BDYPİ-də 22 illik Ramiz Zeynalov erası başa çatır - rəisi kimlər əvəz edə bilər?
21-12-2016, 23:30
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifəsi ilə vidalaşmağa hazırlaşır. Bu barədə Qaynarinfo.Az-a məlumatlı mənbədən bildirilib.
Mənbənin sözlərinə görə, Zeynalov yaşı ilə əlaqədar təqaüdə göndərilir. BDYPİ rəisinin bu il 65 yaşı tamam olub. İki ay sonra isə o, artıq 66 yaşını qeyd edəcək.
"Ramiz Zeynalov hazırda DİN sisteminin ən yüksək stajlı kadrlarından biridir. O, BDYPİ-yə 22 ildir rəhbərlik edir” deyən qaynağımız, artıq onunla vidalaşmağın zamanı çatdığı qənaətinin möhkəmləndiyini deyib.
Bu il BDYPİ rəisinin daxili işlər orqanlarında fəaliyyətə başlamasının 40 ilinin tamam olduğunu söyləyən mənbə, 1976-cı ildə bu sistemə qəbul edilən Zeynalovun öncə Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, ardınca isə Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışdığını diqqətə çatdırıb.
Zeynalov həmin il məhz bu vəzifədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi postuna gətirilib.
Çox keçmədən Ramiz Zeynalov hökumət daxilində əhəmiyyətli fiqurlardan birinə çevrilib. Bunu onun eyni postda 20 ildən artıq çalışması da təsdiqləyir. Həmçinin o, qardaşı Tofiq Zeynalovu Tovuz Rayon İcra Hakimiyyətinin başçısı postuna təyin etdirməyi bacarıb. BDYPİ rəisinin özündən 7 yaş böyük qardaşı 9 ildən artıqdır bu rayona rəhbərlik edir.
Təxminən bir həftə öncə isə BDYPİ-nin Yol-Patrul Xidməti 6-ci tağımının komandiri İlqar Talıbovun vəfat etməsindən sonra onun yerinə Ramiz Zeynalov öz qardaşı oğlu Vüqar Zeynalovu təyin edib.
Bəs Ramiz Zeynalov təqaüdə göndəriləcəyi halda onu kim əvəz edə bilər? Mənbəmiz deyib ki, bu suala cavab vermək hələlik çox çətindir. Amma BDYPİ kulislərində idarə rəsinin müavini, polis polkovniki Mübariz Şahbazovla digər rəis müavini, həmçinin Yol Patrul Xidməti (YPX) Alayının komandiri, polis polkovniki Balakişi Əhmədova Zeynalovun pottensial varisi gözü ilə baxırlar.
Bununla belə, yeni rəisin BDYPİ-dən kənardan da ola biləcəyi istisna olunmur.