Banklar dollar satmır- “qara bazar” qiyməti qaldırır
21-12-2016, 23:37
Ekspertlər bildirirlər ki, tam üzən məzənnəyə keçid maliyyə sistemimizi çalxalaya bilər
Ölkə bankları faktiki olaraq dollar satmırlar. “Qara bazar”da dolların satış qiymətinin 1,93 manata qalxdığı bildirilir; alverçilər dolları 1,90 manatdan alıb, 1,93 manatdan satırlar. İki gün əvvəlki hərracda dollar bahalaşmamışdan əvvəl “qara bazar”da dollar 1,92 manata satılırdı.
Hökumət isə “qara bazar”a qarşı mübarizəni gücləndirib. İndi qanunsuz valyuta ticarətçiləri əvvəlki kimi rahat fəaliyyət göstərə bilmirlər. Bu səbəbdən də dolların “qara bazar”da qiyməti qalxır.Artıq “qara bazar”da dollar Mərkəzi Bankın rəsmi məzənnəsindən təxminən 10 faiz baha satılır.Banklar isə dollar və avro satışını tam dayandırıblar. Əhali ehtiyacı olan dolları ala bilmir.
Ekspertlər isə bildirirlər ki, ABŞ-ın yeni seçilmiş prezidenti DonaldTrampın yeni vergi siyasəti dünya bazarında dolların 15 faiz möhkəmlənməsi ilə nəticələnə bilər. Bu barədə Almaniyanın “DeutscheBank”ının hesabatında məlumat verilib.Bankın analitiklərinin fikrincə, vergitutmada baş verəcək dəyişikliklər ABŞ-da idxal rüsumlarının korporativ vergilər səviyyəsinə yüksəlməsinə, ixrac rusumlarının isə ləğv edilməsinə səbəb olacaq. Nəticədə, ABŞ-ın dünya ölkələri ilə ticarət münasibətləri dəyişəcək. Bu plan həyata keçirilərsə, dolların məzənnəsi ciddi şəkildə möhkəmlənəcək.Analitiklər hesab edirlər ki, bu addımlar idxal qiymətlərinin 20 faiz artmasına, o da öz növbəsində ABŞ-da inflyasiyanın 5 faiz bəndi yüksəlməsinə gətirib çıxaracaq. Vergitutma siyasətində dəyişiklik ABŞ-ın xarici ticarət balansında kəsirin ən azı 2 faiz bəndi azalmasına səbəb olacaq. Ticarət balansının yaxşılaşması və rəqabət qabiliyyətinin artması dolların məzənnəsinin möhkəmlənməsi ilə müşayiət olunacaq. Yeni vergilər nəticəsində baş verəcək qiymət dəyişiklikləri ancaq dolalrın 15 faiz möhkəmlənməsi ilə kompensasiya oluna biləcək. Təbii ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) monetar siyasəti və beynəlxalq ticarət münasibətlərinin dəyişməsi dolların məzənnəsini daha da gücləndirəcək. Təbii ki, vergitutmanın hansı malları və sahələri əhatə edəcəyi hələ məlum deyil.Qeyd edək ki, əgər ABŞ-ın vergi siyasətində dəyişiklik baş tutarsa, dolların əsas rəqibi sayılan avronun məzənnəsi 0,85 USD/EUR-a geriləyə bilər.
Ekspert Samir Əliyev isə bildirib ki, son bir ildə manat daha 13 faizdəyərsizləşdi və hazırda proses davam edir: “Devalvasiya geniş əhali kütləsini həm də yeni terminlə- “üzən məzənnə” ilə tanış etdi. Həçmin dövrdən başlayaraq bu termin daha çox əhali tərəfindən xalq yaradıcılığının müxtəlif janrlarında işlənməyə başladı. Son günlər isə hökumətin “tam üzən məzənnəyə” keçid niyyəti devalvasiya ətrafında müzakirələri yenidən qızışdırıb.Üzən məzənnəyə keçidlə əlaqədar yanvar ayından başlayaraq Mərkəzi Bank və Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracları keçirilməyə başladı. Həmin hərracların məqsədi tələb-təklif əsasında manatın gündəlik məzənnəsini müəyyənləşdirmək olsa da hərracın nəticələrinin məzənnəyə təsiri az idi. Hərraclar daha çox valyuta bazarında dollara olan tələbatın səviyyəsinin dəyişməsi tendensiyasını öyrənmək üçün indikator rolunu oynayırdı. Dollar qıtlığı fonunda hərrac məlumatları bazarda spekulyasiya təşəbbüslərini artırmaqla ona neqativ təsir edirdi. Elə buna görə də Mərkəzi Bank hərracın keçirilməsi formatını dəyişmək məcburiyyətində qaldı və məlumatların açıqlanmasınıməhdudlaşdırdı. Təxmini hesablamalara görə, bu günə qədər hərrac vasitəsilə ümumilikdə 5,5 milyard dollar satılıb ki, bunun əsas hissəsi Neft Fondunu üzərinə düşür”.
Ekspertin sözlərinə görə, üzən məzənnəyə keçid elan ediləndə 3 hədəfə nail olunması qarşıya məqsəd qoyulmuşdu: tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması və milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması. “Ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması mümkün olmadı. Mərkəzi Bank manatı qorumaq üçün hətta valyuta ehtiyatlarının daha 20 faizini “qurban” verməli oldu. Baş bankın ehtiyatları il ərazində 5 milyard dollardan 4 milyard dollara qədər azaldı. Milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyəti də təmin olunmadı. Xarici ticarətin vəziyyəti göstərir ki, neftdənkənar ixracımız nəinki artmayıb hətta azalıb. 2016-cı ilin 11 ayında ölkənin qeyri-neft sektoru üzrə ixracı 23,4 faiz, yəni 347 milyon dollar azalıb. Tədiyə balansının tarazlaşdırılması hədəfinə nail olunmayıb. 2016-cı ilin 9 ayında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabında isə kəsirin həcmi 1,1 milyard dollara çatıb. Halbuki üzən məzənnəyə keçiddən əvvəl cari əməliyyatlar hesabında kəsirin həddi 222,5 milyon dollardan çox olmayıb. Amma ötən il üzrə məcmu defisit 9,141 milyard dollar təşkil edib.Üzən məzənnə bəzi texniki prosedurları saymasaq maliyyə sabitliyi baxımından bizə fundamental olaraq heç nə vermədi. Məzənnənin hərracın nəticəsinə yox Mərkəzi Bankı məqsədəuyğun bildiyi səviyyəyə əsaslanması indiki məzənnə siyasətinin əvvəlkindən ciddi fərqlənmədiyini göstərdi. Valyuta satışının açıq valyuta birjası vasitəsilə yox qapalı Bloomberg platforması vasitəsilə həyata keçirilməsi də bazar iştiraçılarının sayını xeyli məhdudlaşdırdı”,- deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, üzən məzənnəyə keçid tam olmadığı və tənzimləndiyi üçün manatın məzənnəsində kəskin dəyişikliklərə imkan verilmədi: “Qonşu Rusiyadan fərqli olaraq Azərbaycanda Mərkəzi Bank manatın idarəetmə ipini əldən vermədi. Bunun üçün pul kütləsini məhdudlaşdırdı, uçot dərəcələrini artırdı, depozit hərracları keçirtdi, əlavə notlar buraxdı və sair. Eyni zamanda, Neft Fondunun büdcə pullarının və Beynəlxalq Bankın sağlamlaşdırılmış aktivlərinin bazara çıxışını məhdudlaşdırdı. Yəni bütün bu inzibati addımlar hesabına manatın kəskin ucuzlaşmasının qarşısını aldı. Monetar qurumun daha çox manatı qorumaq siyasəti pisləşən iqtisadi aktivliyi daha da zəiflətdi. Buna baxmayaraq, manatı əvvəlki səviyyədə saxlamağın mümkünsüz olduğunu anlayan Mərkəzi Bank yumşaq şəkildə devalvasiya prosesini həyata keçirməyə başladı.Bu gün Azərbaycanın maliyyə sistemi “amortizatoru” nasaz olan avtomobilə bənzəyir. “Amortizatoru” pis işləyən avtomobil kələ-kötür yollarda necə güclü çalxalanma verirsə, tam üzən məzənnəyə keçid də maliyyə sistemimizi elə çalxalaya bilər. Belə maliyyə sisteminin taleyini də həmin avtomobilin taleyi gözləyir. Problem isə iqtisadiyyatımızın strukturundan qaynaqlanır. Tam üzən məzənnəyə keçid məsələsində bu amillər nəzərə alınmalıdır”.