Məşhur hotel brendləri Azərbaycandan niyə gedirlər? - İşin içində iş var imiş

21-12-2016, 23:42           

“Jumeirah” brendi və “Jumeirah Bilgah Beach Hotel” sahibkar şirkəti ilə əldə olunan razılığa əsasən “Jumeirah” riteyli Azərbaycanı tərk edir. Qeyd edək ki, tərəflər arasındakı idarəetmə müqaviləsi bu ilin sonunadək, yəni 31 dekabr 2016-ci ildə bitəcək. Bununla əlaqədar olaraq, 2017-ci ildən hotel daha “Jumeirah” adını daşımayacaq. Hotelin hansı ad altında fəaliyyətini davam etdirəcəyi və habelə xarici hotel şəbəkəsi, ya yerli hotel brendi tərəfindən idarə olunacağı barədə məlumat isə konfidensional olaraq saxlanılır. Lakin hotelin rebrendinqə məruz qalacağı ehtimal olunur.
Nəzərə çatdıraq ki, son bir il ərzində Azərbaycan artıq üçüncü hotel brendindən məhrum olur. 2015-ci ilin yayında "Rixos" brendi "Samaxi Platinum Hotel by Rixos"dan imtina edəndən sonra hotel "Samaxi Palace Sharadil Hotel" kimi transformasiya olundu. 2016-ci ilin iyulunda isə "Kempinski" brendi "Kempinski Hotel Badamdar”dan gedəndən sonra hotel "Badamdar Hotel Baku” adı ilə fəaliyyətini davam etdirir. Onu da bildirək ki, bu hotel brendləri ölkəmizdə françayzinq müqaviləsi əsasında fəaliyyət göstərirdilər. Azərbaycan üçün yeni olan frayçayzinq xidməti nədir? Və françayzinq xidməti hansı halda dayandırılır?
Frayçayzinq nədir?
Qulağa qəribə gələn bu söz -françayzinq (və ya franşiza) – bir şirkətin əmtəə nişanının, firmanın texnologiyalarının, idarəetmə sisteminin istifadə hüququnun müəyyən şərtlərlə başqa şirkətə satışı və ya müvəqqəti təqdim edilməsidir. Burada birinci tərəf şirkət, bu hüququ verən – françayzer, hüququ alan tərəf isə françayzi adlanır. Tərəflər kommersiya təşkilatları və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar olar bilər. Françayzinq şirkətlərin brendləşdirilməsində və biznesin genişləndirilməsində alternativ bir model kimi çox maraqlıdır. Françayzinq sahibkarlıq subyektlərinə qarşılıqlı razılaşma yolu ilə fəaliyyətlərini daha da genişləndirmək imkanı verir. Bu sistemdə əsasən iri və kiçik sahibkarlıq subyektlərindən ibarət 2 tərəf iştirak edir. Tərəflərdən biri istehsal və ya təqdim etdiyi mal və xidmətlərdən onların satışını təşkil etmək yolu ilə digər tərəfin də yararlanmasını təmin edir. Bildirdiyimiz kimi, françayzerlər əsasən böyük şirkətlər, françayzilər isə kiçik şirkətlər və ya fərdi sahibkarlar olurlar. Belə bir sistemin tətbiqinin hər iki tərəf üçün böyük faydaları var. Təqdim olunan mal və xidmətlərin satışının daha asan həyata keçirilməsi və bu zaman risk səviyyəsinin aşağı olması françayzerlər üçün ən başlıca faydalardır.
Françayzinqin növləri və hotel biznesində françayzinq
Qeyd edək ki, iş dünyasında istifadə olunan françayzinq biznes modelinin 4 əsas növü var. Bu məhsul / mal françayzinqi, istehsalat françayzinqi, xidmət (servis) françayzinqi, işgüzar və ya sahibkarlıq françayzinqidir. Hotel sektorunda ilk françayzinqin əsasını 1927-ci ildə Horvard Conson qoyur. O, françayzinq müqaviləsi əsasında hotellərini idarə etməyə başlayır. Bu ona əvvəlcə ABŞ-ın şərq sahillərində, sonra orta qərbdə, 60-cı illərdə Kaliforniyada öz biznesini genişləndirməyə imkan verir. Hal-hazırda Horvard Consonun mehmanxana şəbəkəsinə 900-dən çox müəssisə daxildir. Ümumiyyətlə françayzinq mehmanxana sənayesində şirkətin öz fəaliyyətini daha dinamik aparmağa imkan verən konsepsiyadır. Şirkətin kənardan maliyyə cəlb edib daha sürətlə inkişaf etməsi bu konsepsiyanın əsas mahiyyətidir. Mehmanxana sənayesində françayzinqlə məşğul olan ən iri şirkət “Hospitality Franchise System” sayılır. Parsippani şəhərində (Nyu-Cersi ştatı) yerləşən bu şirkətin 5300 oteli var. Onun ardınca “Choice Hotels International” şirkəti gəlir (3130 otel). Bu siyahıda üçüncü yeri “Holiday Inn Worldwide” (2082 otel) tutur.
Françayzinq yolu ilə idarəetmənin mənfi və müsbət cəhətləri
Françayzinq sistemi hər iki tərəf üçün müsbət və mənfi cəhətlərə malikdir. Əvvəlcə müsbətdən başlayaq. Françayzinq sistemində fəaliyyətin əvvəlində planlar paketi ilə yardım göstərilir. Ölkə və dünya üzrə reklamı təmin olunur, mərkəzləşdirilmiş bron sisteminə qoşulur, qonaqlara xidmət göstərmək məqsədilə alınan avadanlıq güzəştlə verilir. Françayzinq müqaviləsinin françayzi üçün mənfi cəhətlərinə gəlincə, bura françayzerə zəruri qəbul haqqı ödənişini vermək, françayzerin tələb etdiyi zəruri tələblərə əməl etmək, françayzerin yarıtmaz fəaliyyəti nəticəsində firmanın nişan imicinin nüfuzdan düşməsi daxildir.
Ümumiyyətlə qeyd edək ki, françayzinq sisteminə qatılmaq üçün ödənilən məbləğ olduqca yüksəkdir. Françayz müqaviləsinə görə lazımlı material və avadanlıq ana firmanın təyin etdiyi mağazalardan alınır, ya da ana firma tərəfindən təmin edilir. Françayzi öz regional tədarükçüsündən daha ucuz satın ala biləcəyi vəsaitləri belə ana firmanın təyin etdiyi yerlərdən almaq məcburiyyətindədir. Françayzi sistemə daxil ödənişindən əlavə, mütəmadi olaraq, aylıq satışın müəyyən bir faizini, yəni royalti əvəzini (1-11%) ana firmaya ödəmək məcburiyyətindədir.
Brendlər niyə gedir?
Göründüyü kimi, sahibkar üçün françayzinq müqaviləsini əldə etmək, qoruyub saxlamaq elə də asan deyil. Hotellərin Azərbaycandan getmə səbəbi də budurmu? Suala cavab vermək çətindir. Çünki hotellər bu barədə susur.
Azərbaycan Françayzinq Mərkəzinin rəhbəri Elnur İslamov Publika.az-a bildirdi ki, françayzinq müqaviləsi şərtlərin özünü doğrultmadığı halda pozulur:
“Bu bəzən royalty faizinin yüksək olması səbəbindən də baş verir. Məsələn, aylıq dövriyyənin 7 faizini ödəyirlər. Hotellərdə bu rəqəm bir az fərqli də ola bilər. Hotel royalty faizini ödədikdən sonra qazancdan özünə çox az vəsait qalır. Yəni biznes elə də rentabelli olmur”.
Ekspert deyir ki, burada daha çox sektorun probleminə diqqət yetirilməlidir:
“Qış sezonudur. Hələ ki ərəblərin ölkəyə axını müşahidə edilir. Hotel biznesində françayzinq bir qədər risklidir. Lakin böyük hotellər var ki, onlar belə bir problemlə üzləşmirlər. Dünyada geniş şəbəkəyə sahib Continental Hotel müştəri ilə əlaqələrini çox yaxşı qurub. “Mariott”, “Hilton” kimi hotellər mərkəzdə yerləşdiyi, işgüzar mühitdə çox tanındığı üçün brendin ölkədən getmə ehtimalı azdır. Jumeirah Bilgah Beach Hotelə gəlincə, yerli müştərilər daha çox qonaqlayırdılar. Görünür, Jumeirah adı hotelə elə də əlavə dəyər qatmadığından 7-12 faiz royalty ödəmək müəssisənin rəhbərliyinə maraqlı gəlməyib”.
O da məlum oldu ki, françayzinq şərtləri pozulduqda müəyyə kompensasiyalar da ödənilir. Yəni addan imtina françayziyə elə də ucuz başa gəlmir.publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.