çıxmışdım. Təqdimata məhkəmənin sədri özü baxırdı. Gənc olsa da artıq mayor rütbəsində olan müstəntiq bir sıra nöqsanlara yol vermişdir, o cümlədən 48 saatlıq müddəti keçirmişdir. Mən onun barəsində xüsusi qərardad qəbul edilməsi barədə vəsatət verdim. Hakim çox çətinliklə (müstəntiq Sumqayıt apellyasiya məhkəməsinin o dövrdəki sədrinin yaxın qohumu idi) bu qərardadı qəbul etdi. Mənim vəsatətimlə keçirilən ilk ekspertiza bütün xəsarətləri ört- basdır etdi. Mən yeni ekspertiza keçirilməsi barədə vəsatət verdim. Eyni zamanda müstəntiqdən Baş prokurora və DİN-ə çoxlu sayda şikayətlər göndərdim. Mənim şikayətimlə əlaqədar Ombudsman aparatından, digər təşkilatlardan yoxlayıcılar gəldilər. Müstəntiqi istintaqdan kənarlaşdırdılar. Yeni ekspertiza keçirilən zaman istintaq qorxusundan müdaxilə etmədi. Ekspertin yeni rəyində Pirqurbanın döyülməsi, üzərində onlarla siqaret və elektroşokdan yanıqların olduğu göstərildi. Prokurorluqa cinayət işin başlanması barədə verdiyim şikayət təmin edilmədi. Mənim şikayətim əsasında Sumqayıt şəhər məhkəməsi işgəncə faktını tanıdı. Bu qəardan prokuror protest versə də, o təmin olunmadı. Qərar qüvvəyə mindikdən sonra da, prokurorluq cinayət işinin başlanmasından imtina etdi. Beləliklə də, şikayət getdi Avropa Məhkəməsinə. İstintaq bizi ələ almaq üçün maddəni 234.1-ə tövsif etdi. Buna baxmayaraq şikayətlərim dayanmadı. Bu maddə ilə iş getdi məhkəməyə. Məhkəmədə dövlət ittihamçısı ittiham aktında olan nöqsanları bəhanə gətirərək işin geri qaytarılmasını tələb etdi. Əslində isə işə xitam verildi və Pirqurban azadlığa çıxdı. Bir qədər sonra həmin mayor ayrı işlə əlaqədar həbs olundu. O, qardaşını yanıma göndərərək ancaq mənə etibar etdiyini və bu səbəbdən onun vəkili olmağımı xahiş etdi. Təqribən 10 000 dollar qonarar təklif edildi. Pula böyük ehtiyacım olsa da, mənəvi dəyərləri əsas tutaraq təklifdən imtina etdim. Bununla qeyd etmək istəyirəm ki, indi üstümüzə gələn bəzi vəzifəlilər nə vaxtsa məhz biz vəkillərə müraciət edəcəklərini unutmasınlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.