Şimal regionunda hizbi ocaqları yaranır - SENSASİON FAKTLAR!!!

21-12-2016, 14:05           
Şimal regionunda hizbi ocaqları yaranır - SENSASİON FAKTLAR!!!

Şimal regionunda hizbi ocaqları yaranır

Sələfi liderindən ŞOK AÇIQLAMALAR!

SENSASİON FAKTLAR!!!

Xaçmaz rayonunun Düztahiroba kəndində radikal dindar Ramiq Rəhimovun DTX-nın keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülməsindən təxminən bir ay keçir. DTX əməkdaşlarının heç bir itki vermədən onlara silahlı müqavimət göstərən Ramiqi peşəkarlıqla zərərsizləşdirməsi dini cameədə böyük rezonans doğurdu. Bununla belə, insanlar arasında söz-söhbətlər səngimir. Hamını bir sual düşündürür. Necə oldu ki, qısa bir müddətdə Xaçmaz rayonunun dindarları arasında radikallaşma meylləri artdı? Necə oldu ki, sələfilərin içərisindən çıxan bir qrup radikal dindar sələfilərin özləri üçün də bir kabusa çevrildi? Nəyə görə, rayon icra hakimiyyətindəki dini komissiya, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rayondakı nümayəndəliyi, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin bölgədəki səlahiyyətliləri, hüquq-mühafizə orqanları, ziyalılar, ictimaiyyətin fəal təbəqəsi vəziyyətin bu həddə gəlib çıxmasına imkan verdilər? Bu və digər suallar ətrafında müəyyən araşdırmalar apardıq. Nəticə göstərdi ki, rayondakı dini durum istənilən səviyyədə deyil. Söhbət ondan getmir ki, Xaçmazda və şimal regionunda qeyri-sabit ictimai-siyasi və dini durum mövcuddur. Lakin alt qatda gedən proseslər heç də ürəkaçan deyil. Hizbilər(xavariclər, təkfirçilər və ixvanlar belə adlanır) mövqelərini çox gizli şəkildə gücləndirirlər.

Sələfi alimləri: “İŞİD şeytani toplumdur”

Adının çəkilməsini istəməyən, lakin diktafona danışmağa razılıq verən rayonun sələfi liderlərindən biri olan Abdullah(şərti adı belədir-red) bir sıra mətləblərə aydınlıq gətirdi. Onun dediklərinə görə, sələfilərin lideri Hacı Qamət Süleymanovla tanınmış dindar Adil Rəcəbov arasında yaranmış ixtilaflar şimal regionundan da yan ötməyib. “Əslində bu münaqişə Misirdə, Suriyada, Səudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirliklərində yaşayan şeyxlər arasında çoxdan başlayıb. Hələbi, Məğrəbi və digər alimlər var ki, onlar İŞİD-i dəstəkləyirlər. Orada gedən döyüşləri düzgün və halal sayırlar. Bir də ki, Suriyadakı döyüşlərə getmək istəyənlərə tam yol açırlar. Lakin bəzi sələfi alimləri onlara qarşı çıxaraq dedilər ki, İŞİD şeytani bir toplumdur. Onların arasında gedən bu münaqişə Azərbaycana da gəlib çatdı. Burada Qamət Süleymanov başda olmaqla müəyyən dindarlar radikallara yox dedilər. Beləliklə də konflikt yarandı. Qamət Süleymanov müəyyən məsləhətlər verirdi, müəyyən adamlara xəbər göndərirdi ki, bu peyğəmbərimizin(s.a.v) və dövlətçiliyimizin yoluna zidd olan yoldur. Lakin Adil Rəcəbov və ətrafındakı bəzi şəxslər bu sözləri qulaqardına vurdular. Bu təklifləri eşitmək əvəzinə bunu bölünmə kimi qiymətləndirdilər. Sələf əqidəsində olan hər bir kəs istər dünyavi, istər şəriət, istərsə də xristian ölkəsində yaşasın o, bu dövlətin qanunlarına tabedir. Bunu bizə peyğəmbərimiz(s.a.v) buyurub. Qurani-Kərimdə də ayə var ki, Onun peyğəmbərlərinə və özünüzdən olan rəhbərlərə itaət edin. Hətta peyğəmbərimiz (s.a.v) buyurub ki, başınızda qara həbəşi qul rəhbər dursa belə ona itaət edin. Bu bizim əqidəmizin ən başlıca prinsipləridir.”

Bölünməni yaradan əsas dörd prinsip

Bəs, hansı əsas prinsiplər belə bölünməyə gətirib çıxarıb?- sualına müsahibimiz belə cavab verdi: “Qamət Süleymanov hizbi şeyxlərinin əsas dörd fikri ilə razılaşmır. Onlardan ən birincisi dövlət və dövlət başçısı ilə bağlıdır. Hizbilər Azərbaycan dövlətini kafir dövlət sayırlar.İkincisi, əgər onların arasında güc olarsa ölkədə idarəetməni dəyişmək və şəriət dövləti yaratmaq istəyirlər. Üçüncüsü, cahilliyin üzrlü görülməsi məsələsidir. Bu da ondan ibarətdir ki, hər hansı bir insan günah edərsə birbaşa hökm verərək ona kafir adı vermək olar. Nəhayət, namaz qılmayanı kafir kimi görmək. İslamda isə belə bir şey yoxdur. Heç də bütün islam alimləri yekdil qərar qəbul etməyiblər ki, namaz qılmayan şəxs kafirdir. ”

Abdullahın sözlərinə görə, ölkədə əmin-amanlıq olmasa onda ibadət nəyə lazımdır? “Suriyada, Liviyada, İraqda, Əfqanıstanda olan problemləri, dağıntıları görürük. Evlər, küçələr yerlə-yeksan olub. Evin kişisi dükana gedəndə fikirləşir ki, qayıdanda evi salamat qalacaq ya yox. Azərbaycanda isə tam şəkildə əmin-amanlıqdır. Artıq biz də özümüzü elə aparmalıyıq ki, ölkəmizdə dinclik olsun.”

Şimal regionunda hizbilər daha çox haralarda cəmləşiblər?

Şimal bölgəsindəki vəziyyətdən danışan sələfi lideri bildirdi ki, Xudat şəhər dindarlarının altımış-yetmiş faizi və Xaçmaz şəhər dindarlarının müəyyən hissəsi Adil Rəcəbovun fikirlərini qəbul edirlər. Lakin Xaçmazın, Qusarın və Qubanın dindarlarının böyük əksəriyyəti Qamət Süleymanovu dəstəkləyirlər. Qusarda isə vəziyyət çətindir. Söhbət rayon mərkəzindəki dindarlardan gedir. Oranın dindarlarında radikallıq çoxdur. Quba rayonunun Amsar kəndində də vəziyyət belədir. Xaçmaz rayonunun Vələmir və Qobuqırağı kənd məscidləri də hizbilərin əlindədir.

Güc strukturları da təlimatlandırılmalıdırlar

Abdullahın qənaətincə hizbilərdən bir sıra dövlətlər Azərbaycana qarşı istifadə edə bilərlər. Onun üçün də təkcə dindarlar deyil, xüsusilə də sərhəd rayonlarında güc strukturları bu məsələlərlə bağlı ciddi təlimatlandırılmalıdırlar. Əvvəllər Suriyaya gedənlər çox idi. Onların bəziləri orada öldürülüb, bəzilərinə qarşı isə qayıdandan sonra hüquq-mühafizə orqanları tədbirlər görüb. İndi də Suriyaya getmək həvəsində olanlar varsa da, özlərini büruzə vermirlər. Ona görə biz istəyirik ki, güc strukturlarının əməkdaşları arasında da maarifləndirmə işləri aparılsın. Bəzən onlar dindarları ayırd edə bilmirlər. Kim sələf əqidəsindədir, kim xavaricdir, kim ixvandır, kim hizbidir ayıra bilmirlər. Ucdantutma hamıya vəhhabi deyirlər. Bu da ictimaiyyət arasında düzgün olmayan fikirlər formalaşdırır(Abdullah bir sıra ciddi mətləblərə də toxundu. Lakin bəzi obyektiv səbəblərə görə, onları yazmırıq).

Bəs yerlərdə dövlət qurumları hara baxır?

Düşündürücü budur ki, bu parçalanma hansı nəticələr verəcək. Əgər sələfi liderinin dedikləri doğrudursa, onda şimal regionunda dini sahədə cərəyan edən hadisələr yaxşı olmayan proseslərə gətirib çıxaracaq. Öz müşahidələrimiz də bunu deməyə əsas verir ki, dini kəsim arasında ciddi problemlər mövcuddur. Elə məsələlər var ki, rayon və hüquq-mühafizə orqanlarının rəhbərləri onlarla gündəlik olaraq ciddi məşğul olmalıdırlar. Məsələn, götürək hər hansı bir N. kəndini. Birdən-birə məlum olur ki, bu kəndin dindarları radikallaşıblar və onların sıralarından xeyli adam Suriyaya gedib. Maraqlıdır ki, bu necə baş verir. Hər bir kənddə icra nümayəndəsi, bələdiyyə sədri və üzvləri, sahə müvəkkili və digər dövət qurumlarının nümayəndələri var. Necə olur ki, kimsənin bir sot torpağı artıq olanda və yaxud biri digərinə bir sillə vuranda dərhal xəbər tutan bu qurumlar radikal dindarların nə vaxt yığışdıqlarından, kənddə hansı təbliğat apardıqlarından, və yaxud Suriyaya gedərək yoxa çıxdıqlarından xəbər tutmurlar? Bu qurumların nümayəndələrinin belə işi kimə və nəyə gərəkdir? Onlar dövlətin keşiyində beləmi dururlar? Yoxsa qorxurlar? Bununla biz heç də dini radikalizmə qarşı mübarizə aparanların fəaliyyətinə kölgə salmaq istəmirik. Yalamada keçirilən antiterror əməliyyatı bunu göstərdi. Lakin öldürülən şəxs məhz hamının gözü qarşısında illər idi ki, at oynadırdı. Bəs digər cavabdeh qurumlar bunu vaxtında görmürdülərmi?

İcra başçısı müavininin xavaric qohumları?

Yerli qurumlardan söhbət düşmüşkən bir məsələnin də üstündən sükutla keçmək olmaz. Hər bir rayonun icra hakimiyyətlərində dini komissiyalar var. Öz işlərini ildə iki-üç yığıncaq keçirməklə bitmiş hesab edirlər. Əhalinin çoxu bu komissiyaların mövcudluğundan və üzvlərindən belə xəbərsizdir. Elə götürək Xaçmazı. Bütün rayonlarda olduğu kimi burada da icra başçısının birinci müavini Yetkin Mehmanov bu komissiyanın sədridir. Lakin indiyədək bu şəxsin dini sahədə əməli bir iş gördüyünün şahidi olmamışıq. Onun rəhbərlik etdiyi komissiyanın kəndlərdə səyyar yığıncaqlar keçirməsini görməmişik. Amma mötəbər mənbənin verdiyi məlumata görə, Y. Mehmanovun xalası oğlanları- Samur-Yalama parkında işləyən Elçin Paşayev və qardaşı İlqar Paşayev xavariclərdir. İlqar Paşayev Rusiya vətəndaşıdır. O, bu yaxınlarda DTX-nın Düztahiroba kəndində keçirilən əməliyyat nəticəsində öldürülən Ramiq Rəhimovun yaxın dostu olub. İlqar Azərbaycan-Rusiya yolunu “su yolu”na döndərib. Məlumatlara görə, İ. Paşayev Dağıstan ərazisində radikal dindarlarla görüşlər keçirir. Daha bir maraqlı fakt. 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində xavaric Elçin Paşayevin namizədliyi hətta Yalama bələdiyyəsinə də irəli sürülüb. O, bu quruma üzv olmaqla radikalların mövqeyini möhkəmləndirmək istəyib. Mötəbər mənbənin bilgisinə görə, daha bir maraqlı fakt isə bundan ibarətdir ki, bələdiyyə üzvlərinin siyahısı Xaçmazdan Yetkin Mehmanov tərəfindən göndərilib. Doğrudur, rayonun aidiyyatı orqanlarının ciddi müdaxiləsindən sonra Elçin Paşayevin namizədliyi ləğv edilib. Lakin mənbənin bildirdiyinə görə, bələdiyyə üzvləri arasında Dərbənddə federallar tərəfindən məhv edilmiş terroçunun bacısı, hətta Rusiya vətəndaşı belə var. Daha bir informasiyaya əsasən, Y. Mehmanovun Yalamadan olan Fərid adlı bir qohumu ötən il Suriyanın Raqqa şəhərində hökümət qüvvələri tərəfindən qətlə yetirilib. O, Raqqada “əmir” kimi fəaliyyət göstərib. Ailə üzvləri hazırda oradadırlar. Biz mötəbər mənbənin verdiyi məlumatları nə təsdiq, nə də təkzib etmirik. Sadəcə olaraq, aidiyyatı orqanların ciddi araşdırma aparmasını xahiş edirik. Qarşı tərəflərin də mövqeyini olduğu kimi dərc etməyə hazırıq.



Aldığımız məlumatlara görə, regiondakı mövcud durum güc strukturlarından əməliyyat şəraitinə gündəlik olaraq tam nəzarət tələb edir. Heç kəs yaxasını qırağa çəkməməlidir. Bütün məsuliyyəti də hüquq-mühafizə orqanlarının üzərinə qoymaq düzgün olmaz. Bizlər dövlətçilik naminə, ölkəmizdə sabitlik naminə birləşib Azərbaycanda xaos yaratmaq istəyən qrupları yerində oturtmalıyıq. Bu bizim vətəndaşlıq borcumuzdur. Birdə ki, onlar Şeyx Nəsrullahlar biz də ölülər deyilik.
Müqəddəs Mehdiyev

“Şimal xəbərləri” qəzetinin baş redaktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.